Elmin Nuri Köşə Yazıları

Orta əsrlərdə Azərbaycanın elmi mərkəzləri – ARAŞDIRMA

“Darül-İrşad”

1514-cü ildə Maku yaxınlığında Çaldıran düzündə Şah İsmayılı məğlub edən Sultan Səlim o gündən sonra demək olar ki, rahatlıq tapmadı. Osmanlı alimləri məğlub olmuş Səfəvi dövlətinin müdrikləri ilə söhbətdən sonra heyrətlərini gizlədə bilmədilər. Onlar bu qədər dərin və sağlam təməl üzərində qurulan, özülündə saf ruhla dərin zəkanın durduğu dövlətin Çaldıran döyüşündən sonra qətiyyən çökməyəcəyinə inandılar.

Sultan Səlimi də alimlərin bu ehtimalı narahat edirdi. Alimlər şah və onun qoşunundan da çox Səfəvilərin elmi mərkəzlərinin, mədrəsə və xanəgahlarının təhlükəli olduğunu sultana demişdilər. O anladı ki, İsmayılın babası Şeyx Səfiəddindən gələn yolun, o yolun özəyini təşkil edən elm və irfanın bazasında formalaşan Səfəvilər bundan sonra da Osmanlıya qarşı mübarizə aparacaq. Əslində, bu mübarizə qanı və ruhu, inanc sistemləri bir olan iki dövlətdən heç birini – nə Osmanlının, nə də Səfəvilərin xeyrinə deyildi. Avropa missionerləri, Romadakı Papa hakimiyyəti bu iki yaxın dövləti bir-biri ilə müharibəyə sövq etməklə bütün Şərqi və onun intibah dövrünü yaşayan düşüncə sistemini çökdürmək istəyirdi. Çox təəssüf ki, onlar bu yolla öz məqsədlərinə çata bildilər…

Sultan Səlim isə inadından əl çəkmirdi. Doğrudur, sonradan onun başladığı səhvi oğlu Sultan Süleyman qismən də olsa düzəldəcəkdi. Şah İsmayılın oğlu Təhmasiblə 1555-ci ildə imzaladığı Amasya sülhü Avropa fitnəkarlarına əsl zərbə olacaqdı. Lakin Süleyman və Təhmasibdən sonra Osmanlı–Səfəvi müharibələri yenidən alovlanacaqdı.

Saray alimlərinin Sultan Səlimə verdiyi məlumat onu fikir dünyasına qərq etmişdi. O, necə olursa olsun, Şeyx Şəfi və onun tətbiq etdiyi sistemi Osmanlıya gətirməyi düşünürdü. Şeyx Səfinin “Darül irşad” adlı elm ocağında əsasını qoyduğu və nəticədə Səfəvilər kimi nəhəng imperiyanın yaranması ilə meydana gələn təfəkkür sistemi mütləq Osmanlıya da yol açmalı idi.

Alimlər Sultan Səlimə Azərbaycanın ən böyük elmi mərkəzlərindən biri olan “Darül irşad” və onun əsasını qoyan Şeyx Səfi haqqında aşağıdakı məlumatı vermişdilər:

“Şeyx Səfiəddin 35 il irşad və təlimatlarla məşğul olmuş, çoxlu tələbələr yetişdirmişdir. Onun ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illər olub. Şeyx Səfiəddinin şöhrəti tezliklə bütün Şərq dünyasına, Şərqi Romaya, Suriyaya, Hindistana yayılmışdır. O, Şərqdə irfan və din sahəsində yeganə şəxsiyyət kimi tanınmış, bütün məzhəb və təriqətlərə mürşid və ustad ola bilmişdir.

Şeyx Səfi dövrünün ən böyük bilgələrindən olub. 35 il ərzində Şeyx Səfiəddinin nüfuzu o qədər artdı ki, dövrün hökmdarları belə onunla hesablaşmalı oldular. Məhz bu böyük nüfuz sayəsində Ərdəbil və onun ətrafı əmin-amanlıq mülkünə çevrilmiş, hətta Monqolların Xacə Rəşidəddin kimi çox şöhrətli bir vəziri ona mürid olmağı özünə şərəf bilmişdir.

