Dünyada hər gün ölkələr arasında ziddiyyətli məsələlər artır, yeni ziddiyyətlər onsuz da gərgin olan münasibətlər sistemini daha da mürəkkəbləşdirir. Bir ölkə bir neçə dövlətlə müsbət əlaqələr qura bilsə də, paraleldə daha çox sayda dövlətlə düşmən ən azından rəqib olur.
Bu isə düşmən və ya rəqib mövqedəki dövlətlər arasında rəqabəti artırmaqla qalmır, bəzən bu rəqabət radikal formalarda davam edir. Beləcə, qütbləşmələr meydana çıxır, dövlətlər qruplaşır və ziddiyyətlər yerli və ya ikili müstəvini aşaraq beynəlxalq mahiyyət alır.
Məhz bu səbəbdən biri digərini özünə təhlükə bilən dövlətlər dost və tərəfdaş ölkələrlə birlikdə rəqiblərinə qarşı ortaq mübarizə metodlarına müraciət edirlər. Bu mübarizələrdən ən bariz örnəyi dövlətlərin bir-birini “mühasirəyə alması”dır.
Əlbəttə, buradakı mühasirə fiziki və birbaşa hərbi mühasirə deyil. Bunun əksinə iqtisadiyyatın bir dövlətin yaşaması və güclənməsi üçün əsas olduğunu yaxşı dərk edən günümüz dövlətləri hazırda mühasirələri iqtisadi metodlarla blokadaya salmaq, rəqib və ya düşmən ölkələri beynəlxalq sistemdə təkləməklə, beynəlxalq əlaqələrdən təcrid etməklə, həmçinin sərhədlərindəki qonşu dövlətləri onlara qarşı təşkilatlandırmaqla edirlər.
Burada ən yaxşı örnək bizim də qonşumuz olan İrandır. İnqilabdan sonra Qərb və ABŞ ilə ziddiyyətlər içində olan bu ölkəni qarşı tərəf heç vaxt hərbi müdaxilə, yaxud hər hansı başqa bir hərbi yolla məhv etməyə çalışmadı. Ancaq paraleldə onu beynəlxalq sistemdən təcrid etdilər. Dünyanın ən zəngin neft yataqlarına malik olan İran öz zəngin neftini, daxili bazarda olan və ixrac etməklə büdcəyə külli miqdarda gəlir qazandıracaq digər məhsulları sata bilmədi, nəticədə özü bəzi sahələrdə kənardan asılı vəziyyətə düşməklə ciddi iqtisadi problemlər yaşamağa başladı. İran rialı bu gün dünyanın ən dəyərsiz valyutalarından birinə çevrildi.
Bundan başqa İranın sərhədlərində ziddiyyətlərdən istifadə edən rəqibləri, xüsusilə Ərəb dünyası və Pakistandakı məzhəb fərqlilikləri, bir sıra milli və ərazi problemlərini qabardaraq, necə desək, İranı “hərtərəfli mühasirə”yə aldılar. Əfqanıstandakı Taliban hərakatı ilə vaxtaşırı fikir ayrılıqları onun Mərkəzi Asiyaya açılan qapılarından birinin də etibarlılığını təhlükəyə atır. Mollakratiyanın türk düşmənliyini bariz şəkildə davam etdirməsi onun Azərbaycan və Türkiyə ilə əlaqələrini də müəyyən dərəcədə zədələdi. İranı təcrid edən bütün qüvvələr isə bu faktorları fürsətə çevirə bildi. Nəticə etibarilə özünün bütün zənginlikləri ilə dünyanın ən güclü iqtisadiyyatları sırasında yer alması qaçınılmaz bir reallıq olan İran indi dünyanın ən zəif valyutasına malik, ciddi iqtisadi çətinliklərlə qarşılaşan ölkədir.
İranın bəxti orada gətirdi ki, Çin ani yüksəlişi təmin etdi və özünün neftə olan təlabatını ödəmək üçün İran neftinə yönəldi. Ucuz qiymətə satsa da, bu faktor İran üçün “dar nəfəslik” rolunu aldı və onun Qərbə və sərhədindəki təhlükələrə qarşı mübarizəsində son çarələrdən birinə çevrildi. Əslində, Çin faktoru İran üçün şans deyil, Çinin özünü blokadadan çıxmarmaq üçün ağıllı gedişi idi.
Hindistanla düşmən münasibətlər içində olan Çin yaxşı başa düşürdü ki, ABŞ Pekinə qarşı mübarizəsində məqsədli şəkildə Hindistanı gücləndirir. Çinin Rusiya kimi bir imperiya ilə şimal sərhədlərinin olması, cənubda isə Hindistan kimi inkişaf edən bir düşmən, şərqdən Cənubi Koreya və Yaponiya başda olmaqla okeandan “mühasirəyə alınması”, Mərkəzi Asiyanın qeyri-sabit siyasi mühiti Çin üçün sözün əsl mənasında “ölüm mühasirəsi”nə çevrilə bilərdi. Belə bir vəziyyətdə İran kimi zəngin, ancaq özündən daha çətin vəziyyətdə olan bir ölkəni öz tərəfinə çəkmək Çin üçün ciddi müsbət nəticələr vəd edirdi.
