– Şahnaz xanım, Türk dünyası üçün böyük əhəmiyyət daşıyan I Türkoloji Qurultayın 100 illik yubileyi ərəfəsindəyik. Bu münasibətlə müxtəlif elmi və mədəni platformalarda tədbirlər görülür. Məsələn, bu yaxınlarda “Ədəbiyyat” qəzetinin qurultaya özəl xüsusi nömrəsi çap olundu. Qəzetin baş redaktoru Azər Turan araşdırma yazısını belə bitirir: “Türkologiya prosesdir… Yüz ildən sonra da proses davam edir…”
Siz də həm elmi, həm də mədəni sahədə bu prosesin aktiv iştirakçısısınız: bu il Sankt-Peteburqda “Türk dillərində funksional-semantik aspektdən sintaktik modellər (qədim türk yazılı abidələrinin dili əsasında)” mövzusunda dissertasiya işi müdafiə etdiniz, Sankt-Peterburq Dövlət Universitetində ana dilimizi tədris edirsiniz, Mayakovski adına kütləvi kitabxanada danışıq klubunuz fəaliyyətdədir, “Vətən” dərgisinin baş redaktor müavinisiniz, tərtibatçısı olduğunuz “Azərbaycan nəsri antalogiyası” Rusiyada çap olundu və başqa önəmli layihələriniz də var.
Bu böyük tarixi prosesin içində olmaq və onun formalaşmasına müəyyən mənada təsir göstərə bilmək Sizdə hansı hissləri doğurur?
– Qürur və məsuliyyət hissi.
Hansı zamanda yaşayacağımızı biz özümüz seçə bilmərik. Bizim nəsil müxtəlif hadisələrə şahidlik etdi. Məğlub dövlətin övladı olmaq acısını da yaşadıq. Mən bu dönəmin böyük bir hissəsini Rusiyada keçirdim. Sonra dövlətim, xalqım qalib oldu, öz ərazi bütövlüyünü bərpa etdi. Elə onda da Rusiyada idim. Bu hissləri vətəndə yaşamaqla qürbətdə yaşamaq fərqlidir, məncə. Bir azərbaycanlı, türk olaraq o ağrını da, bu sevinci də öz canımda, ruhumda, həyatımda hiss etdim. Qələbədən sonra qəddimiz dikəldi.
Qələbə tək Azərbaycanın qələbəsi və sevinci olmadı, bundan bütün Türk dünyasına pay düşdü.
Müşahidə etdiyimiz kimi, məhz qələbədən sonra ciddi addımlar atılmağa, mühüm toplantılar keçirilməyə başladı. Sanki bir oyanış oldu. Məhz bu dönəmdə yaşadığım üçün özümü şanslı hiss edirəm. Bu prosesdə gücüm yetən qədər iştirak etməyə çalışıram.

– 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay türk xalqlarının özünüdərkində mühüm mərhələ oldu. Lakin bu təsadüfi səciyyə daşımamışdır. Qurultayla yanaşı, qurultayaqədərki yol da xüsusi araşdırılmalıdır. Çünki o tarixə qədər türk aydınlarının əməli və nəzəri fəaliyyəti bu ümumtürk ideyasına zəmin hazırlamışdı. Belə əsərlər içərisində qurultayın rəyasət heyətinin fəxri üzvü Əli bəy Hüseynzadənin “Həyat”da yayımlanan “Türklər kimdir və kimlərdən ibarətdir” araşdırmasını qeyd edə bilərik. Əli bəy Hüseynzadə əsərində milli kimliyini tanımayan bir toplumun təhlükə altında yaşadığını vurğulayırdı: “Türklüklə iftixar etdikləri halda, türkün kim və kimlərdən ibarət olduğunu bilməyən nə qədər türk redaktorlarımız vardır!..”
– Sizin fikrinizcə, son 100 ildə türk xalqlarının özünüdərkində nə dəyişdi? Bu dəyişikliklər daha çox şüur səviyyəsində özünü göstərir, yoxsa institusional müstəvidə?
– I Türkoloji Qurultay həm türkologiya tarixində, həm də türk xalqlarının talelərində çox mühüm, tarixi, mənəvi əhəmiyyəti çox böyük olan bir hadisə idi. Onun məhz Bakıda keçirilməsi isə ayrıca qürur hiss verir.
