Tarix Xəbərlər

Əfqanıstanın ilk milli qəzetinin təsisçisi Mirzə Abdal Əli Qızılbaş

Tarixə nəzər yetirsək, Azərbaycan icması olan qızılbaşlar həm Əfqanıstan dövlətinin qurulmasında, həm də sosial, iqtisadi və media inkişafında ən önəmli rol oynamışlar. Tarixi baxımdan Əfqanıstan və Azərbaycan dövlətləri arasında əlaqələr həmişə sıx və yüksək səviyyədə olmuşdur. Qızılbaşların Əfqanıstanın siyasi və sosial inkişafında önəmli rolu olduğu dövrlərdə hər iki ölkə bir-birini siyasi müstəvidə dəstəkləyərək tarixi əlaqələrini möhkəmləndirmişdir.

Əfqanıstanın ilk milli qəzeti – “Şəms əl-Nəhar”

“Şəms əl-Nəhar” (Günorta günəşi) 1873-cü ildən 1878-ci ilə qədər farsca fəaliyyət göstərmiş Əfqanıstanın ilk dövri qəzeti idi. Bu qəzet Əfqanıstan hökmdarı Əmir Şirəli xan dövründə nəşr olunurdu. Ölkənin ən erkən qəzeti kimi tanınan bu qəzet Əfqanıstan media tarixinin rəsmi başlanğıcı hesab olunur. Qəzetin təsisçisi, baş redaktoru Qızılbaş Mirzə Abdal Əli idi.

Corc Vaşinqton Universitetinin Kolumbiya İncəsənət və Elmlər Kollecinin fəlsəfə doktoru, professor Elham Baxtari “Şəms əl-Nəhar” qəzeti barəsində belə qeyd edir: “Nəşrlərin kolofonlarında ən çox rast gəlinən adlardan biri Mirza Abdal Əlidir. O, “Şəms əl-Nəhar” qəzetinin hər nömrəsində redaktor (mühtəmim) kimi qeyd olunur və ehtimal ki, baş yazılarının müəllifi də o idi. Abdal Əli adı onun şiə mənşəli olduğunu göstərir. Həm Dost Məhəmməd xan, həm də Şirəli xan Kabildəki şiə qızılbaş əhalisindən bir çox katibə etibar edirdilər və Mirza Əbdal Əli də bu (qızılbaş) icmanın üzvü idi”.

Diqqət yetirsəniz, qəzetin birinci buraxılışında qızılbaşların məşhur gerbi “Şiri-xurşid” (aslan və Günəş) də, təsvir olunmuşdur.

“Şəms əl-Nəhar” 1878-ci ildə II İngilis–Əfqan müharibəsinin başlamasından və Əmir Şirəli xanın ölümündən sonra nəşrini dayandırdı.

Daha dəqiqliklə desək, ingilis işğalçıları “Şəms əl-Nəhar” qəzetini dayandırmaq üçün Əfqanıstan hakimiyyətinə təzyiqlər göstərdilər və bununla da mətbuatı faktiki olaraq susdurdular. 20-ci əsrin əvvəlinə qədər heç bir əhəmiyyətli nəşr meydana çıxmadı və “Şəms əl-Nəhar” Əfqanıstan jurnalistikası sahəsində, qısa ömrünə baxmayaraq, aparıcı bir təşəbbüs oldu.

Böyük Britaniya və Şimali İrlandiya Kral Asiya Cəmiyyətinin üzvü Conathan L.Lee qızılbaşların diplomatik təsirinin pəştunlardan daha güclü olmasını belə təsvir edir: “Dürrani (əfqan-pəştun) başçılarının əksəriyyəti oxuyub yaza bilmədiyi və savadsız olduqları üçün qızılbaşlar, demək olar ki, bütün dövlət işlərinə nəzarət edirdilər”.

Əfqanıstan tarixi üzrə mütəxəssislər qızılbaşların əfqan dövlətində diplomatik gücünü belə təsvir edirlər: “Qızılbaş icması dövlət və şəxsi ticarət fəaliyyətlərinin mətn və yazılı tərəflərində iştirak edən yerli əfqan tərəflər arasında ən nüfuzlusu sayılır. Bu kontekstlərdə savadlılıq gücünə sahib olmaq Əfqanıstandakı şiə qızılbaşları, şiə həzaralardan fərqləndirən əsas amillərdən biridir.

Təxminən iki nəsil əvvəl, 1830-cu illərdə, müstəmləkə idarəçiləri (ingilislər) Kabil qızılbaşlarının nüfuzuna böyük maraq göstərmişdilər. Onlar qızılbaşları ayrıca bir yaşayış məhəlləsi olan Çindavulda (müstəqilliyə sahib) bir icma kimi təsvir edirdilər. Bu məhəllənin “ayrı polisi və ədalət məhkəmələri” mövcud idi və ən önəmlisi, Kabilin “bütün yerli və xarici yazışmalarını” onlar idarə edirdi ki, bu da onların təsirinin hər istiqamətə yayılmasına səbəb olurdu. Xüsusilə Çarles Masson qızılbaşları Kabil şəhərində “ən güclü və nüfuzlu orqan” kimi təsvir edirdi. 19-cu əsrdə Kabil qızılbaşları yüksəlməkdə olan dövlət katibləri sinfi daxilində nüfuzlu mövqelərini daha da inkişaf etdirib möhkəmləndilər və bu səbəbdən də dövlətin bürokratik elitasının getdikcə daha mühüm bir hissəsinə çevrildilər. 20-ci əsrin əvvəllərində dövlət bürokratiyasında və formalaşmaqda olan ictimai ziyalılar arasında qızılbaşların nüfuzu o dərəcədə artmışdı ki, Kabilin qızılbaş məhəlləsi – Çindavul yerli əhali arasında “Əfqanıstanın Oksfordu” kimi tanınmağa başlamışdı”.

Ədəbiyyat

  • Jonathan L. Lee, “Afghanistan: A History from 1260 to the Present”.
  • Elham Baxtari, “Mirrors for Ulama: Kabul at the Crossroads of Eastern and Western Islamic Reformism”.
  • Shah Mahmoud Hanifi, “Connecting Histories in Afghanistan: Market Relations and State Formation on a Colonial Frontier” kitabı və “Making Space for Shi’ism in Afghanistan’s Public Sphere and State Structure” məqaləsi.
  • Solaiman M. Fazel, “Ethnohistory Of The Qızılbash In Kabul: Migration, State, and A Shi’a Minority”
  • Christine Noelle, “State and tribe in nineteenth-century Afghanistan: the reign of amir dost muhammad khan (1826–1863)”.

Vahid İbayev