Köşə Yazıları Təhminə Abdurəhimova

Heç vaxt heç vaxt demə

Uşaqlıqda yazmaq mənə yad idi. Hisslərim vardı, düşüncələrim vardı… amma onları kağızda dilə gətirə bilmirdim. Yazmaq sanki başqasının işi idi, mənim yox. Özümü sözlərlə ifadə etməyə çətinlik çəkirdim. Yazı mənim üçün darıxdırıcı bir dərs tapşırığıydı, heç nə hiss etdirməyən, quru sətirlərdən ibarət bir məşğuliyyət. Və çox düşünürdüm: Bu iş mənlik deyil.

Amma həyatın maraqlı bir dili var: heç vaxt heç vaxt demə.

Həmçinin səs… Səs mənim ilk ifadə vasitəm idi. Uşaqlıqda bilgisayar qarşısında apardığım xəbər verilişi sanki mənə gələcəkdən xəbər ötürürdü. Bu peşəyə ilk addımım babam sayəsində başladı. Babamla hər axşam TV qarşısında oturub xəbərlərə baxardıq. Əlimizdə çay, dodağımızda səssiz gülüş… O isə xəbərləri nə qədər ciddi izləsə də, mənim gözlərimdə oynayan marağı hiss etdikcə uşaqlaşardı. Mən ona çoxlu sual verərdim… çox sual… cavabını bilmədiyim, amma soruşmaqdan doymadığım suallar. Nənəm isə gülümsəyərək deyərdi: “Sən gələcəkdə jurnalist olacaqsan…” Bilmirəm, hiss etmişdi, ya sadəcə dua etmişdi, amma indi bilirəm ki, o anlarda mənim yolum çəkilmişdi.

Bir gün babam xəstələndi. Həmin gün öz yerində oturub xəbərlərə baxa bilmədi. Sakitcə uzanmışdı, mən isə boşluq hiss etdim. O gecə qərar verdim ki, xəbərləri kağıza yazıb sonra babama özüm səsləndirəcəm. Oturub tək-tək xəbərləri kağıza qeyd etdim. Balaca barmaqlar, uzun xəbərlər, böyük bir sevgi…

Səhəri gün babamın yanına keçib ilk “xəbərimi” səsləndirdim. Bəlkə də, o gün mən ilk dəfə ciddiyə alınmışdım, ilk dəfə bir məqsədin içində özümü görmüşdüm. Babamın mənə həvəslə qulaq asması və məni dəstəkləməsi mənim bu həyatta görüb-görə biləcəyim ən böyük motivasiya idi. Çünki artıq 10 yaşımda “mən kiməm?” sualına cavab tapmağa başlamışdım…

İllər keçdi. Yazıdan uzaq olduğumu düşünərkən birdən fərqinə vardım: yazı da bir səs imiş. Sadəcə susan, dinləməyi tələb edən bir səs. Jurnalistikaya sevərək gəldim. Bəli, yazmağı gec öyrəndim. Amma bu gecikmə sevgimi azaltmadı, əksinə artırdı. İndi yazılarımda səsim var, səsimdə yazılar. Hər səsləndirdiyim xəbərdə babamın səsi əks-səda verir.

Bəzən bir xəbəri səsləndirəndə dodaqlarım titrəyir. Çünki orda təkcə faktlar yox, həm də xatirələr var. Babamdan gələn sevgi, uşaqlıqdan qalma arzular, başqasının yazdığı ilk sətirləri səsləndirərkən özümü ifadə edə bilməyimin sevinci…

İndi yazılarımı da sevirəm, səsimi də. Hətta xətalarımı da. Çünki onlar da mənim yolumun hissəsidir. Peşəmi həm yazmaqla, həm səsləndirməklə yaşayıram. Biri ruhumun qələmi, biri qəlbimin səsidir.

Və indi deyirəm: heç vaxt heç vaxt demə. Bəlkə də, bir gün sənin uzaq durduğun şey, əslində, sənin ruhunun bir parçasıdır.

Mən peşəmi seçmədim… Mən xatirələrimi seçdim. Xatirələrimi, darıxdığım insanları içimdə yaşatmaq üçün bu yoldayam. Səsimdə onların nəfəsi, sözlərimdə onların duası var.

Peşəmi sevirəm, çünki bəzi yollar peşə ilə yox sevgi ilə başlayır…