Azərbaycanın həmişə Türk dünyasında özünəməxsus mövqeyi olub. Öncəki sualınıza cavabda da qeyd etdim, 2020-ci ildən sonra Türk dünyasının bu qədər yaxınlaşmasında da Azərbaycanın əməyi müstəsnadır.
Son 100 ildə türk xalqlarının özünüdərkində nə dəyişdiyinə gəlincə, Sovet dönəmində bu proses yerindəcə boğulurdu. Bəziləri türklüyünün fərqində belə deyildilər, fərqində olanları isə repressiya, həbs gözləyirdi. I Türkoloji Qurultayın əksər iştirakçılarının həyatı da buna sübutdur. Oyanış, özünüdərk, kimliyini bilmə, kökünü tanıma 1990-cı illərdən sonra vüsət aldı. Dediyim kimi, 2020-ci ildən sonra da daha da möhkəmləndi və məhz bu mərhələdə şüurlu səviyyəyə keçdi.
Düzdür, Türk xalqlarının əksəriyyətində Sovet rejimi hökm sürdüyü bir zamanda Türkiyə türkologiya, türk kimliyi sahəsində ciddi işlər görürdü. Amma 90-lardan sonra digər Türk dövlətlərində də bu proses yeni bir müstəviyə keçdi və 2000-ci illərdən sonra daha da genişləndi.

– Qurultay materiallarına baxdıqda görürük ki, əsas diqqət dil və əlifba məsələsinə yönəlmişdi. Bu isə ortaq türk birliyinin təməlini təşkil edən əsas faktorlardan biri idi. 2023-cü ildə Türk Dövlətləri Təşkilatının Ortaq Türk Əlifbası Konsepsiyasını qəbul etməsi bu baxımdan mühüm addım hesab olunur.
Bir türkoloq və dilçi kimi bu prosesi necə qiymətləndirirsiniz? Sizcə, bu qərar real inteqrasiyaya aparan yolun başlanğıcıdırmı, yoxsa hələ simvolik mərhələdəyik?
– Gerçəkdən də, Ortaq Türk Əlifbası Konsepsiyası çox önəmli, uğurlu bir addımdır. Bu, bir başlanğıcdır.
İnsanlar da, xalqlar da kim olduqlarını, köklərini, tarixlərini bilməli, fərqində olmalı və bunu gələcək nəslə ötürməlidirlər.
Ortaq əlifba, o əlifbada nəşr olunacaq kitablar da, türk dünyasını bir-birinə yaxınlaşdıracaq. Bildiyim qədər, artıq ortaq əlifbada yazılmış kitab nəşr olunub. Belə kitabları oxumaq mənə də həm türkoloq, həm də bir türk kimi çox maraqlıdır.
Türk birliyi çox əmək, səbir istəyən bir prosesdir. Bu proses həmişə davam etməlidir.
– Türkologiya təkcə elmi sahə deyil, həm də mənəvi və ideoloji məsuliyyətdir. Onun təməlində milli yaddaş, dil sevgisi və ali məfkurəyə bağlılıq dayanır. Türkologiyanın geniş sərhədlərə malik olması isə türkoloqun çiyninə daha böyük məsuliyyət yükləyir.
Şahnaz Kamalın meyarında bir türkoloq necə olmalıdır? Bu sahəyə könül verən insan hansı keyfiyyətlərə malik olmalıdır?
– Dediyiniz o məsuliyyəti bir türk və türkoloq olaraq çox yaxşı hiss edirəm. Nə edirəmsə, nə yazıramsa, “bundan daha yaxşısını, daha mükəmməlini etməli və yazmalıyam” düşünürəm. Yaxşı türkoloqun qədim türk yazılarından, abidələrindən xəbəri olmalıdır.
Dissertasiya mövzum Göytürk türkcəsindən idi. Göytürk abidələrini bakalavrda keçsək də, Sankt-Peterburq Universitetində Viktor Qriqoryeviç Quzevdən və Nikolay Nikolayeviç Teliçindən yenidən öyrəndim. Uyğur yazılarını da oxumağı Nikolay Nikolayeviç Teliçindən öyrənmişəm. Əski əlifbada yazılmış mətnlərimizi oxuyuram və hətta ötən dərs ilində dərslərimdən biri də “Tarixi mətnlərin oxunması” idi.
