Azərbaycanda ictimai-siyasi fikrin görkəmli nümayəndələrindən biri olan Əhməd bəy Ağaoğlunun milli birlik düşüncəsi və ideoloji baxışları milli mətbuat səhifələrində öz əksini tapıb. Onun “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetlərində nəşr etdirdiyi elmi-publisistik, ədəbi-tənqidi məqalələrində ictimai-siyasi görüşlərinə geniş yer verilib. Bu məqalələrdə təhsil aldığı Avropa mühiti, demokratik dəyərlər prinsipi əsas yer tutsa da, millilik hər zaman onun düşüncə tərzində ön planda olub. Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətini əks etdirən dövri mətbuat nümunələri təsdiq edir ki, bu böyük şəxsiyyət mənsub olduğu ölkə və milləti üçün yorulmadan çalışmış, dövrünün ən mühüm və aktual mövzularını qələmə almışdır.
Görkəmli tədqiqatçı alim, publisist, ictimai xadim, pedaqoq, yazıçı, filosof və mütəfəkkir kimi tanınan Əhməd bəy Ağaoğlu böyük zəhmət və intellekt tələb edən sahələrin hər birində öndər və nümunəvi bir şəxsiyyət idi.
XIX əsrin sonu – XX əsrin əvvəllərindən etibarən çar Rusiyasında baş verən hadisələr, gərginliklər, xalqların oyanış prosesi bu dönəm nəşr olunan mətbu orqanlarda da ətraflı şəkildə öz əksini tapmışdır. Ə.Ağaoğlu çar Rusiyasının ictimai-siyasi durumunu təhlil edərkən onun tarixi mənzərəsinə nəzər salır, müstəmləkəçilik siyasətinin mahiyyətini açıqlayır və bu siyasəti həyata keçirənlərin imperiyapərəst düşüncəsini kəskin şəkildə tənqid edirdi.
XIX əsrin 90-cı illərindən “Millət nədir?” sualına cavab axtarmağa başlayan, düşüncələri Qərb maarifçiliyi zəminində formalaşan böyük mütəfəkkir ümumtürk problemləri ilə məşğul idi. Hələ gənc yaşlarından etibarən milli-azadlıq hərəkatlarının təsiri ilə milli özünüdərketmə prosesini keçərək mükəmməl bir milli intibah, milli azadlıq konsepsiyası fikrinə gəlmişdi, belə ki, onun fikrincə, hər hansı millət özünə ehtiram tələb etməklə bərabər, başqa millətlərdən olanlara da hörmət bəsləməlidir. Əhməd bəy Ağaoğlu türkçülük haqqında fikirlərini “Yeni türklər və panislamizm”, “Millət və millətçilik”, “Bizim millətçilər”, “İslam və türk aləmi”, “İttihad” və “Tərcüman”, “Türk aləmi” və s. kimi məqalələrində şərh etmişdir. “Kaspi” qəzetində dərc olunan “Bizim millətçilər” adlı məqaləsində o qeyd edirdi: “Millətçilik özlüyündə hörmətə layiq, hətta əzəmətli bir hadisədir, belə ki, o, xalqların həyatında zəruridir. Mən belə düşünürəm ki, bəşər təkamülü tarixində insan qəlbinin dindən sonra ikinci böyük tapınağı millətçilikdir. O, tarix boyu misilsiz hünərlər qaynağı olmuş və olacaqdır. Onsuz bir çox xalqlar hələ də özgələrin əsarəti altında inləyərdi və onun sayəsində çoxları hələ özlərinə çıxış yolu tapacaqlar” (“Kaspi” qəzeti, 25 sentyabr 1903).