Şeyx Səfiəddin Ərdəbili təriqət başçısı olmaqla yanaşı, şöhrətli alim və şair olmuşdur. Onun yaradıcılığı sırf sufi-mistik xarakteri daşıyır. Onun əsərləri təsəvvüf ədəbiyyatının mühüm mərhələlərindən birini təşkil edir.

Şeyx Səfiəddin Ərdəbildə “Darül-irşad”ın (Hidayət evi) başında dururdu. Tam bacarığı ilə təqiyyə prinsipinə əməl edərək elə bir dünyagörüş nümayiş etdirirdi ki, ayrı-ayrı İslam məzhəbləri və təriqətləri də onun mənəvi xəzinəsindən qidalanırdı. Səfəviyyə təriqəti özünəməxsus bir təşkilat vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında “pir”, yaxud “mürşid” dururdu. Əsas iş mürşid ilə müridlər arasında vasitəçi rolu oynayan xəlifənin üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər, həm də rəhbərlə birbaşa əlaqədə olurdu. Xəlifələr və sufilər tabeçilikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi.

“Darül irşad” dünyəvi işlərə, dövlət idarəçiliyinə qarışmırdı. Sizinlə döyüşdə məğlub olan Şeyx Cüneydə kimi belə də davam etmişdi. Ancaq “Darül-irşad” Şeyx Cüneyddən başlayaraq siyasi məsələlərlə də maraqlanmağa başladı. Uzun müddət təşkilata rəhbər olan Ərdəbil piri bu təşkilatdan təriqəti və ideoloji məsələlər üçün istifadə etdi, həm də oranı böyük bir hərbi və siyasi təşkilata çevirdi. Siyasətlə təriqət birləşərək Səfəviyyə ideologiyasını formalaşdırdı. Belə bir zamanda Şeyx Səfiəddinin formalaşdırdığı şiizm-sufizm ideologiyası mahiyyəti etibarı ilə siyasət və hakimiyyətdən uzaq qala bilməzdi və istər-istəməz “Darül-irşad”a rəhbərlik edən pir siyasi hərəkatlara da qoşulmalı idi. Şeyxdən sonra bir-birinin ardınca Sədrəddin, Xacə Əli İbrahim, Şeyx Cüneyd, Şeyx Heydər və nəhayət Şah İsmayıl Ərdəbil “Darül-irşad”ına rəhbərlik etmişlər.

Bu müqəddəs ocaqdan Şeyx Cüneyd, Şeyx Heydər, Şah İsmayıl kimi başçılar yetişdi. Şeyx Səfiəddinin nəvəsi Şah İsmayıl Təbriz şəhərində özünü şah elan edənə qədər Cənubi Azərbaycanda əsas təriqət mərkəzi, elm və irfan məbədi kimi baş şəhər rolunu “Darül İrşad” oynadı. Bu elm ocağının sayəsində 200 ildən sonra Şeyx Səfiəddinin əsasını qoyduğu Səfəviyyə təriqətinin tərəfdarları və Səfəvi övladları hakimiyyətə yiyələnirlər”.

Alimlər bu müraciətlə nəyə ümid edirdilər. Onlar çox istəyirdilər ki, Sultan Səlim bu cür elmi təmələ malik olan dövlətlə sülh bağlasın. O zaman hər iki imperiya daha da güclənəcəkdi. Lakin alimlərin bu niyyəti baş tutmadı. Sultan Səlim “Darül irşad” məktəbinin mahiyyətini onlar qədər başa düşmürdü…

Seyid Yəhya mədrəsəsi

1426-cı ilin soyuq qış ayları… Şamaxıdan Bakıya gələn əli əsalı, çiyni heybəli bir dərvişin yorğun görkəmi yolçuların diqqətindən yayınmırdı. Lakin kimsə fərqinə varmırdı ki, onu yoran uzun yol yox, sufi ocağının adına yaraşmayan, mənəviyyatını kirləyən hadisələrdir. O, bununla barışa bilmədiyi üçün Şamaxıdan Bakıya pənah gətirir.

