Xəbərlər

140 ildən çoxdur inşası davam edən tikili

140 ildən çoxdur inşası davam edən və hələ tamamlanmamış olan tikili – La Saqrada Familia.

La Sagrada Familia abidəsinin – Müqəddəs Ailə kilsəsinin inşasına 1882-ci ildə başlanılıb. Məlumata əsasən, bu tikinti ilə bağlı təşəbbüsü Jose Maria Bokabella adlı katolik kitab satıcısına məxsus cəmiyyət tərəfindən irəli sürülüb. Bazilikanın ilk memearı Fransisko de Paula del Vilyar olmuşdur. Lakin o bir il sonra layihədən çəkilmiş və tərtibat 1883-cü ildən Antonio Qaudiyə verilmişdir. O, kilsəni öz memarlıq və mühəndislik üslubu ilə dəyişdirərək qotik və əyri xəttli “Art Nouveau” (Modern üslub) formalarında dizayn etdi. Qaudi həyatının qalan hissəsini layihəyə həsr etdi. 1926-cı ildə vəfat edən Qaudi o vaxta qədər kilsənin təxminən 20–25%-ni tamamlaya bilmişdir. Onu da qeyd edək ki, Qaudi kilsənin məzarlığında dəfn olunmuşdur.

Qaudi vəfat etdikdən sonra müxtəlif memarlar abidənin tikintisi ilə məşğul olmuşdur.

1936-cı ildə İspan Vətəndaş Müharibəsi başlayanda Qaudinin orijinal modelləri, planları və bəzi maketləri yandırılmış, məhv edilmişdir. Müharibədən sonra isə bərpa işləri aparılmışdır. 1939-cu ildə Franses de Paula Quintana layihənin idarəçiliyini öz üzərinə götürdü, o, Qaudinin emalatxanasından saxlanılan və dərc olunmuş planlar, eləcə də fotoşəkillərdən istifadə edərək yenidən qurulan maketlə davam edə bildi.

1980-ci ildən isə layihədə kompüter texnologiyalarından istifadəyə olunmağa başlandı ki, bu da tikinti prosesini xeyli sürətləndirdi.

2014-cü ildə binanın 2026-cı ildə Qaudinin ölümünün yüz illiyinə qədər tamamlanacağı gözlənilirdi, lakin pandemiyaya görə işlər fasilələrlə davam etdirlidi. Hazırda isə tikilinin 2034-cü ildə tamamlanacağı gözlənilir.

30 oktyabr 2025-ci ildə La Saqrada Familia mərkəzi qülləsinin bir hissəsi ucaldıldıqda və Ulm Minsteri (161,53 m) ötərək 162,91 m hündürlüyə çatdıqda dünyanın ən hündür kilsəsi oldu. Qüllənin tamamlandığı zaman 172 metrə çatması nəzərdə tutulur.

Tikintinin uzunmüddətli olması (140 ildən çox) həm maliyyə, həm də şəhər planlaması baxımından bəzi problemlərə səbəb olub.

La Saqrada Familia təkcə Qaudinin yaradıcılıq dəhasının zirvəsi deyil, həm də insan iradəsinin zamanla apardığı heyrətamiz bir dialoqudur. Tikinti tamamlandıqda isə bu möhtəşəm əsər memarlıq tarixində həm başlanğıcın, həm də sonsuzluğun simvolu kimi qalacaq.

Ləman Vahid