Dilqəm Əhməd Ədəbiyyat Tarix Xəbərlər

Səlim Rəfiqin unudulmuş şeirləri – Eksklüziv araşdırma

Dr. Dilqəm ƏHMƏD

SƏLİM RƏFİQİN UNUDULMUŞ ŞEİRLƏRİ

Mühacirətdə yaşamış, Azərbaycanın tanınmış ədəbiyyatşünas alimi Səlim Rəfiq Rəfioğlunun ölkəmizdəki ədəbi fəaliyyəti haqqında əlimizdə, demək olar ki, məlumat yoxdur. Lakin bu yaxınlarda gənc həmkarım Xəyal Bayramlı Səlim Rəfiqin doğma yurduna yazdığı şeirlər barədə məni məlumatlandırıb qaynağı da göstərdi. Gəncədə çıxan almanaxda çap olunmuş şeirlər alimin mühacirətə getməzdən öncəki irsi haqqında hələ ki, əlimizdə olan yeganə faktdır. Həmin şeirlərə keçməzdən öncə Səlim Rəfiqin həyatına nəzər yetirək.

Səlim Rəfiqin elmi-ədəbi fəaliyyəti

Səlim Rəfiq Rəfioğlu 1905-ci ildə Gəncədə doğulub, ibtidai və orta təhsilini də həmin şəhərdə alıb. Daha sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub, 1927-ci ildə oranı tamamlayıb. 1929-cu ildən sonra Cənubi Azərbaycana keçib, orada yaşayan həkim əmisi Musa Rəfiyevin yanında qalıb. Qısa bir müddət sonra isə Türkiyəyə köç edib. Atası Məşədi Əli Rəfioğlu Gəncənin tanınmış istiqlalçı mücahidlərindən idi, ona görə də oğlunun təhsil almasına xüsusi önəm verib. Səlim Rəfiq 1930-1931-ci dərs ilində İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə və Ali Müəllim Məktəbinə yazılıb. 9 sentyabr 1931-ci ildə Türkiyə vətəndaşlığını qazanıb. Hər iki məktəbi 1934-cü ildə bitirib, 7 oktyabr 1935-ci ildə universitetdən diplom alıb. S.R.Rəfioğlu “Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi” adlı yüz iyirmi səhifəlik dissertasiya işi yazıb. Məzunluq dissertasiyasını 1933–1934-cü illərdə bölüm müəllimlərindən Raqıp Xülusi Özdəmin nəzarətində hazırlayıb. “Füzuli” adlı doktorluq dissertasiyası isə 2020-ci ildə Bakıda kitab şəklində işıq üzü görüb.

S.R.Rəfioğlu 29 sentyabr 1934-cü ildə Antalya Liseyinə təcrübəçi ədəbiyyat müəllimi, bir il sonra isə həqiqi müəllim kimi təyin olunub. Ardınca pedaqoji fəaliyyətini Malatya, Bursa və İstanbulda davam etdirib, 1962-ci ildə təqaüdə çıxıb. Türkiyə dövlət arxivindəki bir sənəddə İstanbul Vəfa Liseyinin müəllimi Səlim Rəfiq Rəfioğlunun Almaniyada işləməsinə nazirlər kabinetinin 25 yanvar 1965-ci il tarixli qərarı ilə izn verildiyi yazılıb.

İki elmi işi ilə yanaşı, Səlim Rəfiqin 1939-cu ildə İstanbulda “Professor Dr. Çobanzadəyə cavab”, 1941-ci ildə isə “Professor Dr. Əhməd Cəfəroğlunun əsərlərindəki xətalar” və “Azərbaycan ədəbiyyatı. Seçilmiş misralar” adlı kitabları işıq üzü görüb.

Türkiyəyə gəldikdən sonra Səlim Rəfiq müxtəlif jurnallarda ədəbi-mədəni məqalələr qələmə alıb. Onun “Azərbaycan yurd bilgisi” jurnalında “Son dövr azəri ədəbiyyatı”, “Türkiyə mətbuatında Məhəmməd Hadinin şeirləri”, “Azərbaycan dəyələrinə dair”, “Azəri xalq ədəbiyyatında “Dəli Alı” dastanı” və digər məqalələri dərc olunub. “Çağlayan” jurnalında isə “Füzuliyə dair”, “Xəlqiyyət və xalq hekayələri”, “Namiq Kamal və gənclik”, “Sabir” və sair, “Oluş” dərgisində isə “Azərbaycanda operetta” kimi yazıları işıq üzü görüb. “Tasvir”, “Uludağ”, “Ülkü”, “Türk Akdeniz”, “Yeni sabah”  kimi mətbu orqanlarda da onun yazılarına təsadüf edilməkdədir.

