Ədəbiyyat Fidan Vahid Tarix Xəbərlər

İstanbulun ilk mənəvi memarlarından – Vəfa sultan

Şəhərlərin, yəni məkanın fəthi ilk baxışdan zahirdə görünənlərlə aşkar olur – sıldırımlı dağların ağuşundakı qala divarının, quru torpağın və ya havanın-suyun alınması ilə. Fəqət gerçək anlamda zəfər könül dağının titrəməsindən yaranır. Əsl fəthin sonucunda qazanmaq var. Bir yurdu, yuvanı, ən əsası isə insanı qazanmaq. Bəzən bir insanın var oluşu zərrə-zərrə, sözbəsöz bizi dəyişdirə, qəlb evimizi yenidən inşa edə bilər. Onun ruhumuza toxunan haləti bizə kimisə xatırladar – unutduğumuz birini. Bizi kiməsə qovuşdurar – bir zamanlar var olan birinə…

Belə mənəviyyat böyüklərindən biri də İstanbulun fəthinə könül verən, şəhərin ilk mənəvi memarlarından sayılan Müslihiddin Mustafa həzrətləridir.

Şeyx Əbül Vəfa Sultan namı ilə özünə ün qazanan Müslihiddin Mustafa on beşinci yüzilliyin əvvəllərində Mövlananın yurdu – Konya şəhərində dünyaya gəlib. Ailəsi haqqında dolğun məlumatlar günümüzə çatmamışdır. Müslihiddin Mustafa ilk təhsilini Konyada və Ədirnədə almış, ilkin təsəvvüf bilgilərini öyrənmişdir. Lakin onun həyatında dönüş nöqtəsi “Zeyniyyə” təriqətinin Bursa şəhərindəki nümayəndəsi Əbdüllətif Qüdsidən dərs aldığı zamanlardır. Belə ki, burada təhsilini tam şəkildə başa vurmuş və İstanbulun fəthinə qədər Konyada mürşidinin icazəsilə irşadla məşğul olmuşdur. Buradakı çalışmaları İbrahim bəy Qaramanoğlunun diqqətini cəlb etmiş, daim alimə ilgi göstərərək onun adına bir məscid də tikdirmişdir. İbrahim bəy həm də Əbül Vəfanı əsirlikdən xilas etmişdir. Əbül Vəfa yaxınları ilə birgə Həcc ziyarətindən dönərkən Rodos əsgərləri tərəfindən həbs edilərək zindana salınmışdır. Tarixi məlumatlara əsasən, İbrahim bəy onu əsirlikdən qurtarmaq üçün böyük məbləğdə təzminat ödəmişdir. Müslihiddin Mustafa həzrətləri sağlığında elə bir şöhrət qazanmışdı ki, nəticədə, vəfa ilə bağlı olduğu “Zeyniyyə” təriqətinin daxilində yeni bir qol – “Vəfailik” onun adı ilə yaranmışdı.

İbrahim bəy Qaramanoğlunun vəfatından sonra İstanbul şəhərinə köçən şeyx Vəfa sonralar onun ismi ilə adlandırılacaq Vəfa səmtində qurduğu külliyyəsində ömrünün sonuna qədər insanları Haqq yoluna dəvət etmək kimi şərəfli bir missiyanı davam etdirmişdir. Zamanla bu külliyyə şəhərin elm və irfan beşiyinə çevrilir.

Vəfa Sultan təsəvvüf elminin kamil bilicisi, şair olmaqla bərabər, astronomiyaya, riyaziyyata, musiqiyə aid bilgiləri ilə öz dövründə böyük şöhrət qazanmış, bəlağətli nitqi ilə könüllərə xitab etmişdi. Təsadüfi deyil ki, onun dərgahına dövrün böyük alimləri, məşhur şəxslər də gələr, söhbətlərini dinləyərdilər. Şeirlərini Vəfa, İbnül-Vəfa, Vəfazadə, Əbül-Vəfa təxəllüsləri ilə yazan şairin  “Məqami-süluk”, “Sazi-irfan”, “Əvradi-vəfa”, astronomiya ilə bağlı “Ruznaməyi-vəfa” və başqa gərəkli əsərləri günümüzə gəlib çatmışdır. Şeirlərini türk, ərəb və fars dillərində qələmə alıb. Bu örnəklərdən türk dilində yazılmış “Məqami-süluk” əsərində təsəvvüflə bağlı elmi qənaətləri öz əksini tapmışdır. 396 beyitdən ibarət mənzumə bədiilik baxımdan naqis hesab olunsa da, burada başlıca məqsəd ədəbiyyatdan ziyadə, əxlaq və təsəvvüf düşüncələrini nəzmə çəkmək olmuşdur. Bu xüsus Vəfa sultanın günümüzə çatan bütün şeirlərində özünü göstərir:

Əvvəl tövhidi zikr et,

Sonra cürmünü fikr et.

Var yoluna doğru git.

Dərviş olayım dersən.

Bir zati-kamil ara,

Gəzmə, tozma avara.

Tamam sıra bu sıra,

Dəviş olayım dersən.

