Hər hansı bir coğrafi obyektə ad verilməsi müəyyən sistem daxilində gerçəkləşir. Bu baxımdan, toponim dilin qanunları ilə yaranan özəl ad olduğu üçün onun mifoloji və ya hər hansı bir əfsanə ilə əlaqədar yozumuna yox, dilçilik qanunları işığında təhlil olunmasına çalışmaq lazımdır.
Son iki min ildə Azərbaycan və Atropaten adlarının etimologiyası haqqında ayrı-ayrı yazarlar müxtəlif yozumlar versə də, “akademik” tarixçilər birinci adın ikincidən törəməsi fikrindən ikiəlli yapışmışlar. Bu adlar arasında dövri əlaqə olmasına baxmayaraq, onlar ayrı-ayrı mənşəli sözlərdir. Birinci ad etnotoponim kimi yaranmış, ikincisi isə titul bildirən “atropat” sözü əsasında formalaşmışdır; birinci adın kökündə azər//asər boyadı, ikincinin kökündə isə “atəş” anlamlı atar//adur sözü durur. Bu fərqi aydın görmək üçün hər iki adın qədim mənbələrdə və sonrakı çağlarda ayrı-ayrı xalqların dilində necə işləndiyini əks etdirən formaları gözdən keçirmək lazım gəlir.
Siyasi-coğrafi anlamda Azərbaycan adı öncə Arazboyu əraziləri və Urmu hövzəsini, sonralar isə Dərbənd, Borçalı, İrəvan, Mosul-Kərkük, Həmədandan güney və doğu bölgələri də əhatə etmiş, bu hüdudlar bəzi çağlarda böyümüş, bəzi dönəmlərdə daralmış, etnik-coğrafi anlamda isə ölkə adının əvvəllər daha geniş hüdudları olmuşdur.
Azərbaycan adının semantikasını açmağa yardım edən formalarını izləmək üçün qədim pəhləvi (part), yunan və ərəb qaynaqlarını gözdən keçirmək lazım gəlir. Sasani sülaləsinin əsasını qoyan I Ərdəşir (226–240) haqqında VI əsrdə yazılmış “Karnamaq i Ardaxşir i Pabaqan”, VI–VII əsr olaylarından bəhs edən yunan tarixçisi Feofilakt Simokattanın 628–638-ci illər arasında yazdığı “Tarix” və XIII əsrdə özündən əvvəl deyilmiş fikirləri şərh edən ərəb yazarı Yaqut əl-Həməvinin “Mucəm əl-buldən” (1224) kitablarında uyğun hissələrə baxaq:
“Və Ardaşir düşündü: Ərmən və Adurhadaqana gedərəm”.
F.Sımokatta yazır ki, 590-cı ildə Xosrov atası Hörmüzdün taxtdan salındığını eşidəndə oturduğu bölgədən Adrabiqana qaçdı.
Yaqut əl-Həməvi bu adı partca “Od evi” kimi izah edənlərə qoşulsa da, başqalarının fikrini və öz canlı müşahidəsini da verir. O yazır ki, əş-Şəmmaxın şeirində Azrəbican şəklində yazılan bu adı əl-Mühəllib Azribican, yerli əhalisi isə Azribacan şəklində işlədir, bəziləri birinci hərf həmzəni maddə kimi qəbul edir, dilçilərə görə bu ad Azər və bican hissələrindən təşkil olunduğu üçün adın nisbəsi birinci hissəsindən azri və azəri şəklində düzəlir və ya azərbi şəklində deyilir.
Müxtəlifdilli qaynaqlarda Azərbaycan adı Azərbiqan, Atarpatkan variantlarına uyğun deyimlər üzrə qeyd olunmuşdur. İslamdan sonra adın sonluğunda məkan bildirən -qan//-kan şəkilçisi ərəb deyiminə (q > c) uyğun olaraq -can forması almış, az işlənən Atarpatkan variantı aradan çıxmış, onun yerini Azərbiqan deyiminə (q > c) uyğun olaraq -can forması almış, az işlənən Atarpatkan variantı aradan çıxmış, onun yerini Azərbiqan deyiminə yaxın olan Azərbaycan variantı tutmuşdur. Beləliklə, eyni ölkənin türk dili əsasında yaranmış Azərbiqan adı ilə qarışıq (part) irandilli mühitdə yaranmış Atrpatkan adı İslamdan sonra vahid məxrəcə salınıb qovuşmuşdur. Bunu nəzərə almayan alimlər Azərbaycan adının etimologiyasından danışarkən bir-birindən fərqli yozumlar vermişlər. Bu coğrafi adı Atropat, Azərbaz və Babək kimi tarixi şəxs adları ilə bağlamaq istəyənlər də olmuşdur. Halbuki, Azərbaycan adının tərkibindəki Azər adı həmin şəxslərin yaşadığı çağdan daha qədim qaynaqlarda vardır.