Həmin qış Şirvan şeyxi Sədrəddinin ölümündən sonra oradakı xanəgahda mürşidin kim olacağı üstündə mübahisə başlanır. Şeyx Sədrəddin ölümündən qabaq hamının yanında ən sevimli müridi, gələcəkdə xəlvətilik cərəyanının “piri–sanisi” adlandırılacaq Seyid Yəhyanı öz yerinə mürşid təyin edir. Amma şeyxin ölümündən sonra təkkədə onun zəkasını qəbul edə bilməyən dərvişlər Seyid Yəhyanın mürşid seçilməsinə qarşı çıxır. Nəticədə Pirzadə adlı mürid dərgahın şeyxi olur. Bununla barışa bilməyən Seyid Yəhya Şamaxıdan Bakıya yol alır. Amma nə o, nə də Şamaxıdakı sufi dərgahının müridləri bilmirdilər ki, bu səfər Seyid Yəhyanı Şərqin böyük müdriklərindən birinə çevirəcək. Birbaşa Şirvanşah Xəlilullahın özündən dəstək alan Seyid Yəhya Bakıda məşhur elm ocaqlarından birinin – Seyid Yəhya mədrəsəsinin əsasını qoyacaq. Bu elm ocağının əsas proqramı xəlvətiyə təriqətinin təbliği olsa da, dövrün bütün dünyəvi elmlərinə də yer verilirdi.

Seyid Yəhya Bakıya gələndən sonra Şirvanşah I Xəlilullahın yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açır. Seyid Yəhya Bakıdakı xanəgahın inşasında Şirvanşah I Xəlilullahın yardımçı olmasını əsərlərində dönə-dönə qeyd edir. Bir dərgahdan daha çox elm ocağı rolunu oynayan Seyid Yəhya mədrəsəsi Şərqin bir çox ölkələrindən olan insanları özünə cəlb edir.

Şirvanşah I Xəlilullah ilə aralarındakı yaxın münasibəti göstərən əlamətlərdən biri də Seyid Yəhyanın “Kəşfül-qülub” əsərini Şirvanşaha ithaf etməsidir. Belə ki Seyid Yəhya əsərin girişində bu ifadələri işlədir: “Bu risaləni uca ədalət əmiri, aləmdəki bütün sultanların ən şərəflisi, Xəlilür-Rəhmanın adaşı, sultan ibn sultan Əmir Xəlilullahın gündən-günə artan dövlətinin (qüdrətinin – red.) vasitəsi ilə tapdığım əmniyyətlə yazdım”.

Seyid Yəhya 1466-cı ilə qədər həmin elm ocağından kənara çıxmadı. Dünyanın dörd tərəfindən yanına axışan mürid və tələbələr onun elmindən, irfanından yararlandılar. Seyid Yəhya mədrəsəsi haqqında əfsanələr dildən-dilə dolaşdı. Deyilənə görə, ömrünün sonunda Seyid Yəhya altı ay heç nə yemədi, yalnız hər on beş gündən bir iftarını açdı. Daim öz hücrəsinə çəkildi. Öləndə isə, müridlərinə onun üçün yox, Şirvanşah Xəlilullah üçün dua etməsini istədi. Baxmayaraq ki, Şirvan şahı 8 ay əvvəl ölmüşdü. Amma Seyid Yəhya can üstündə olan vaxt da müridlərindən onun üçün deyil, Xəlilullah üçün rəhmət oxunmasını istədi. Səbəbini soruşanda isə belə dedi: “O, dünyada ən vacib işi gördü, elmə dayaq oldu. Bir elm ocağı tikən adam bütün alqışa və rəhmətə layiqdir”.

