Xəbərlər

10-cu Bakı Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb.

“Füyuzat”ın məlumatına görə, açılışda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibəyli, Mətbuat Şurasının sədri Rəşad Məcid, digər rəsmi şəxslər, naşirlər, yazarlar, müəlliflər, ictimaiyyət nümayəndələri və oxucular iştirak edib.

Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) anadan olmasının 530 illiyinə həsr edilib.

Sərgidə 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.

Beynəlxalq Kitab Sərgisi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında tədbirlər təşkil olunacaq.

Sərgidə MİMTA Yayımları da öz stendi ilə iştirak edir.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş sərbəstdir.