Bu horonimi şəxs adına bağlamaq gələnəyi Strabonla başlanmışdır. O, Aropatena adının Kiçik Mada ölkəsinin başçısı Atropatın adından yarandığını yazmış və bu yozumu sonralar bir çox yazarlar təkrar etmişlər. Yaqut əl-Həməvi isə qeyd edir ki, İbn əl-Müqəffə`a Azərbican adının Azərbaz ibn Beyvarasif ibn əl-Əsvad ibn Sara ibn Nuh Əleyhissəlamın adı ilə bağlı ortaya çıxdığını yazmışdır. A.Bakıxanov Azərbaycan horonimini Azərbabaqan şəklində bərpa edib ona “Babəkin odu” anlamı vermişdir.
Ölkə adının “Odlar yurdu” poetik deyimi də bəzi etimoloji yozuma öz psixoloji təsirini göstərmiş, part dilindəki atar “od” sözü ilə yaranan Atar-pat ilə türkcənin Azər-bi tərkibi eyni mənada yozulmuşdur. Adın ilk saitindən sonra gələn samitin z ilə yox, Xızır~Xıdır sözlərində olduğu kimi, dişarası z//d ilə yazılması da müəyyən dolaşıqlıq yaratmışdır. Azərbaycan adının farsca və türkcə olan yozumlarını həm türk, həm irandilli variantı üzrə gözdən keçirsək, aydın görərik ki, bu ölkə adını izah etmək istəyən yazarlar onu fərqli praformalarla bərpa etmiş və adın semnatikasını xalq etimologiyasından tutmuş, mənasız söz yığımına qədər çox müxtəlif anlamlarla vermişlər.
- Farsca yozumlar (Ə.Dəmirçizadə; M.Azərli, T.Musəvi, Z.Yampolski;
Yaqut əl-Həməvi; M.Baharlı):
- An-tar-bad-kan “mağlar yurdu”, “atəşpərəstlər ölkəsi”
- Atar-büt-qan “tanrı odunun bulağı”, “od tanrısının yeri”
- Azər-baykan “od evi”, “od qoruyucusu”
- Adər-abadqan “odla abadlaşmış ölkə, torpaq”
- Türkcə yozumlar (Rəşidəddin; Y.Yusifov; M.Seyidov; R.Qurban;
F.Ağasıoğlu):
- Azərbayqan (azər-bayqan) “böyüklərin/bayların uca yeri”
- Adirpati (andlir-pat-i) “dağlı-təpəli düzən yer”, “dağ silsiləsi düzəni”
- Azərbayqan (az-ər-bay-qan) “uğurlu, yaxşıistər Günəş, varlı ata”
- Azəribayqan (az əri-bayqan) “azəri yurdu”
- Azərbiqan (az-ər-bi-qan) “azər boylarının ölkəsi”
Göründüyü kimi, horonimə çeşidli praforma və müxtəlif anlamlar verilmişdir.
Bunların sırasına şəxs adları ilə verilən yozumları da əlavə etsək, bir daha aydın olar ki, adın etimologiyası çox dolaşıq salınmışdır. Azərbaycan adının etimologiyasını sözün sonundan başlamaq daha münasibdir, çünki həm türk (Azərbiqan), həm də fars deyimi (Atarpatkan) -qan//-kan sonluğu ilə işlənmişdir. Bu şəkilçi saqa türklərindən qopub irandilli boylarla qarışan partların (pəhləvi) dilində Hindukan (Hindistan), şahiqan (saray) kimi sözlərdə məkan bildirən çalarını saxlamışdır.