Qırx il sonra Vətəndə

Səlim Rəfiq 1929-cu ildə ayrıldığı Vətəninə 1969-cu ildə səfər edə bilib. O, Türkiyədə, Almaniyada, hətta Amerikada yaşayan mühacirlərlə Sovet dövründə əlaqə yaradan mərhum professor Abbas Zamanov və dövrün alimlərindən Həmid Araslı ilə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində görüşüb. Eləcə də Ədəbiyyat İnstitutunda qurumun direktoru, professor Mirzəağa Quluzadə, professorlar Kamal Talıbzadə, Qasım Qasımzadə ilə söhbətləşib. Abbas Zamanovun arxivində həmin görüşə dair nadir fotoşəkillər qorunmaqdadır. Həmin fotoşəklin birinin arxasında yazılıb: “Türkiyədən gələn elmlər doktoru Səlim Rəfioğlu ilə birgə çəkilmişdir. 1969”. Digər fotoşəklin arxasında isə sadəcə “xaricdən gələn qonaqla” ifadəsi yazılıb. Üçüncü təsvirin arxasında isə şəkildəki şəxslərin kimliyi qeyd olunub: “Sağdan: A.Zamanov, S. Rəfioğlu, H. Araslı. 1969”.

Səlim Rəfiq 4 aprel 1980-ci ildə vəfat edib, İstanbulda Feriköy İslam Məzarlığında dəfn olunub. Türk tədqiqatçı Ömər Özcanın 2013-cü ildə Bakıda onun haqqında tədqiqat işi işıq üzü görüb. 2018-ci ildə isə yenə türk tədqiqatçı Hayri Ataşın Bakıda “Səlim Rəfiq Rəfioğlunun ədəbi-elmi irsi” adlı monoqrafiyası çap edilib.

Gəncədə çıxan yığnaq

1929-cu ildə Gəncədə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin Gəncə şöbəsinin “İlk adımlar. Yığnaq” adlı buraxılışın birinci sayı işıq üzü görüb. Məcmuə türk, erməni və rus bölmələrindən ibarətdir, hər birində həmin xalqların təmsilçilərinin əsərləri yer alıb. Buraxılışın redaksiya heyətində S.Şəmilov, Kr. Arakelyan, C.Cavadzadə, Fərrux Həsənli və Krivonozkin yer alıblar. Məsul müdir S.Şəmilov olub, “İlk söz” adlı giriş yazısında proletar ədəbiyyatın inkişafı haqqında dövrün xarakterik xüsusiyyətinə uyğun fikirlər işlədib. Köhnə latın qrafikası ilə çıxmış buraxılışın “Türk bölümü” qismində on səkkiz azərbaycanlı müəllifin şeir, hekayə və məqaləsi dərc olunub. Səməd Vurğunun “Kür çayı”, “Dilican dərəsi”, Nigar Rəfibəylinin “Çəkmə silən çocuğa”, Mir Cəlalın “Anamın vəsiyyəti”, “Müxbir” kimi əsərləri topluda işıq üzü görüb. Yığnaqda (topluda) Səlim Rəfiqin də “Bu günün yolu” və “Yeni Gəncə” adlı dövrün ab-havasına uyğun iki şeiri dərc olunub. Müsavatçı, istiqlalçı ailələrdə yetişən Səlim Rəfiqin və Nigar Rəfibəylinin timsalında həmin şeirlərin həm də məcburiyyətdən yazıldığını görürük. Necə ki sonralar mühacirətdə istiqlalçı, millətçi bir şair kimi yetişən Almas İldırım da vətənində yaşadığı illərdə dövrün quruluşunu mədh edən şeirlər qələmə almışdı. Ona görə də bu topludakı iki şeir Səlim Rəfiqin bioqrafiyası baxımından əhəmiyyət kəsb edir. Hər iki şeirdən bəzi bəndləri təqdim edirik:

Bu günün yolu

Dan yeri ağarıb sökərkən şəfəq

Gündüzün qoynuna gömüldü gecə.

Gözəl təbiətin böylə dəmində

Bir dastan söylədi şair gizlincə.

Gözlərim açıldı istər-istəməz

Günəşin üfiqdə yanarkən rəngi.

Könlümdə silinməz izlər buraxdı

Səhər pərisinin dadlı ahəngi.

Könlüm dalğalana sanki bir dəniz

Fikrimin telləri oynaşır ikən…

İçimdə sevinclər coşur, bilsəniz,

Qanadlar açarkən uzaq yelkən…

***

Yeni Gəncə

Gəldik

Düşəcəyimiz yerə,

Gəldik.

Son düdük çalınaraq

Xırıltıyla başladı təkərlər.

Dayandı tren,

Düşdük.

Sevincli gözlərimiz

14 gecəlik ay kimi

Aydın baxışlarla

Baxırdı hər yerə.

***
Getdik, bərkiyən ayaqlarımız

Basdıqca

Gəncənin dəyərli torpağına

Qüvvət gəldi bacaqlarımıza.

Bacaqlarımız

İri addımlarla irəliləyərkən

Baxırdıq biz fərəhlə

Sol və sağımıza…

***
Bax!

Bu yeni mənzillər

Toxununca gözlərimə

Qarşımda canlanır

Görmədiyim, fəqət eşitdiyim Nyu-York kimi

Gəncənin gələcəyi…”

Qaynaq:

Başkanlık Cumhuriyet Arşivi.

ARDƏİA, Fond 526.

“İlk adımlar” № 1 (Yığnaq), Gəncə, 1929.

Ömər Özcan, “Səlim Rəfiq Rəfioğlu”, Bakı, 2013.