Elmin Nuri Köşə Yazıları

117 yaşlı “Füyuzat” – “Böyük müəllif” və bələdçilər…

117 yaşlı “Füyuzat” – “Böyük müəllif” və bələdçilər…

Dünən Füyuzatçılıq düşüncəsinin incilərini özündə cəmləşdirən və bununla da milli fikir tariximizə misilsiz xidmətlər göstərmiş “Füyuzat” jurnalının 117 yaşı tamam oldu.

1906-cı ilin bu günündə böyük ideoloq, əsl Azərbaycan adamı Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə ilk sayı işıq üzü görən “Füyuzat” jurnalı bəşəri kodekslərlə milli dəyərləri özündə birləşdirən, əsl Azərbaycan mahiyyətinin eskizlərini cızan bir yol göstəricisi oldu…

“Füyuzat” həm də bələdçi idi. Fərddən şəxsiyyətə aparan dolanbac və qaranlıq yollarda əlində məşəl daşıyan bələdçi…

Dağılmış ümmətdən millətə yönələn pilləkənlərdə hər kəsin əlindən tutaraq özünə doğru yuxarı tərəf çəkmək istəyən bələdçi…

Kütlədən cəmiyyətə səyahətin xəritəsini öz əlində tutan bələdçi…

1907-ci ilədək cəmi 32 sayı işıq üzü görən jurnalda Əli bəy Hüseynzadə ilə yanaşı, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi müəlliflər bu üçfunksiyalı bələdçilik missiyasını həyata keçirmişlər…

Amma dərinə getsək, ən böyük müəllifin özü elə “Füyuzat” və Füyuzatçılıq olub…

Bugün az qala hər yerdə, ziyalılıq dəyərini daşıyan hər kəsdə “Füyuzat”ın həmmüəlliflik payı var. Amma biz daha əvvələ varaq. Görün, “Füyuzat” və Füyuzatçılıq nələrin və kimlərin müəllifi olub:

Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Hadinin, Rəsulzadənin, Nəsib bəyin, Topçubaşovun, Ceyhun Hacıbəylinin ağrılı həyatı, sözə sığmayacaq Vətən eşqi, ürəkdən bağlanıb ömürlərini fəda etdikləri milli birlik ideyasının müəllifidir “Füyuzat” və Füyuzatçılıq…

Rəsulzadənin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Ankaradakı məzarından eşidilən dəhşətli  iniltinin müəllifidir…

Üzeyir bəyin ADR-in  Versal  Sülh konfransına göndərilən, bir daha vətənə qayıda bilməyən,  ömrünün sonuna qədər ailəsinə həsrət qalan qardaşı Ceyhun bəy üçün öz məzarının yanında saxlatdırmağı vəsiyyət etdiyi boş qəbir yerinin müəllifidir…

Baş nazir ola-ola qoca atasına məktub yazaraq ondan borca pul istəyən Nəsib bəyin boş cibinin müəllifidir “Füyuzat” və Füyuzatçılıq…

“Füyuzat” və Füyuzatçılıq həm də bütün saylarında, bütün nömrələrində əsas qayə kimi önə çıxan “təmənnasızlıq” anlayışının özüdür…

Füyuzatçılıq missiyasını özündə daşıyan  bütün yazıların bətnində təmənnasızlıq var… O təmənnasızlığın içində böyüyən “milli birlik, mənəvi dirilik” teoremi var…

Bu təmənnasızlığı duymaq Cümhuriyyətin qurulduğu ərəfədə rəsmi dövlət qəzetində – “Azərbaycan”da təmənnasız çalışan, maaşsız işləyən,  bütün işlərini saxlayaraq parlament müxbiri kimi çalışan Üzeyir bəyçiliyi anlamaqdır.

Azyaşlı övladının, gənc xanımının ehtiyacı olmasına baxmayaraq,  elə həmin qəzetdə pulsuz baş redaktorluq edən Ceyhun Hacıbəylini qavramaqdır.

Vəziyyət nisbətən düzələndən sonra baş nazir Nəsib bəy Yusifbəyliyə qəzetdə ona veriləcək qonorarı Ceyhun bəyin adına yazdırmasını xahiş edən Rəsulzadəni başa düşməkdir.

…Və… Həyat tərzləri ilə “təmənnasızlıq” anlayışını hərfbəhərf bir bina kimi tikən bu insanları yaşamaqdır…

Ən nəhayət, bu təmənnasızlığı duymaq Əli bəy Hüseynzadənin Vətən yanğısını, həqiqəti çatdırmaq divanəliyini anlamaqdır… Bu yanğıdan qopan “milli ruh, milli qeyrət”in səsini eşitməkdir…

Nə gözəl ki bu gün “Füyuzat” jurnalı da, Füyuzatçılıq missiyası da yaşamaqdadır. 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən bərpa edilən jurnalın 33-cü nömrədən etibarən baş redaktoru  tanınmış alim, professor Teymur Əhmədov olub. Hazırda bu missiyanı isə Füyuzatçılıq yolunun yorulmaz yolçusu  Mübariz Yunus öz üzərinə götürüb.

Bu həm də  o deməkdir ki, “Füyuzat”ın az öncə dediyimiz “müəlliflik”  missiyası yenə də öz işini görüb. Yenə də təmənnasızlığı bir düstur kimi onların ruhlarına təlqin edərək özünü də yaşadıb…

117 yaşlı “Füyuzat” nə gözəl ki müəlliflik missiyasını Mübariz Yunus, Samir Ramizoğlu, Əsəd Aslanoğlu, eləcə də bütün MİMTA kollektivinin sayəsində yenidən  yerinə yetirir…

Yorulmayasınız, hörmətli bələdçilər!

Yorulmayasınız, BÖYÜK MÜƏLLİF FÜYUZATÇILIQ…