Köşə Yazıları Muxtar Cəfərli

Ülvi xəyal

Xəyal qurmaq özəlliyi Yaradanın insanlara bəxş etdiyi ən böyük lütflərdən biridir. İnsan onunla həm maddi baxımdan bir çox uğur əldə edə, həm də mənəvi cəhətdən dərinlik qazana bilər. Bu mənada insanın şəxsi və ictimai həyatında özü üçün böyük hədəfləri xəyal etməsi, daim öz-özlüyündə uca bir məfkurə daşıması olduqca əhəmiyyətlidir. Böyük mütəfəkkir Mühyiddin ibn Ərəbi qeyd edir ki, yerinə görə, xəyal ibadət sayılacaq qədər dəyərlidir. Həmçinin o, xəyal və təsəvvür dünyası geniş olan insanların ibadət və zikrdən daha dərin zövq aldıqlarını bildirir. Onun fikrincə, təxəyyülünü xeyir işlərdə istifadə edən, əlbəttə, Haqqın əngin lütf təcəllilərinə məzhər olar, önündə yeni-yeni qeyb pərdələrinin açıldığını müşahidə edə bilər. Elə an olar ki, Quranda təsvir edilən Cənnəti bütöv ehtişam və əzəməti ilə, Cəhənnəmi də bütün dəhşətiylə xəyalında canlandırar. Təbii ki, burada qupquru və hədəfi olmayan təxəyyüldən bəhs edilmir.

Belə bir məşhur deyim var: “Əgər insan haqq ilə məşğul olmasa, batil onu məşğul edər!” Yəni insanın varlığının hikmət və məqsədinə uyğun bir xəyalı, məfkurəsi, idealı olmasa, haqqı bir kənara qoyub bütün zehni və düşüncəsi ilə özünə yönələr, eqosunun əsirinə çevrilər, nəfsinin və şeytanın müxtəlif hücumlarına məruz qalar. Belə olduğu zaman da eqoizmin dar məngənəsindən heç vaxt xilas ola bilməz.

Böyük mütəfəkkir Mövlana Cəlaləddin Rumi: “Məqsəd və hədəfi olmayanın varlığına şübhə edirəm” – söyləyir. Onun düşüncəsinə görə, dünyada unudulmaması lazım olan yeganə bir şey vardır, o da insana yüklənən ilahi əmanətə sahib çıxmaqdır. Özünü tanıyan, varlığını idrak edən şəxs, sözsüz ki, ruhuna yüklənən “ilahi əmanət”in tələblərini yerinə yetirməyə çalışar. Əgər insan hər şeyi unudub təkcə bu hədəfi unutmasa, bu ona kifayət edər. Əksinə, hər şeyi xatırladığı halda onu unutsa, heç bir şey etməmiş sayılar; məsələn, padşah bir şəxsi müəyyən bir iş üçün vəzifələndirsə, o da gedib yüzlərlə iş gördüyü halda, o əmri yerinə yetirmədən qayıtsa, nəticədə heç bir şey etməmiş kimi qəbul edilər. İnsan da bu dünyaya bir qüdsi iş üçün gəlmişdir və onu yerinə yetirə bilməsə, heç bir şey etməmiş kimidir.

Bəli, uca qayələr üçün yaradılmış insan əlindəki külünglə mənlik və eqo dağına vurmasa, Canana gedən yollar açılmaz. Seyid Həmzə Qarabaği bunu nə gözəl tərənnüm edir:

“Canan diləyən dağdağayi-cana düşərmi?
Can istəyən əndişeyi-canana düşərmi?
Girdik rəhi-sevdaya, cünunuz…
Bizə qürur nə gərək?..
Ey dil ki, bu iş şana düşərmi?”

Canan diləyən öz canının hayına qalarmı, öz rahatlığını düşünərmi? Qəlbində can təlaşı, mal-mülk sevgisi ola bilərmi? Hər şeyini, hətta canını belə siniyə qoyub “məqsəd və mətləb Odur!” deyərək tərəddüd etmədən fəda etməzmi? Eşq yoluna qədəm qoyan o yolun dəli-divanəsi olmazmı? Qürur, ad-san, şan-şöhrət arxasınca düşərmi?..

“Şüəra ləşkərinə miri-livadır süxənim!” (Şairlər ordusu üçün mənim sözüm əmr bayrağıdır) deyən Mövlana Məhəmməd Füzulimiz də belə buyurur:

“Canımı Canan əgər istərsə, minnət canıma,
Can nədir ki, onu qurban etməyim Cananıma”.

Məfkurə insanı gecələr “rahatlıq döşəyi”nə uzanıb “qəflət yorğanı”nı üstünə çəkməkdən həya edər, uzun-uzadı yuxunun, rahatlığın nə olduğunu bilməz; məqsədə çatmağın yollarını arayar, daim axtardığını düşünər. Qurduğu xəyalın, idealın eşqi ilə yanıb-qovrular. Bəzən hər bir ahında insanlığın qurtuluşunu xəyal edər. Yay-qış bilməz, yorulub əldən düşəndə bir az durub nəfəsini dərər, sonra dərhal yoluna davam edər. Xalis niyyətlə yola çıxdığı üçün hədəfə çatsa da, çatmasa da, uca Allah onu hədəfə çatmış kimi mükafatlandırar.

Bu bir həqiqətdir ki, insanları mənəvi baxımdan canlı saxlayan uca hədəfləri, idealları, öldürən isə hədəfsizlik və ümidsizlikdir. Hədəfsizlik insana süstlük, iradəsizlik və tənbəllik gətirər. Nəticədə həyatda yalnız öz fani həzz və maddi mənfəətləri uğrunda yaşamağa başlar, kompası olmayan gəmi kimi düzgün istiqamətdə məsafə qət edə bilməz və çox keçməz məhvə sürüklənər. Mövlana Ruminin ifadəsi ilə desək, mənasız hədəflər arxasınca düşmək – uçan quşun yerdəki kölgəsini ovlamaq üçün qaçmaq kimidir.