İslamın gəlişindən sonra toponimlərin tərkibində şəkilçi -qun > -can dəyişməsi baş vermişdir. Belə ki, Andiqan bölgə adı sonralar Andican // Əndican şəklini aldığı kimi, Qurqan > Jurcan, Balasaqan > Balasacan tipli onlarla yer adı eyni dəyişikliyə uğramışdır. Ərzincan, Dilican, Zəncan kimi sonu -can şəkilçili toponimlər Anadolu, Güney Qafqaz, İran və Orta Asiya bölgələrində geniş yayılmışdır. Bu baxımdan, Azərbaycan adındakı -can sonluğunun aydın etimologiyası var, onun qədim türk dilində coğrafi termin və etnoponim yaradan -qan şəkilçisini ayıranda horonimin aşağıdakı hissələri qalır:
azərbi, azrəbi, azarbi, azərbay, adərbi
atarpat, atropat, adurbad, aturpat
Adın bu hissəsində son heca olan -bi//-bay və -pat/-bad sözcüklərinin etimologiyası üzərində dayanaq. Qədim yazıların Azərbaycanda qeyd etdiyi Lulubi, Ellipi, Madape, Kaspi yer adlarında lulu-be, elli-pi, mada-be, kas-pi etnonimləri və tatabi, syanbi, telebi türk boyadları etnoponimlərin yaranmasında iştirak edən -bi şəkilçisini ortaya qoyur. Bu baxımdan, qədim çağlarda işlənmiş bod “boy” sözünün sonrakı şəkilçiləşmiş -be//-bi fonetik variantı ilə düzələn azər-bi boyadı türk mühitində yalqız deyildir. Məhz azər sözü boyadı olduğu üçün -bi şəkilçisi ona qoşula bilmişdir.
İkinci sıranı təşkil edən “pat” formantı isə qədim farsca vispati “ev yiyəsi”, orta fars dilində spahpat/spahbed “ordubaşı” kimi sözlərdə olduğu kimi, iran dillərində “qoruyan”, “başçı” anlamında titul yaradan sözcüklərdir. Y.Yusifov atropat sözünün baş kahin vəzifəsini də icra edən hökmdara məxsus dini rütbə bildirdiyini və iran dillərində “od saxlayan” anlamı daşıdığını yazır. Sasani çağında atturpat, sonralar daha çox adurbad şəklində işlənən atarpat sözü yunanca metatezaya uğramış atropat (atrapat) fonetik variantı ilə yazıya alınmışdır. Oda sitayiş çağlarında Azərbaycanda atropat titulunu daşıyan onlarla şəxs olmuşdur ki, bunlardan biri də Makedoniyalı İskəndərə qarşı III Daranın qoşununda bir hissəyə başçılıq edən Kiçik Madanın satrapı və dini başçısı Atropat idi. Görünür, tarxan, qaınata kimi titullar Tarxan, Qam-Ata şəxs adına (antroponimə) keçə bildiyi kimi, autrapat titulu da Atropat şəxs adına çevrilmişdir.
Bəzi yazarların Kiçik Madaya “Atropatın ölkəsi” deməsi qəribə görünməməlidir, Polibi də Azərbaycanı m.ö. II əsrdə hökmdarın (Artabaz) adı ilə “Artabazanın vilayəti” adlandırır. Bu baxımdan, Atropat adına iran, yunan, hay dillərinin məkan və mənsubiyyət şəkilçilərinin qoşula bilməsi normal haldır:
Atropat-(a)kan “Atropatın ölkəsi” (farsca)
Atropat-an “Atropatın ölkəsi” (farsca)
Atropat-ena “Atropatın ölkəsi” (yunanca)
Atropat-ak “Atropatın ölkəsi” (partca)
Atropat-uni-k, atropat-i-çi “atropatlı(lar)” (hayca)
Göründüyü kimi, Azərbiqan adının “Azər boylarının ölkəsi” anlamında türk deyimindən fərqli olaraq, fars, yunan, hay deyimi “Atropatın ölkəsi” anlamında Atarpatkan adına köklənmişdir. Aşırı iranpərəstlər Azərbaycan adının Atropatın adından yarandığını “isbat” etmək istədikləri kimi, bunun əksini söyləyənlər də olmuşdur. Guy Le Strange yazır ki, farsca Azerbazegah adını qreldər (yunanlar) təhrif edib, Atropatene şəklinə salmışlar. Bu yozumların ikisi də yanlışdır, çünki orta fars dilində olan Aturpatakan//Adurbadaqan formasından Azərbaycun formasına keçib inandırıcı olmadığı kimi, daha əski Atarpatkan formasına uyğunlaşıb artıq orta fars dili çağına qədər ortadan qalxmışdı. Həm də nəzərə almaq lazımdır ki, türk deyimi Azərbaycan ilə fars deyimi Atropaten ayrı-ayrı dil zəminində yaranaraq, ayrı-ayrı anlam daşıdığı kimi, onların coğrafi tutumu da fərqlənirdi. Belə ki, I Xosrovun vaxtında Azarbazqanın tərkibinə Ərməniyə, İberia, Aran, Balasakan, Sisakan, Muğan, Deyləm və sair əyalətlərlə bərabər Atarpatkan da daxil idi. İbn Xordadbehə görə, hələ I Ardaşir çağında bütöv bu əyalətlərin hökmdarı Azarbazqan-şah adlanırdı. Atropatenanı da içinə alan Azərbaycan daha geniş siyasi-inzibati və etnik-coğrafi anlam daşımışdır.
