Tarixi vərəqlədikcə böyük millətlərin necə qayələr, amallar uğrunda mübarizə və mücadilə etdiyini görürük. Nə zaman ki millətin övladları mənəviyyatca qüvvətli, elmə fədakar, dəyərlərə sədaqətli olub, onların nailiyyətləri də, zəfər və fəthləri də zirvələşib. Həmçinin tarixin hansı dövründə cəmiyyətin əxlaqi çöküşü başlayıbsa, haqsızlıq, ədalətsizlik tüğyan edibsə, bu da toplumun tərəqqi ruhuna zərbə vurub. Yüz illərlə qazanılan mənəvi sərvət qısa zaman içərisində itkiyə məruz qalıb.
Bu tarixi gerçəklik zəmanəmizdə də öz təsirini saxlayır. Bəs bu gün böyüyən beşikdəki körpələr, bağçadakı uşaqlar, məktəbdəki şagirdlər, bir sözlə, sabahın gəncliyi hansı dəyərlərlə yetişməlidir ki, “xeyirli nəsil” anlayışı itməsin? Hansı ki bu dövrdə dünyada tüğyan edən və birbaşa əxlaqi dəyərlərə hədəflənən qüvvələr zəif, gücsüz, sevgisiz toplumların həyatlarına, təbii haqlarına, hürr düşüncələrinə, vicdani həssasiyyətlərinə müdaxilə edir və onların “dəyər” anlayışını zədələyir. Hər həmlə, hər müdaxilə onlarca, yüzlərcə gənci milli və mənəvi dəyərlərindən kənar salır. Bütün bunların önünü kəsmək naminə vətəninə, dövlətinə, milli-mənəvi dəyərlərinə vəfa ilə bağlanan xeyirli nəsil yenə də yetişməlidir. Bəs bu nəsil hansı dəyərlər və şərtlər əsasında böyüməli və bəslənməlidir? Bu sualın ilk cavabının valideyn məsuliyyətindən başladığını hər kəs bilir. Məsuliyyətin əskikliyi, vəzifədəki laqeydlik, haqq itirmək insanı təkcə bu dünyada deyil, axirət həyatında da məyus və pərişan edər. Valideynin tərbiyədəki boşluğunu heç kimin islah edə bilmədiyini nəzərə alsaq, onda məsələnin ciddiliyini daha aydın görə bilərik. İşin bu qədər ciddi olduğunu anlayan ata-ananın, yəqin ki, rahatlığı pozular. Çünki gözəl tərbiyə, xeyirli övlad yetişdirmək üçün uşaq psixologiyasını, hansı yaşda hansı addımın atılmasını bilmək önəmli xüsuslardır. Əslində, gözəl tərbiyə vermək – vətənə, millətə və insanlığa xeyir verən insan yetişdirməkdir. Xeyirli övlad öncə özünə, sonra ailəsinə, sonra da millətinə, dövlətinə yararlı şəxsdir. O böyüdükcə əlindən, dilindən və əməllərindən faydalanılan bir şəxsiyyətə çevrilər.
Bütün bu dəyərlərin aşılandığı ilk yurd, ilk məktəb isə ailədir. Ailə məktəbinin ciddiyyəti qədər də hüzurlu olması şərtdir. Daha sonra bilgi, təcrübə və ər-arvadın qarşılıqlı anlayışı gəlir. Əslində, tərbiyə ana bətnindən başlar. Ana övladın dəyişməz qədəri və taleyidir. Həyatda zirvələri fəth edən hər şəxsin uğurları arxasında məsuliyyətli, şəfqətli, bilikli və fədakar bir qadın, bir ana dayanır. Demək, xeyirli nəsil öncə xeyirli anadan, sonra da atadan başlayır. Bu səbəbdən öncə özümüz faydalı insan kimi yaşamalıyıq ki, yetişdirəcəyimiz övladlara sözümüzdən çox, əməllərimiz nəsihət versin.
Tərbiyə işi zamanın öhdəsinə buraxılmamalıdır. Özəlliklə də tərbiyənin təməl dövrü sayılan ilk 6 il yorulmadan, bezmədən övladın könül tarlasına xeyir toxumları əkilməlidir. İşi təsadüflərin öhdəsinə qoymaq – bu xeyirli əmanəti səfalətin qoynunda dəfn etməkdir. Əsl tərbiyə məsum körpənin qundaqdan qucağa, qucaqdan da səfalətin əllərinə deyil, əsl səadətin ağuşuna verilməsidir. Axı uşaq ailəyə xam torpaq kimi verilir. Onu elm, ədəb, əxlaq və dəyərlərlə yetişdirmək, xeyirə calamaq, faydalı insan kimi yetişdirmək valideynə həvalə edilib. Əbəs yerə deməmişlər ki: “Pis uşaq yoxdur, pis tərbiyə var”.