Qəflət ilə çalışma,

Çox gəzməyə alışma.

Kəm sözlərə qarışma,

Dərviş olayım dersən.

Dostunda qüsur görmə,

Ağ yüzə qara sürmə,

Başına çorap hörmə,

Dərviş olayım dersən.

Hər yerə ayaq basma,

İhsandan əlin kəsmə,

Çox sözə qulaq asma,

Dərviş olayım dersən.

Haram loğmanı yutma,

Bir kimseye kin tutma,

Şeyx Vəfayı unutma,

Dərviş olayım dersən.

Bu misralar kamillik yoluna yeni qədəm qoyan müridlər üçün, bir növ, yol göstəricidir.

Şeyx Vəfa, həm də 15-ci yüzilliyin şanlı zəfərinin – İstanbulun türklər tərəfindən  fəth edilməsinin şahidi olmuş, bu qələbənin əbədilik qazanmasında şəxsən özü də çalışmışdır. Belə ki, ilk zamanlarda şəhərin maddi dünyasının yükü, ağırlığı Sultan II Mehmetin çiyinlərində idisə, mənəvi aləmin feyzlərini də Sultan Vəfa daşıyırdı. Bir-birindən bağımsız iki böyük yolun sonucunda İstanbul öz mənfiliklərindən arınmış, əsl türk yurduna çevirilmişdir. Eyni amal uğrunda çalışsalar da, nə II Mehmet, nə də atası Sultan II Bəyazid Şeyx Vəfa ilə görüşə bilmirlər. Belə rəvayət edilir ki, Peyğəmbərimizin (s) hədislərində də mədh etdiyi İstanbul fatehi 3 dəfə onun dərgahının qapısına gəlsə də, içəri girməyə müvəffəq ola bilmir, göz yaşları içində geri qayıdır. Şeyx Vəfanın bu qərarı, əslində, düşünülmüş addım idi. Çünki onlar iki fərqli dünyanın silahdaşları idilər. Və qəlbi ilahi eşqə aşiq bir sultanın dərgaha gəlməsi, oranın feyzlərinə vurğun olub qalması dövlətin başsız qalmasına, təhlükəsinə səbəb ola bilərdi. Bu qərarın munisliyi sultanı da razı salmış, ilgisini və dəstəyini heç vaxt  dərgahın, Şeyx Vəfanın üzərindən əskik etməmişdir. Bu rəvayət olunan hadisə böyük türk mütəfəkkiri Nəcib Fazil Qısakürəyin “Keçilməz” şeirinin yazılmasına səbəb olmuşdur:

Bu kapıdan kol ve kanat kırılmadan geçilmez;          

Eşten, dosttan, sevgiliden ayrılmadan geçilmez.

İçeride bir has oda, yeri samur döşeli;

Bu odadan gelsin diye çağrılmadan geçilmez…

Vəfa sultan dönəmin məşhur alimləri, yönəticiləri – Ağşəmsəddin, Molla Gürani, Sinan paşa, Zənbilli Əli Əfəndi, Molla Hüsrəv və digər çağdaşları ilə birgə çiyin-çiyinə çalışmış, İstanbul şəhərinin və insanlarının könlünü İlahi Eşqlə, imanla fəth etməyi bacarmışdır. Fəqət II Bəyazidin hakimiyyəti dövründə Müslihiddin Mustafanın və Zeyniyyə təriqətinin nüfuzu çox zəifləyir.

Düşmüşəm Eşq oduna ta ezel,

Kendi düşen ağlamaz vardır mesel…

söyləyən Şeyx Vəfa yaşamı boyunca tənhalığa çəkilmiş, gününün çoxunu inzivada keçirmişdir. Əzəl aləmində verdiyi sözə, əhdə bütün yaşamı boyunca vəfa göstərən, bu dünyaya aid hər şeyi özündən təcrid edən Vəfa Sultan həzrətləri 1491-ci ildə Haqqın dərgahına qovuşur və Sultan Mehmet tərəfindən tikdirilən Şeyx Vəfa məscidinin bağçasında dəfn edilir. Daha sonralar məzarı üzərində yaşıl qübbəli türbə tikilmişdir. Vəfa həzrətlərinin türbəsi üzərində “Onun məzarının torpağı aşiqlərin gözlərinə sürmədir” yazılmışdır…

  1. Erdoğan Abdulkadir. Fatih devri İstanbulunda bir bilge bir bilgin: Şeyh Ebülvefa ve Hızır bey, İstanbul: Fatih Belediyesi Kültür Yayınları, 2022, 89 səh.
  2. Akdağ Ahmet. Şeyh Ebu’l-Vefâ’nın tasavvufî bir şiirine Cebbârzâde Mehmed Arif bey tarafından yapılan şerh: dâfi’u’z-zulem min kulûbü’l-ümem, Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 2/3 2013 s. 152-184, TÜRKİYE
  3. Erdemir Avni. Muslihu’d-din Mustafa ibn Vefa Muslihu’d-din Mustafa ibn Vefa, GÜ, Gazi Eğitim Fakültesi Dergisi, Özel Sayı (2007)
  4. Öngören Reşat. Din ve tasavvuf