Məlhəm məktəbi

Orta əsr mənbələrində Şamaxı Akademiyası kimi də tanınan bu elm və sağlamlıq ocağının əsası XII əsrdə qoyulub. Məşhur Azərbaycan şairi Xaqani Şirvaninin əmisi Kafiyəddin Ömərin yaratdığı elm ocağına Şərqin bir çox ölkələrindən gəlirdilər. Bura gəlişin iki məqsədi olurdu: bəziləri şəfa tapmaq, sağlamlıqlarına qovuşmaq üçün təşrif buyururdular ki, onların sayı-hesabı yox idi. Bəziləri isə, burada tədris olunan dünyəvi və ilahi elmləri dərindən öyrənmək üçün Məlhəmə pənah gətirirdilər.

Məlhəm təhsil ocağının məzunları uzun müddət Azərbaycan və ətraf ölkələrin əsas elm xadimləri kimi tanındılar. Bu xüsusda Xaqaninin əmisi Kafiyəddin Ömərin rolu çox böyük olub. Adı İbn Sina ilə yanaşı çəkilən, böyük təbib-filosof hesab edilən Ömər Osmanoğlu Məlhəm məktəbində təbabəti fəlsəfə və başqa elmlərlə sintez etməyə cəhd göstərirdi. O, xarici mühitin insan fiziologiyası və patologiyasına təsirinin öyrənilməsinə çox geniş yer verirdi. Məsələn, o, Günəşin təsirindən o qədər danışır ki, onun doğulduğu yer “Dədə Günəş” adı ilə tanınır. Qeyd edək ki, həmin ərazi indi də bu adla məşhurdur. Kafiyəddin Ömərin təşkil etdiyi təhsil ocağının nəzdində kimyaçılar da fəaliyyət göstərirdilər. Ömər və onun davamçılarının elmdə əsas nailiyyətlərindən biri yalnız faktlara və müşahidələrə əsaslanmaları və onların dərin təhlilini vermələri idi. Demək olar ki, onun təşkil etdiyi akademiyanın tibbi şöbəsi ilk növbədə Azərbaycanda klinika tədqiqat metodlarını yaymağa başlayır.

Ömərin Məlhəm Akademiyası ilə yanaşı, ikinci şah əsəri Şərqin böyük şairi, dahi Nizaminin özünə müəllim hesab etdiyi Xaqani Şirvanidir. Xaqani Öməri özünün əsas müəllimi hesab etmiş və şair kimi formalaşmasında ona borclu olduğunu bildirmişdi:

Əmim simurq kimi sərf edib əmək,
Qanadı altına alaraq Zaltək
Qaldırdı biliyin Qafına həmən.
Bəsləndim onun öz yuvasında mən.
O oldu həmişə mənə mehriban,
Yaralı könlümə o qoydu dərman.
Gördü söz mülkünə mən bir hakiməm.
Adımı o qoydu: Həssani-Əcəm.

Məlhəm Şamaxı yaxınlığında yerləşən kənddir. Səfalı təbiəti, şəfalı havası və suyu ilə hər zaman fərqlənib. Məlhəmdə yerləşən elm və sağlamlıq ocağının ikinci funksiyası da müxtəlif xəstəliklər üçün dərmanların, məlhəmlərin hazırlanması olub. Rəvayətə görə, kəndin adının Məlhəm qoyulması da elə bu faktla bağlıdır. Xalq yazıçısı İsa Hüseynovun “Məhşər” romanında Məlhəm Akademiyasından geniş bəhs edilib. Əsərdə ciddi psixoloji sarsıntı keçirən şəxslər Məlhəmdəki gizli ocağa gələrək oradakı hücrələrdə şəfa tapırdılar.

Burada Qədim Şərqin, Osmanlının bir çox təbabət üsullarından istifadə edilirdi. Məsələn, ruhi sarsıntı keçirən xəstələrə günün müəyyən saatlarında su səsi dinlədilirdi.