Bəzən düşünürəm ki, əlimizə fürsət düşsəydi ağlımızdan keçirdiyimiz pis işlərin çoxunu heç düşünmədən edərdik. Həmin dəqiqə, bezmədən, ardıcıllığı pozaraq, tələsik… Sevinməliyik! Sevinməliyik ki, ağlımıza hər gələni edə bilmirik. Yaranmış vəziyyətlər bunu etməyə imkan vermir. Yoxsa nə qədər potensialımızı mənfi yöndə xərcləyərdik. Nə qədər insanları caynağımızdan keçirib yaralayar, təhtəlşüurumuzun heyvani hisslərini vulkantək püskürdərdik. Bu vulkanın qaynar “lavaları” ətrafı yandırıb yaxardı…
Düşünmədən, bir anlıq o qədər səhv sözlər danışırıq, o qədər yanlış davranışlar sərgiləyirik ki. Bilmədən, istəmədən… Fərqinə varmadan. Fərqinə varmaq – o qədər böyük anlayışdır, o qədər böyük nemətdir ki…
İnsanın başına nə gəlirsə, bu neməti dadmadığından gəlir. “Neynirəm dərinliyinə dalmağı, aramağı, həyat qısadır!” deməklə öz təbiətinə qarşı çıxır. Empatiya qurmağı, başqasının ağrısını hiss etməyi bacarmır… Axı çox yorur insanı, əl-qolunu bağlaya, həyata qarşı soyuda bilir, amma və lakin… Hərəkətə gətirmək qabiliyyəti də var bu hissin – yanğının. Qurub-yaratmaq şövqünü də alışdırmağı bacarır. Axı kökündə yanğı var, o yanğı ki hərəkətə gətirən xüsusiyyətə malikdir. Mühərrik necə yanacaqla işə düşür? İnsanın qəlbi də, beyni də, əzaları da yanğı ilə hərəkətə keçməlidir…
Geriyə dönüb baxdıqda yaşadığımız illərin hansı detallarına qədər yaddaşımıza həkk olunduğuna baxaq: yandığımız anlar… Sevincdən, xoşbəxtlikdən də yanmaq olur. Bunun nəticəsidir ki, sevinc göz yaşları var. Necə ki işığın şölə saçmasına da “işıq yanır” deyirik. O yaddaşda qalan anlardır yaşımızı müəyyən edən.
Bizim yanğın zamanı özümüzə zərər verməyimiz ən çox qınadığımız işlərin üzərində vaxt itirərkən baş verir. Od-alov bizi yandırır, külümüzü havaya sovurur, yox oluruq, itib-batırıq. Sanki imtahandan kəsildikdən sonra yenidən dərslərimizə yaxşı hazırlaşmaq əvəzinə, yerimizdə oturub təəssüflənirik, məyus oluruq, hərəkətə gələ bilmirik. Belimizi büküb başımızı masanın üzərinə qoyuruq, bizi səsləyənə də “ııııı” deyib mızıldanırıq. “Aman vermirlər dərdimizlə baş-başa qalaq” deyib hər xırda şeyi belə böyüdüb yükün altında qalmağı, əzilməyi seçirik – “Əl vurmayın! İmkan verin, əzildikcə əzilmək istəyirəm”.
Bir özümüzü təftiş etdikmi? Özümüzü sorğuladıqmı? “Harada mərdiməzar var, gəlib məni tapır?” – deyərkən heç “Niyə?” sualının arxasınca düşdükmü? Yoxsa elə orada qalıb, giley-güzardan, deyinməkdən o tərəfə keçə bilmədik? Böyümədik? Axı həyat bizi eyni yerdən nə qədər vurmalıdır ki, özümüzə gələk? Nə qədər yanmalıyıq ki, mühərrik işə düşsün? Nə qədər, nə qədər, nə qədər…
Fərqinə varmaq – başqasında tez gördüyümüz qüsuru özümüzdə də görə bilməkdir. Görə bilək ki, özümüzlə məşğul olaq, yoxsa həmişə bizimlə məşğul olacaqlar. Yoxsa elə boş-boş işlərin girdabında boğulacağıq…