Ədəbiyyat Vüqar Adil

Manqurtlar

Tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun qələmə aldığı “Gün var əsrə bərabər” romanı ötən əsrin 80-ci illərinin ədəbiyyatında xüsusi yer tutan hadisələrdən biri olmuşdur. Bütöv bir əsrin hadisələrinin bir günə sığdırılaraq ustalıqla təqdim olunması, həm insanın kosmosa uçması, həm də cəmi iki-üç ailənin yaşadığı, sivilizasiyadan uzaq dəmir yolu stansiyasının mövcudluğu kimi təzadlı qarşılaşdırmaların yer alması, milliliyin təbliğ olunması əsərin bədii dəyərini artırmış, ona dərin marağın oyanmasına səbəb olmuşdur. Əsəri məşhurlaşdıran digər bir məqam isə ana süjetə əlavə olaraq artırılmış, lakin belə demək mümkünsə, əsərin özəyini təşkil edən əsas hadisələri öz kölgəsində qoymağı bacaran manqurt mövzusudur. Bir çox dillərə tərcümə olunaraq yayılmış, əsasında bir sıra filmlər çəkilmiş, tamaşalar hazırlanmış manqurt mövzusu ədəbiyyata məhz bu roman vasitəsilə gəlmişdir.

Manqurt yaddaşını itirmiş, milli kimliyindən uzaq düşmüş insandır. Romanda deyildiyinə görə, qəddarlığı ilə ad çıxarmış juanjuanlar ələ keçirdikləri əsirlərin başlarını keçəl qırxaraq yan-yana düzür, sonra dəvənin dərisini soyaraq isti-isti onların başlarına keçirir, daha sonra əllərini, ayaqlarını bağlayıb günlərlə qızmar günəşin altında saxlayırdılar. Günün təsirindən büzülən dəri onların başlarını sıxır, nəticədə yaddaşlarını tamamilə silirdi. Proses o qədər əzablı olurdu ki, əsirlərin çoxu bu ağır işgəncəyə dözə bilməyib ölürdü. Ölüm onlar üçün qurtuluş sayılır, ölümü sevinclə qarşılayırdılar. Daha dözümlü olanlar isə yaddaşı dünyaya yeni gəlmiş körpənin yaddaşı kimi “tərtəmiz” olan manqurta çevrilirdilər. Bu cəhətinə görə manqurt ən bahalı kölə hesab olunurdu. Çünki düşünmək qabiliyyətini itirdiyindən qaçmaq barədə fikirləşməz, ağasına heç bir şəkildə etiraz edə bilməzdi. Onlardan ən ağır işlərdə istifadə olunardı.

Əsərdə haqqında danışılan Nayman ana əsir düşərək manqurta çevrilmiş oğlunu tapmaq və geri qaytarmaq üçün yola çıxır. Səhranın dərinliklərində oğlunu tapan ana onun yaddaşında kiçik də olsa, bir oyanışa nail olmaq üçün əlindən gələni əsirgəmir. Lakin onun bütün səyləri nəticəsiz qalır. Yeganə oğlunun başına keçirilmiş dəri öz işini görmüşdü. Dünya ədəbiyyatının yaddaqalan simalarından biri olan Nayman ana ağalarının əmri ilə yayı əlinə alan oğlunun atdığı ox ilə canını tapşırır. Manqurtun bütün müqəddəs dəyərlərdən məhrum olması bu səhnədə özünü bütün dəhşəti ilə büruzə verir.