Öncə titul kimi yaranan atropat sözünün sonralar antroponim kimi işlənməsi təbiidir. Lakin məsələ burasındadır ki, burasındadır ki, bu söz də türkmənşəli od sözündən yaranıb, çünki hind-iran və slavyan dillərində “od” anlamlı iki söz vardır; bunlardan biri hind-avropa mənşəli *oqnis II *eqnis, o biri isə türkmənşəli *ot sözü ilə yaranmış atar/adur sözüdür. Bu söz pəhləvi dilində atuxş “od” formasını alıb, bumeranq söz kimi atəş şəklində azər dilinə qayıtmışdır.
Yuxarıda “azər boyu” anlamı daşıyan azərbi sözünün tərkibində “azər” etnonimi və şəkilçiləşmiş “bi” sözcüyü olduğunu demişdik. İndisə azar etnoniminin etimologiyasını açmaq üçün hansı anlamda işləndiyini, tərkibində hansı sözlər olduğunu, hansı fonetik variantlar üzrə dəyişdiyini m.ö.VIII–m.s.VIII əsrlər arası qədim qaynaqlarda gözdən keçirək:
Azari şəhəri – Urmu gölü ilə Kərkük arasında (m.ö.VIII əsr)
Azar bölgəsi – İrəvan çuxurunda (I əsr, Strabon, XI. 14. 3)
Azarı məbədi – Madanın güneyində (I əsr)
Azara şəhəri – Azaq dənizi yaxasında (II əsr, Ptolemey, V. 8. 2)
Azaraba (Azəroba) – Azaq-Kuban arasında (II əsr, Ptolemey, V. 8. 26)
Azər – İbrahim peyğəmbərin atası (Quran)
Azər-tepe “azər təpəsi” (Türkmənistan)
Azar-türkman oymağı (Anadolu)
Azeru-çay (Gürcüstan)
Azeru-kənd (Astara)
Örnəklərdən göründüyü kimi, Azər adı Göytürk (VI-VIII əsrlər) yazılarına qədər asur və yunan-latın qaynaqlarında yer almışdır. Göytürk yazılarında az boyu (az budun), az əri deyimləri aydın göstərir ki, adı çəkilən yer adlarında azər “az” və “ər” sözlərindən yaranmış bir etnonimdir. Deməli, Azərbe//Azərbi adının əsasını azər boyadı təşkil edir, onun da kökündə az boyadı durur. Türk dillərində eyni funksiya daşıyan şəkilçilərin ardıcıl işlənmə olayı vardır. Belə ki, əvvəl qoşulan şəkilçi bir müddətdən sonra qoşulduğu köklə bütöv söz kimi qavranılır və yeni mühitdə sözün leksik mənası yeni şəkilçi ilə təzələnir:
az (boyu) + ər = azər (boyu) + bi = azərbi (boyu)
Tört-as, ceti-as (yeddi-as), toqıs-as, caman-as, kızıl-as, kataqan-as, baylak-as, kenqer-as, as-saray, as-alan, as-quşçu və sair boyların içində yayılmış asların qədim türk soylarından olması heç bir şübhə doğurmur. Başqord, qazax, qırğız, özbək, bulqar (tatar), qaraçay-balkar, altay, türkmən və azər xalqlarının soykökündə durması və bu etnonimlərin çox geniş areala yayılması bir daha göstərir ki, as/az boyadı prototürk çağında yaranmışdır.
Yuxarıda deyilənlərdən aydın olur ki, Atropaten adı “od-ər” (atar) modelində düzəlib “atəş qoruyan” (atar-pat) anlamlı titul əsasında pəhləvi-fars dillərində yaranıb daha çox yunan-hay qaynaqlarında əks olunmuşdur. Azərbaycan adı isə “azər boyu~” və “azər boyları” (azər-bi) etnonimi əsasında yaranmış və müxtəlif dilli qaynaqlarda əks olunmuşdur:
atur (od-ər) + pat + kan = Aturpatkan > Atropaten
azər (az-ər) + bi+ qan = Azərbiqan > Azərbaycan
Beləliklə, qarşımızda ölkəmizin adını bildirən iki müxtəlif xoronim vardır. İrandilli mühitdə yaranan “Atropatın yurdu” anlamlı Atropaten adından fərqli olaraq, Azərbaycan adı türk mənşəli etnotoponimdir və “Azər boylarının yurdu” anlamı ilə daha geniş etnik coğrafiyanı əks etdirir.
Prof. Firudin Ağasıoğlu