Xəbərlər

11 000 illik arxeoloji ərazidə tikilmiş sirli fiqur tapılıb

Cənub-şərqi Türkiyənin təpələrində aparılan arxeoloji qazıntılar dünyanın ən erkən icmalarının ortaya çıxmağa başladığı, 11 000 il əvvəlki həyat barədə bəzi ipucular verir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “AFP” agentliyinin Karahan Tepədəki qazıntı ilə bağlı hazırladığı reportaj və tapıntılarda məlumat verilib.

Tapıntılar arasında tikilmiş dodaqları olan daş fiqur, daş üzlər və hər iki tərəfində ifadəli üzlər olan qara serpentin muncuq yer alıb. Və bu artefaktlar insanda Neolit dövrünün inancları, həmçinin mərasimləri barədə təsəvvürün formalaşmasına şərait yaradır.

Karahan Tepədə qazıntıların rəhbəri arxeoloq Necmi Karul bildirib:

“İnsan fiqurlarının sayının artması oturaq həyatın nəticəsidir. İnsanlar artıq sabit yaşadıqca təbiətdən uzaqlaşdı və insan təcrübəsini kainatın mərkəzinə qoydular”.

Qazıntılar Türkiyənin 2020-ci ildə başlatdığı “Daş Təpələr” layihəsi çərçivəsində aparılıb. Layihə UNESCO irsi sayılan Göbekli Təpəni də əhatə edib. Burada 1995-ci ildən alman arxeoloq Klaus Schmidt qazıntılara başlayıb və ərazi Yuxarı Mesopotamiyada ən qədim meqalit tikililərə ev sahibliyi edib.

Alman Arxeologiya İnstitutundan Lee Clare qeyd edib ki, bu tapıntılar insanların köçəri həyatdan oturaq həyata keçidini göstərib:

“Hər qazıntı bizə həmin insanların həyatına kiçik bir baxış verdi və inancları barədə anlayış qazandırdı”.

İstanbul Universitetindən arxeoloq Emre Güldoğan əlavə edib:

“Karahan Tepe və Daş Təpələr layihəsi yüksək təşkilatlanmış cəmiyyətin simvolik dünyasını və inanclarını göstərdi. Buradakı insan simvolu Göbekli Təpədəki heyvan təsvirlərindən fərqlənir”.