Bu hadisə bizə çox uzaq olan bir tarixdə baş vermişdir. Hazırda juanjuanlar adlı bir millət, bir tayfa mövcud deyil. Dini və ya dünyəvi olmasından asılı olmayaraq qüvvədə olan hüquq sistemlərinin hamısı insanın insan üzərində hakimiyyət qurmasına, insan haqlarının tapdanmasına qarşıdır. Deməli, müasir dövrdə işgəncələrə məruz qalaraq manqurta çevrilmiş insanların var olması heç cür düşünülə bilməz. Bu söz artıq köhnəlmişdir, yalnız kitablarda bu kəlməyə rast gəlmək mümkündür. Lakin yaddan çıxarmaq olmaz ki, manqurt sadəcə bir bədii əsərin mətnində özünə yer tapan adi söz deyil. Bu söz rəmziləşmiş  simvoldur. Dövrlər dəyişib bir-birini əvəz etsə də, manqurtlaşma, daha doğrusu, manqurtlaşdırma prosesi öz axarı ilə davam etməkdədir. Müxtəlif tarixi mərhələlərdə manqurtları fərqli adlarda, fərqli mövqelərdə, fərqli libaslarda görmək mümkündür. Milli mənsubiyyətini dananlar, mənsub olduğu xalqın tarixindən, etnoqrafiyasından xəbərsiz olanlar, özünü başqa millətlərə calaq etmək üçün yorulmadan cəhd göstərənlər müasir dövrün manqurtları deyilmi? Bəs Qərb xəyalı ilə yatıb Qərb xəyalı ilə oyanan, bütün davranışlarında onları təqlid edən, öz ölkəsində heç də hamı tərəfindən tanınmayan bir alimin, filosofun aforizmləri ilə nitqini bəzədiyi halda, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizin hikmət, fəzilət dolu minlərlə hədisindən biri ilə də tanış olmayan, dinindən, dilindən, milli adət-ənənələrindən xəbərsiz insanlara nə ad vermək olar? Yoxsa özündən asılı olmayan səbəblərin təsiri ilə yaddaşını itirib anasını tanıya bilməyən manqurt beşiyinin başında anasının layla oxuduğu doğma dilindən şüurlu şəkildə imtina edib əcnəbi dillərdə danışmağı müasirlik hesab edənlərdən daha təhlükəlidir? İstər ədəbiyyat, istər musiqi, istər memarlıq, istərsə də incəsənətin başqa sahələrində dünyaya misilsiz dühalar bəxş edən Azərbayjan mədəniyyətinin başqa mədəniyyətlərdən yoxsul olduğunu söyləmək hansı təfəkkürün məhsuludur?

Bəli, manqurtlaşma bu gün də davam edir. Juanjuanlar olmasa da, keçmişin unutdurulması, beyinlərin yuyulub “tərtəmiz” hala gətirilməsi bu gün də aktual olan hadisələrdəndir. Romanda bəhs olunan Nayman ana vətəni, onun oğlu isə vətənin fərdlərini təmsil edir. Milli-mənəvi dəyərlər, tarix şüuru qorunduqca Ana oğul üçün əvəzsizdir, qiymətlidir. Lakin kənar müdaxilənin təsiri ilə bu dəyərlər aradan götürüldükdə Ananın süqutu baş verir. Ən acınacaqlısı isə odur ki, bu süqut övladın öz əli ilə həyata keçir.

Milli-mənəvi dəyərlərimizə göstərdiyimiz biganəlik – bilavasitə Vətənə qarşı biganəlikdir. Axtarsaq, bu biganəlik üçün səbəb tapa bilmərik. Boylanıb geriyə baxdıqda bizə utanc hissi yaşadan, başımızı aşağı edən bir keçmişlə qarşılaşmağımız mümkün deyil. Əksinə, əxlaqi dəyərlər çərçivəsində hərəkət edən, azadlığı zillətdən üstün tutan, təmiz adı, etibarı heç bir sərvətə dəyişməyən atalarımızın bizim üçün zəngin mədəni miras qoyduğunun şahidi oluruq. Bu miras bizim keçmişimizdir, eyni zamanda gələcəyimizin bünövrəsidir. Biz bu dəyərlərə sarıldıqca güclüyük. Daha möhkəm sarılmağımız bizi daha güclü edəcəkdir. Yurdumuzu düşmən təhlükəsi bürüdükdə bizi yumruq kimi birləşdirən atalarımızdan miras qalan qəhrəmanlıq duyğusu olmuşdur. İçimizdəki insanlıq sevgisinin, öyrənmə, elm artırma istəyinin, səmimiyyətin, qəlb genişliyinin, səbrin kökləri də yenə keçmişə uzanmaqdadır. Müdriklik axtarışına çıxmaq istəyiriksə, bunu hansısa məchul mənbələrdə yox, öz keçmişimizdə axtaraq. Atalarımızın bizə ən qiymətli mirası olan milli-mənəvi dəyərlərin həqiqi qiymətini bilək!