Nə yaxşıydı, xəlayiqdə iki xislət olaydı,
Birisi növi-məhəbbət, biri sədaqət olaydı.
Riyayı, taəti mərdüm edəydi tərk, əvəzində
Qülubi-mərdümə hakim xülusi-niyyət olaydı.
Cəhənnəm eylədi dünyanı xəlqə nari-ədavət,
Yağaydı barış rəhməti, cahan çü Cənnət olaydı.
Qara bulud çəkiləydi, hava olaydı münəvvər,
Doqquz qübabeyi-kəvakib çırağı zinət olaydı.
Əsib nəsimi-ədalət sönəydi zülm çırağı,
Səlimə müjdeyi-rəhmət, şərirə ibrət olaydı.
Hava bu nəhv ilə məğşuş, mən də hali-pərişan,
Bu iki maniə dəfinə məndə qüdrət olaydı.
İki qapı açılaydı üzünə əhli-cihanın,
Birisi babi-həqiqət, biri səadət olaydı.
Edəydi yer üzün abad çün behişt, məkatib,
Nə qəm olaydı, nə qüssə, nə bir küdurət olaydı.
Olaydı hər kişi məşğuli-elm, kəsbi-məaşə,
Nə büğz olaydı, nə kinə, nə bir ədavət olaydı.
Əgər yetəydi mənim daməni-həqiqətə dəstim:
Verərmiydim onu əldən, əgər qiyamət olaydı?
Məni müşəvviş edən mətləbi bəyan eləyərdim,
Məqami-əmn bulunsaydı, cayi-xəlvət olaydı.
Ölən zamanda da azadəlik bəratını, ya Rəbb,
Verəydilər mənə, ey kaş, əlimdə hüccət olaydı.
Nə ehtiyacım olaydı, nə xəlqdən mənə ehsan,
Nə gərdəni-şərəfim ziri-bari-minnət olaydı.
Dedim: “qəbul edəməm kimsədən müavinət”, amma
Qəza dedi: “bəli, zənnində gər isabət olaydı”.
Noleydi, cüzi maaşım oleydi, ta nəfəsim var,
Həmişə peşəvü şüğlüm ümuma xidmət olaydı.
Nə türfə idi, bir az lüknət olmayaydı dilimdə
Və ya sınıq qələmimdə bir azca cürət olaydı.
Nə arzu ki varımdır, hamını nəzmə çəkərdim,
Zaman olaydı müsaid, əlimdə fürsət olaydı.
Tamami-aləmi, ey Cənnəti, müsəxxər edərdim,
Füzuli kimi əgər məndə də fəsahət olaydı.
Əbdülxaliq Cənnəti Qafarzadə



