Kazım Kazımov Köşə Yazıları

Qafqazın yeni qaydaları: gücün səssiz yürüşü

Regional güc olmaq sadəcə başqa ölkərə ordu yeritmək, diplomatik notalar vermək, yaxud iqtisadi rəqəmlərlə qürrələnmək deyil. Bu, həm də zamanla yetişən, kök salan, mühüm bir siyasi mədəniyyət və iradə məsələsidir. Azərbaycan bu yolda addımlarını illər əvvəl atmağa başlamışdı. Qarabağ zəfəri ilə isə bu yolun birinci mərhələsi tamamlandı. Daxili dirənişlə möhkəmlənən milli iradə indi xarici meydanlarda yeni sınaqlardan uğurla çıxır.

Azərbaycanın qazandığı qələbə, öz milli torpaqlarına sahib çıxması təkcə regional deyil, qlobal güc balansında da xeyli titrəyiş yaratdı. Bu titrəyiş ilk olaraq Parisdə əks-səda verdi. Fransa – tarixən Yaxın Şərqdə və Qafqazda imperialist xəyallar güdən bir ölkə açıq şəkildə anti-Azərbaycan cəbhəsinə keçdi. Erməni lobbisinin təsiri ilə başladılan bu kampaniya sonda nəticəsiz qaldı. Fransa Azərbaycan əleyhinə nə beynəlxalq bir qətnamə, nə də sanksiya qəbul etdirə bildi. Tarix bir daha göstərdi: haqqın dayandığı yer təcridin mərkəzinə çevrilmir.

Zəngəzur dəhlizinin gündəmə gəlməsi, Orta Dəhliz perspektivinin real gücə çevrilməsi isə bu dəfə İranı narahat etdi. Tehran coğrafi üstünlüyünü itirəcəyini hiss etdikcə sərhəd boyu hərbi təlimlərlə, siyasi ritorikalarla, bəzən siyasətçilərin, bəzən din xadimlərinin dilindən səslənən dolaylı hədələrlə bir müddət regional tarazlığı pozmağa çalışdı. Amma İran da istədiyinə nail ola bilmədi. Azərbaycan geri çəkilmədi. Əksinə, bu mövqedə sabit dayandı. Zaman isə Tehranın əleyhinə işləməyə başladı. İran bu gün ard-arda zərbələr alır: Prezidentin müəmmalı ölümü, Əsəd rejiminin Suriyada devrilməsi, proksi qüvvələrinin zəifləməsi, regionda təsir dairəsinin daralması, İsraillə açıq qarşıdurmalar…

Görünən odur ki, İran artıq özü içəridə və xaricdə problemlərlə üzləşib.

Lakin Azərbaycanın qarşısında indi daha mürəkkəb bir mərhələ dayanır – Rusiya amili. Moskva xüsusilə 2024-cü ilin dekabrından etibarən Azərbaycana qarşı açıq siyasi manevrlərə start verib. Rusiyanın narahatlığı təbiidir. Çünki Azərbaycan təkcə Qarabağ münaqişəsini çözmədi, həm də Qafqazda oyunun qaydalarını dəyişdi.

Azərbaycan bu gün Rusiyanın təhlükəli dominantlığını qıracaq bir alternativ – Orta Dəhlizi fəal şəkildə önə çıxarır. Bu dəhliz təkcə coğrafi bir yol deyil; bu artıq siyasi və iqtisadi gücün yeni xəritəsidir. Azərbaycan bu xəritədə mərkəzi oyunçudur.

Üstəlik, Azərbaycan təkbaşına deyil. Türk Dövlətləri Təşkilatında artan nüfuzu, Qoşulmama Hərəkatında fəal mövqeyi, Pakistan və Türkiyə ilə dərinləşən strateji ittifaqı Bakının güc müstəvisini daha da genişləndirir. Çinlə, Avropa dövlətləri ilə artan iqtisadi-siyasi münasibətlər də rəsmi Bakının önəmini artırır. Gürcüstan hökumətinin belə Azərbaycana tərəf yönəlməsi, Tiflisin Bakı ilə yeni siyasi sinxronluq yaratması əhəmiyyətli bir göstəricidir.

Qafqazı belə görməyə alışmamış Rusiya yeni reallığı qəbul etməkdə çətinlik çəkir. Çünki bu dəfə zəif, parçalanmış, asılı region yoxdur. Bu dəfə onun önündə qələbə qazanmış, öz milli iradəsini təsbit etmiş, Türk və Islam dünyasında dayaq tapmış bir Azərbaycan var.

Regional güc olmaq, əslində, səssiz bir yürüşdür. Bəzən silahsız, bəzən səssiz, lakin daim irəliləyən bir yürüş. Azərbaycan bu yürüşü davam etdirir. Qafqazın yeni qaydalarını artıq Bakı yazır. Bəziləri isə bu qaydaları oxumaqda çətinlik çəkir, ancaq mütləq bizim dəsti-xəttimizi öyrənəcəklər, hərfbəhərf, sözbəsöz.