Köşə Yazıları Vüqar Adil

Nə var ki?..

Asan və çətin… Dəyişən, yerinə görə fərqlilik göstərən iki zidd anlayış… Kiminə asan olan – kimi üçün ən çətin iş kimi görünür. Bir başqası üçün əlçatmaz hesab olunan digərinin iradəsi qarşısında mümkünə çevrilir. Qərar vermək, nəyin asan, nəyin çətin olduğunu seçmək olmur. Olsa belə, nisbi bölgü olur.

Asan və çətin… Yaşamağa məna qatan iki zidd anlayış… Bu seçim insanın nə uğrunda mübarizə aparmasına təsir edir. Bu mübarizədə isə insan həqiqi dəyərini qazanır, özünə yer tutur. Ya çətinliklərin öhdəsindən gələn qəhrəman kimi yadda qalır, ya da hamıdan biri kimi…

Hamının arzuları, xəyalları var. Xəyallara qanad taxıb pərvazlanmağa, arzularda özünü özün kimi görməyib başqa cür təsəvvür etməyə nə var ki?.. Arzunu həyata keçirmək üçün çarpışmaq, dalğalarla üz-üzə gəlməyi gözə almaq çətindir. Arzular reallıqla səsləşəndə daha gözəldir. Bu ikisini bir-biri ilə qarışdırmayıb xəyallarda olanı gerçəkliyə çevirmək üçün mübarizə aparmaq çətindir.

Bir doğmanı sevməyə, öz övladının başını oxşamağa nə var ki?.. Bu, sevginin saflığını göstərməz. Başqalarını da eyni cür sevə bilmək, insanları qruplara, növlərə ayırmadan eyni gözlə görmək çətindir. Bunu bacaran insan sevginin mahiyyətinə varan insandır. Ürəkdən sevən insan təmənna güdməz, məsafələrə baxmaz. Və sadəcə sevər. Təmənnasız sevməyi bacarmaq çətindir.

Açılmış bir yolla, yoldan ayrılıb uzanan bir köhnə cığırla irəliləməyə nə var ki?.. Yer üzündə yol açılmayan nə qədər yerlər qalıb… Həmin yerlərə yollar açmaq, kimsənin ayaq basmadığı yerlərə çatmaq çətindir. Bəzən uzaqlara getməyə də ehtiyac qalmır. Gözümüzün önündə, hər gün getdiyimiz yolların lap kənarında yerləşən və illərdir qapısı açılmayan evlər, həmin evlərdə yaşayan nə qədər insanlar var. Ümidsiz baxan gözlərdə ümid işığı yandırmaq çətindir.

İşıqlı yerdə gəzməyə, hərəkət etməyə nə var ki?.. Zülmətin dərin qatlarına işıqlar saçmaq, işığın çatmadığı yer qoymamaq üçün çalışmaq çətindir. Zülmətin əsiri olan yerlərdə cəhalət hökm sürür. Cəhalət olan yerdə ədalət tapdanır, almaz kimi təqdim olunur, dəyərli olanlar ayaqlar altına atılaraq sağalmaz yaralar vurulur. Cəhalətin qatı düşməni olub bir ömrü irfan, elm yaymaq üçün sərf etmək çətindir.

Hamı kimi olmağa, böyük bir kütlənin kiçik zərrəsini təşkil etməyə, başqalarının içində itib-batmağa nə var ki?.. Fərqlənmək, özünəməxsus olmaq çətindir. Bəzən bir damla rəngli su böyük çəndəki suya qarışıb öz rənginə boyayır, özünü hiss etdirir. Bəzən azlıq çoxluqla mübarizə aparır və məqsədinə nail olur. Amma bu misallar yalnız məqsəd uğrunda çarpışanlar üçün mənalıdır. Düşdükləri rəngə uyğunlaşmağı seçənlər, təklikdən qorxub çoxluğun içində adi biri olmaqla təsəlli tapanlar isə bu nümunəni sevməzlər. Nümunələrdən dərs alaraq doğru addımlarla irəliləmək çətindir.

İstər könüllü, istər çarəsiz şəkildə danışan birinin sözlərini eşitməyə nə var ki?.. Bunu bacarmaq heç kimi ətrafdakılardan fərqləndirməz. Deyilməyən bir sözü duya bilmək, söz dedirtməyə ehtiyac yaratmamaq, bir ürkək baxışda, bir narahat simada gizlənən fikri “oxumaq” çətindir. Belə insan qəhrəmandır, əsl dərd ortağıdır, insan sərrafıdır. Həqiqi dərd ortağı olmaq, inanılmaq, inamı doğrultmaq çətindir.

“Mənə nə var?” – deyib bir kənara çəkilməyə nə var ki?.. “Heç kim yoxdursa, mən varam”, – deyib meydana atılmaq çətindir. İnsanlıq belələrinin intizarındadır. Dəyişikliklər bəhanələr axtarmayan, həll yolları ortaya çıxaran insanların dəmir iradəsi, sarsılmaz əzmi sayəsində mümkün olur. Dəyişdirməyə başlamaq üçün daxildən dəyişməyə başlamaq çətindir.

İnsanların sevgisini, etibarını qazanıb sevilən biri olmağa nə var ki?.. Uzun illər sayəsində qazanılmış etibarı qorumaq, sona kimi eyni qala bilmək çətindir. Pulun, hörmətin, dəyərin dəyişdirə bilmədiyi insan olmaq çətindir. Ürəkdən deyilmiş “Yaxşı ki varsan” sözünə layiq biri olmaq çətindir.

Çətinə düşəndə arxaya baxmadan çıxıb getməyə nə var ki?.. Nə olursa-olsun sona kimi dayanmaq, istədiyinə nail olana qədər çalışmaq çətindir. Sərçə kiçik vücudu ilə soyuğa tab gətirir, özündən daha güclü quşların etdiyi kimi, soyuqlar düşəndə yaşadığı yeri tərk etmir. İstisini yaşadığı yerin soyuğunu da doğma bilir. Vəfa göstərərək sona kimi sadiq yaşamaq çətindir.

Bolluğun içində şükür etməyə, işlərin yolunda getdiyi ərəfədə səbirli olmağa nə var ki?.. Çətinliklər hər tərəfdən axıb gələndə, insanı məngənə kimi sıxanda gülümsəməyi, yıxılmayıb ayaqda durmağı bacarmaq çətindir. Çətinliklərin insanın həqiqi simasını ortaya çıxaran imtahan olduğunu hamı bilir, amma bunu qəbul etmək az adamın hünəridir. İmtahandan üzüağ çıxıb hamıya nümunə göstərilən cürət sahibi olmaq çətindir.

Aynaya baxıb özümüzə qiymət verməyə nə var ki?.. Hər kəsin öz daxilindəki aynaya işıq tutub əməllərinə qiymət verməsi çətindir. Vicdan hər zaman doğrunu söyləyir, doğru seçimi göstərir. Haqq olmayanın vicdanın seçiminə yol tapması imkansızdır. Vicdan haqqın aynası, haqqın səsidir. Bir ömür boyu vicdanı küsdürməyərək yaşamaq çətindir.

Nəhayət! Bu dünyada altmış-yetmiş il yaşamağa nə var ki?.. Əsrlərə sığışdırıla bilməyən ömür yaşamaq çətindir. Adi bir günü tamamlayıb yenə adi bir günə başlamağa oyanmaq üçün yatmaq, yaş üstünə yaş gətirmək hünər deyil. Hünər bu dünyadan köçdükdən sonra da ən azı bir gözəl qəlbdə, bir xoş xatirədə qalmaqdadır… Öldükdən sonra da yaşamaq çətindir…