Yaxşı türkoloq, müasir türk dillərindən, ən azı, 3-4-ünü bilməlidir. Mən Türkiyə türkcəsindən başqa, Xakas və Tuva türkcəsi ilə maraqlanıram. “Bilirəm” deyə bilmərəm, amma “öyrənirəm” deyə bilərəm.
Şərq və Avropa dillərindən də, heç olmasa, birini bilmək önəmlidir. İngilis dilini müəyyən səviyyədə bildiyim üçün indi alman dilini öyrənirəm və fars dilini daha yaxşı bilməyə çalışıram.
Bir də, türkologiya, doğrudan da, könül işidir, ruh işidir.

– Siz həm də yazıçı kimi oxucularımıza tanışsınız. Uşaq hekayələrinizin bir çoxunu sevə-sevə oxumuşam. Bu çoxşaxəli fəaliyyətiniz fonunda ədəbiyyat və elmlə paralel ilgilənməyin Sizin üçün hansı müsbət və mənfi nəticələri olur? Və gələcəkdə oxucunu Şahnaz Kamal imzası ilə hansı yeni layihələr gözləyir?
– Hələ Sankt-Peterburqda aspiranturaya daxil olmamış Azərbaycanda elektron və kağız mətbuatda hekayələrim, publisistik yazılarım dərc olunurdu. 2013-cü ildə isə “Güldar” hekayələr kitabım nəşr olundu. 2014-cü ildə aspiranturaya qəbul olunandan sonra yazılar seyrəlməyə başladı. Çünki Peterburqda həm rus dilində elmi işlə məşğul olmaq, imtahanları vermək, eyni zamanda Mayakovski kitabxanasında və digər kitabxanalarda tədbirlər keçirmək çox vaxtımı və enerjimi alırdı. Bədii və publisistik yaradıcılıqla məşğul olmağa vaxt qalmırdı. Amma bəzən hekayə yazmaqdan ötrü çox darıxırdım, “acırdım”, o zaman da bəzi hekayələr yazırdım. Bunlardan bir neçəsi “Ulduz” jurnalında və digər mətbu orqanlarda dərc olunub.
Nağıl yazmağa başlamağım isə haradasa zərurətdən doğdu. Mən uşaqlara və böyüklərə həm də fərdi qaydada Azərbaycan dili öyrədirəm. Proses əsnasında gördüm ki, uşaqlar üçün nağıllarımız və hekayələrimiz azdır. Bir məqamı da qeyd edim, azərbaycanlı, Azərbaycan dilinin daşıyıcısı olan uşaqlar üçün yazılmış nağıl və hekayələr çox vaxt digər dillərin daşıyıcısı olan, Azərbaycan dilini öyrənən uşaqlara uyğun gəlmir. Bilirik, uşaqlar üçün yazılan mətnlər sadə dildə, qısa cümlələrlə yazılmalıdır ki, anlaşılan olsun. Amma dil öyrənən uşaqlar üçün mətni bir az başqa texnikayla, üsulla yazmaq lazımdır. Mən də bu səbəbdən illərlə qazandığım təcürbəyə söykənərək nağıl yazmağa başladım. “Xallı” adlı nağıl-hekayə kitabım 2021-ci ildə nəşr olundu. Digər nağıl kitabım isə hal-hazırda nəşriyyatdadır. Mən uşaqları da, onlarla işləməyi də, onlar üçün yazmağı da çox sevirəm. Sevdiyim işi davam edəcəyəm.
Xeyli yarımçıq, redaktə olunmamış hekayələrim də var. Onları da bir araya toplamaq, bitirmək və nəşr etdirmək istəyirəm. İki roman planı da hazırdır. Amma onlara hekayələri toplayıb nəşr etdirdikdən sonra başlayacağam.
Fidan xanım, çox maraqlı suallarınıza görə sizə, “Füyuzat” jurnalına dərin təşəkkürümü bildirirəm!


Müsahibəni aldı: Fidan VAHİD



