Tarixin səhifələrində nadir hallarda qarşılaşdığımız, lakin dərin iz buraxan şəxsiyyətlərdən biri olan irlandiyalı Ceyms Miranda Barri cəmiyyətin sərt gender qaydalarının hökm sürdüyü dövrdə misilsiz cəsarət və peşəkarlıqla seçilmiş bir şəxs idi.
Əsl adı Marqarit Ann Balkley olan Barri cəmiyyətin qadınlara qoyduğu məhdudiyyətləri aşmaq üçün kişi kimliyi ilə yaşamağa qərar verdi. Bu qərarı sayəsində 1809-cu ildə Edinburq Universitetinin Tibb fakültəsinə daxil oldu və 1812-ci ildə məzun oldu. Bu, qadınların ali tibb təhsili almasının mümkün olmadığı bir dövrdə tarixi bir addım idi.
Barri bioloji olaraq qadın olmasına baxmayaraq, kişi adı və kimliyi altında həkimlik təhsili alaraq, Britaniya Ordusunda hərbi həkim kimi 46 il xidmət edib. Onun həyatı təkcə tibb sahəsində deyil, həm də gender rollarının sərhədlərini sorğulaması baxımından əhəmiyyətlidir.
O, 1813-cü ildə Britaniya Ordusunun tibbi xidmətinə qoşularaq uzun və şərəfli karyerasına başladı. Fəaliyyəti bir çox ölkələri əhatə edirdi. Xidmət etdiyi yerlərdə sanitar şəraitin yaxşılaşdırılması, xəstəliklərin qarşısının alınması və tibbi islahatlar sahəsində mühüm addımlar atdı.
Barrinin ordudakı rütbəsi zamanla yüksəldi və o, “İnspektor-General” vəzifəsinə qədər təyinat aldı. Bu da hazırkı dövrdə baş həkim vəzifəsinə bərabərdir. O, xidmətinin son illərində Kanadada ordunun səhiyyə sisteminə rəhbərlik edirdi.
Barri 1859-cu ildə təqaüdə çıxdı. Yalnız 1865-ci ildə vəfatından sonra onun bioloji qadın olduğu üzə çıxdı. Cəsədini müayinə edən tibb bacısı bu faktı bildirsə də, Britaniya hakimiyyəti bu məsələni rəsmi şəkildə heç vaxt təsdiqləmədi və uzun müddət susqunluq nümayiş etdirdi.
Onun cinsiyyəti ilə bağlı həqiqət ortaya çıxdıqdan sonra, Barri həm tibbi tarix, həm də gender identifikasiyası və hüquqları baxımından böyük müzakirələrə səbəb oldu. Çünki bu hadisə yalnız bir şəxsin həyatı deyil, eyni zamanda cəmiyyətin qadınlara qoyduğu sərhədlərin nə qədər ciddi və eyni zamanda aşılması mümkün olduğunu göstərirdi.
Ləman Vahid



