Hər səhər gözümü açanda mənə nəsə anlatmaq istəyən bir dünya qarşılayır məni. Telefonun zəngi, xəbər lentinin səsləri, reklamların qışqırtısı, insanların ardıcıl statusları… Hamı nəsə deyir, amma az adam nə dediyini düşünür. Mən isə getdikcə daha çox dəyər verməyə başlamışam sükuta.
“Bəzən susmaq danışmaqdan daha gur səslənir”.
Dostlarla bir araya gəlirik, amma hərənin əlində bir telefon. Danışırıq, amma eşitmirik. Dinləyirik, amma anlamırıq. Çünki səslər çoxalıb, məna azalıb.
Gözlər danışardı əvvəl,
İndi dillər yorulub boş sözlərdən.
Bir baxışda səmimiyyət qalardı,
İndi min cümlə də inandırmır adamı.
Bəzən bir yerdə oturub heç nə demək istəmirəm. Nə cavab gözləyən suallar, nə də içində yalan olan təbəssümlər. Sadəcə susmaq… Çünki sükut – qorxulan deyil, görülməyən bir gücdür.
“İnsan ən çox danışarkən gizlənir, ən çox susarkən görünür”.
Düşünürəm, bəlkə də, indiki dövrdə “ağıllı olmaq” səsini ucalda bilmək deyil, sükutda itib qalmamaqdır. Çünki hər şey səslidir artıq: hətta ürək ağrısı da musiqi fonunda paylaşılır, yalan da yüksək səslə deyilir ki, inandırıcı olsun.
Sözlər çarəsiz qaldı içimizdə,
Fikirlər pozuldu görüntülərdə.
Mən artıq səssizliyin içində,
Özümü daha aydın eşidirəm.
Mən sükutun yanındayam. Onda nə yalan var, nə də süni təbəssüm. O mənə sözlərdən azad, amma duyğudan dolu bir dünya verir. İçimdə nə baş verirsə, onu yalnız sükut anlayır.
“Sözlərin gurultusu altında ən çox boğulan – insanın öz həqiqətidir”.
Sonda bir şeyi demək istəyirəm: əgər həyatın səsləri içində çaşqınsansa, bəlkə də, sənə lazım olan bir az sakitlikdir. Qulaqlarınla yox, ürəyinlə dinlə. Çünki bəzən sükut danışar, sözlər isə susar…