Sərhədindəki təhlükələri balanslaşdırmağa çalışan rəsmi Pekin Pakistanla əlaqələrini də inkişaf etdirdi. Bu isə Hindistandan istifadə edərək Çini blokadaya salmaq cəhdlərinə qarşı Çinin Pakistan və digər dövlətlərlə birlikdə Hindistanı “mühasirəyə almaq” planlarının tərkib hissəsidir. Buna “mühasirə içində mühasirə” də deyə bilərik.
Bu kimi mühasirələr saymaqla bitməz. Məsələn, Türkiyəni öz tərəfinə çəkməklə İranı blokadaya almağı hədəfləyən Qərb və ABŞ, Yunanıstan, Suriya, İraq, Ermənistan və s. kimi faktorları istifadə edərək Türkiyənin özünü də “mühasirəyə alıb” desək, yanılmarıq. Rusiya kimi geniş sərhədləri olan bir dövlət də cənub-şərqində Çin təhlükəsi, şərqdən Yaponiya, qərbdən NATO, Qafqazda milli azadlıq hərəkatlarının yenidən alovlanması təhlükələri, Mərkəzi Asiyada “Rusiyasız gələcək” niyyətlərinin artmağa başlaması kimi hadisələr fonunda özünü “mühasirə”də hiss etmiş olmalıdır.
Çin və Rusiyanın hər nə qədər bir-birinə ehtiyacı olsa da, bir çox məsələdə rəqibdirlər. Beynəlxalq rəqiblərə qarşı yaranan ehtiyac Rusiya və Çinin birliyini labüd edirsə, regional maraqlarda ziddiyyətlər özünü qabarıq formada göstərir. Mərkəzi Asiyada nüfuz mübarizəsi, bölgədəki təbii zənginliklər uğrunda amansız rəqabət bunu sübut edir.
ABŞ-ın özü belə “mühasirəyə alınmaq” təhlükəsindən sığortalanmış sayılmır. Bir vaxtlar kommunizmin Kubaya ayaq açması, SSRİ-dən aldığı dəstəklə qələbə qazanması, bu gün də Rusiyanın Kuba ilə isti əlaqələri davam etdirməsi, Meksika və ABŞ arasındakı münasibətlər, Alyaskadakı təhlükəsizlik narahatlıqları ABŞ-ın rəqibləri tərəfindən “mühasirə”sinin örnəyidir.
Bu nöqtədə NATO, Avropa İttifaqı və s. kimi təşkilatlarla özünü sığortalamağı bacaran sadəcə Avropa dövlətləri, xüsusilə Qərb dairələri olsa da, son illərdə artıq onların da ümumavropa olaraq “mühasirəyə düşmək” qorxuları artmaqdadır. Rusiyanın amansız yüksəlişi və Şərqi Avropanı ilk hədəf olaraq seçməsi, Türkiyənin SSRİ-nin dağılması ilə tarixi maraqları istiqamətində hərəkət etməsi üçün “əl-qolunun açılması”, Afrikada milli özünüdərkin başlaması və anti-Avropa, anti-Qərb addımların artması, Çinin və son vaxtlar BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) ölkələrinin iqtisadi baxımdan Avropa dövlətlərini geridə qoyma ehtimallarının artması artıq Avropada ciddi təhlükə kimi qəbul edilir.
Örnəkləri davam etdirmək mümkündür, ancaq daha xırda detallara girmədən demək olar ki, hazırda dünya “mühasirə içində mühasirədə yaşayır” və bütün mənfi və müsbət münasibətlər məhz bu mühasirələrin içində baş verir. Hər nə qədər hiss etməsək də, dünyadakı siyasi mühitin bu dərəcədə gərgin və qeyri-sabit olması, hətta tərəfdaş ölkələrin belə bir-birinə qarşı özünümüdafiə tədbirlərini düşünməsi gələcəkdə baş verəcək ciddi təhlükələrin ilkin xəbərçisidir.
Bu problemlərin isə indiki məqamda həlli üçün effektiv yollar görünmür. Çünki dövlətlərarası münasibətlərdə maraqların toqquşması pik nöqtədədir və hər hansı tərəfin öz maraqlarından imtina etməsi real görünmür. Çünki hazırkı problemlərin həlli üçün sadəcə bir yol var: hansı problem olmasından asılı olmayaraq, tərəflərdən biri öz maraqlarında ciddi güzəştlərə getməlidir. Əks-təqdirdə ziddiyyətlərin böyüməsi və bəhs etdiyimiz “mühasirələr”in əvvəl həqiqi mühasirələrə, sonra isə hərbi qarşıdurmalara çevrilməsi qaçılmaz olacaq. Necə ki Şərqi Avropa, Cənubi Qafqaz, Yaxın Şərqdə artıq baş verib.