Yazı bəşər övladının ən böyük ixtiralarındandır. Fikri, düşüncəni, hissi hərfə çevirərək kağız üzərində sətirlərə köçürmək böyük bacarıq tələb edir. Yazının qayalardan sümüyə, dəridən papirusa, nəhayət, kağıza qədər keçdiyi inkişaf yolu uzun əsrləri əhatə etmişdir. Müasir dövrdə isə yazılar daha çox rəqəmsal platformalar vasitəsilə həyata keçirilir.
Salnaməçilər arasında maraqlı bir ifadə var: “Tarix yazılandan bəri…” Doğrudan da tarix yazılandan sonra tarixdə qaldı. O vaxta qədər mühüm hadisələr yalnız şifahi şəkildə nəsildən-nəslə ötürülürdü. Məhz yazıdan sonra tarix özünün “əbədiyyət”ini qazandı və yazının inkişafı nəticəsində zaman keçdikcə “ədəbiyyat”, daha sonralar isə “mətbuat” anlayışı yarandı. Bəşəriyyət tarixi içərisində biz də təqribən oxşar taleyi yaşamışıq. Ədəbiyyatımız qədim tarixə malik olsa da, mətbuatımız ömrünün ikinci əsrini yaşayır.
150 il əvvəl maarifçi ziyalılarımızdan Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşri ilə mətbuatımızın təməlini qoydu. XX əsrin əvvəllərində elm və təhsilə yiyələnmiş vətən övladları dövrün mesenat və milyonçularının dəstəyi ilə qısa müddət ərzində bir-birindən fərqli qəzet və jurnallar nəşr etdirməyə başladılar. Müasir dövrümüzdən o zamana boylandıqda yazarların və texniki imkanların azlığını nəzərə alsaq, çox böyük işlər gördükləri bariz görünür.
“Şərqi-rus”, “Kaspi”, “İrşad”, “Həyat” kimi qəzetlər, eləcə də “Molla Nəsrəddin”, “Füyuzat”, “Dəbistan”, “İşıq”, “Dirilik” və digər məcmuələr indiki jurnalistika və mətbuatımıza qalan qızıl irsdir.
Təqribən yüz il sonra bəzi jurnal və qəzetlərin bərpa olunmasını ziyalılarımızın mətbu irsimizə sadiqliyinin göstəricisi kimi qiymətləndirmək olar. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun hüquqi varis kimi nəşr etdirdiyi “Füyuzat” jurnalını və “İşıq” qəzetini (jurnal formatında) yenidən və fəaliyyətini dayandırdığı saydan başlayaraq nəşrini davam etdirməsi fikrimizə əyani sübutdur. Həmçinin fondun tərcümə heyəti tərəfindən “İşıq” və “Dirilik” məcmuələrinin tam toplusunun transliterasiyası edilərək müasir oxucuya təqdim olunması zəngin ədəbi-mətbu irsimizə ehtiramın ifadəsidir.
Azərbaycanda milli məfkurənin formalaşmasında mühüm rolu olan mətbu orqanlardan biri, heç şübhəsiz, “Dirilik” məcmuəsidir. Bu jurnalın əsas qayəsi xalqı elmə, təhsilə, maariflənməyə təşviq etməklə yanaşı, “dirilmək” zamanının gəldiyini xatırlatmaq idi. Cəmiyyətin milli kimliyini tam şəkildə anlamaması Əliabbas Müznibi “Dirilik” adlı məcmuəni nəşr etməyə sövq etmişdi. Bu işdə ona əsas dəstək verən böyük qardaşı Əbülfəzl Mətləbzadə olmuşdur.
Məcmuənin ilk sayında Müznibin “Məqsədimiz” adlı proqram xarakterli məqaləsində belə deyilir: “Tədqiqatımızda əhalinin yüzdə doxsan doqquzunu hansı dindən, hansı məzhəbdə və hansı millətdən olduğunu bilməyən gördük. Hər bir müsəlmandan “hansı dində, hansı məzhəbdə və hansı millətdənsən?” soruşulduqda “islam dinində, islam məzhəbində və islam millətiyəm” cavabı alınırdı. Yazıq səksən, doxsan il ömür edib din, məzhəb ilə millətinin ayrı-ayrı olduğunu hənuz başa düşməmişdir. Halbuki, islam dinində ərəb, fars, türk millətləri var. Hakəza, xristian ərəblər, xristian türklər dəxi vardır və hər bir dini qəbul edə bilər. Məzhəb də öylədir. Lakin milliyyəti din adı ilə adlandırmaq böyük nöqsandır. Böylə bir millətin yaşamaq ümidində olmağı xətadır”.
“Dirilik” jurnalı Azərbaycan mətbuatının, ədəbi, siyasi və ictimai fikrinin aparıcı simaları – Məhəmməd Əmin Rəsulzadə, Kazımoğlu, Abid Mütəllibzadə, Əbdülxaliq Cənnəti Qafarzadə, Ümmügülsüm, Mikayıl Seydi, Əliağa Vahid, Seyyid Zərgər, Cəfər Cabbarlı kimi ziyalıları ətrafına toplamışdı. 1914–16-cı illərdə cəmi 28 sayı işıq üzü görmüş məcmuə şeir, milli düşüncə, tarix, din, coğrafiya və bir çox elmi mövzuları özündə ehtiva etmişdir.
Cəmiyyətin əksər fərdinə xitab edən bu məcmuənin müasir oxucu və tədqiqatçılar üçün əlçatan olmasında MİMTA Fondunun əvəzsiz rolu olmuşdur. Fond əməkdaşlarının əzmkar fəaliyyəti və ciddi tədqiqatı sayəsində jurnalın indiyə qədər məlum olmayan əlavə 4 sayının aşkar olunması, beləliklə, mətbuatımızın “Dirilik” təmsilçisinin tam halda transliterasiya edilməsi, düşünürəm ki, milli mətbuatımızın 150 illiyinə ən böyük töhfədir. “Amalımız millətimizə və dövlətimizə faydalı olmaqdır” devizi ilə “Füyuzat”, “İşıq”, “Dirilik” kimi jurnallara yeni nəfəs verən fond hədəfinə doğru inamla irəliləyir. Bu yolda cəfakeş mətbuat işçilərinə uğurlar arzulayıram.