Xeyirli nəsil üçün öncə ailənin, daha sonra ətraf mühitin təsiri gəlir. Sevginin ətrini ailə bağçasında almayan bir uşaq o ətri başqa yerlərdə axtarar. Qarşısına çıxarsa – alar, çıxmadığı zaman isə bu təbii hisləri yoxluğa məhkum olar və bəzən də yerini nifrətə, qəddarlığa verər. Mənfi adətlərin yaratdığı sevgisizliyə hədəf olan uşaq yaşa dolduqda böyük cinayətlərə, böyük fəlakətlərə səbəb olar.
Ailə rəisi olan atanın düzgün və sistemli tərbiyə üsulu ömürboyu uşağa hikmət və ədaləti yoldaş edər. Hikmət vadilərinə üz tutan uşaq gözəllikləri tanıyar və onları yaşamağı adət halına gətirər. Tərbiyə uşağın dünyasını nə mühakimə etmək, nə də ona müdaxilə etmək deyil, əslində, onu öz təbiətinə uyğun, qabiliyyət və istedadına görə düzgün istiqamətləndirmək və dəstəkləməkdir. Tərbiyənin təfərrüatlarını da nəzərə alaraq söyləməliyik ki, valideynin həlimliyi, şəfqət havalı ciddi nəzarəti, uşağın işlərinə, dərslərinə yardım etməsinə qədər bütün dəstəyi övladın həyatında xeyirə hədəflənməsinə vəsilə olur. Ancaq acı söz, təhdid, qorxu, istehzayabənzər hər cür davranışlar uşaq ruhuna, onun xarakterinə, formalaşmaqda olan şəxsiyyətinə mənfi təsir edir və getdikcə onu xeyirdən uzaqlaşdırır. Bundan başqa, bir xüsus da var ki, bu da zərərli yoldaş amilidir. Unutmaq olmaz ki, zərərli yoldaşın xeyirli xislətləri sıfırlama, məhvetmə gücü var. Bu işdə son dərəcə diqqətli və incə davranmaq lazımdır. Çünki uşağı qorumaq naminə bütün dostları ilə əlaqələrini kəsmək, məhdudlaşdırmaq da böyük bir boşluq yaradar. Belə ki, uşaq boşluq gördüyü andan onu başqa bir şeylə doldurmağa çalışar. Üstəlik, burada ziyanlı bir vərdiş seçərsə, bu, tərbiyə işinə ciddi zərər verər. Bir sözlə, xeyirli övlad yetişdirmək üçün xeyirli dostları tapmaq da çox zəruridir.
Məktəblərə gəlincə, bu elm və mənəviyyat ocaqları daha çox təlim işlərini yüklənə bilir. Uşaqdakı hər cür boşluğu doldurma imkanı məktəblərdə xeyli məhduddur. Çünki məktəb, əsasən, ağılı, məntiqi ələ alır və uşağın bütün gününü izləmək imkanı olmadığından onun tərbiyəsi ilə ciddi məşğul ola bilmir. Tərbiyə də daha çox insanın ruhuna aid bir məsələ olduğundan məktəblər bu sahədə yetərsiz qalır. Uşaqlara tarix, fizika, riyaziyyat, ana dili və s. fənləri təlim edən məktəblərə ailə məktəbindən tərbiyə ağırlıqlı dəstək gəlməli və gələcək xeyirli nəslin ruhu birlikdə yoğrulmalıdır. Belə olduqda dərs əsnasında müəllimi dərhal anlayan uşaqların təhsil alması da asanlaşar.
Vətənə əsgər olmağın xeyirli bir şəxsiyyət demək olduğunu anlayan şagird düzgün istiqamət üzrə böyüyər. Milli və mənəvi dəyərlər əsasında qurulan mühit istər-istəməz tərbiyə dairəsini daha sağlam tutar. Beləliklə, həyatın içində pisi pis, yaxşını yaxşı görərək böyüyən, daim qayğı görən, sevginin varlığını duyan, sərbəstliyi ilə yanaşı, üzərində nəzarəti də hiss edən uşaq xeyirli nəsil karvanına qoşular. Bu uşaqların inkişafının önünü açmaq bizlərdən böyük bir fədakarlıq istər.
Tərbiyə işində medianı, internet və televiziyanın təsirlərini də gözardı etmək olmaz. İnkar etmək olmaz ki, bunlar günümüzdə övladlarımıza yaxın dostdan daha təsirli bir amilə çevrilib. İnternet və televiziyanın imkanlarından elə istifadə edilməlidir ki, onlar xeyirli nəslin yetişməsinə maneə yox, yardımçı olsun. Unutmaq olmaz ki, hər hansı bir televiziya proqramı, yaxud internet səhifəsi uşaqlar üçün zərərlidirsə, elə böyüklər üçün də zərərlidir. Təbii ki, xeyirlidirsə də, hər kəs üçün faydalı və verimlidir. XXI əsrin texnologiya və kompüter əsri olduğu hər kəsə məlumdur. Lakin günün şərtlərinə müvafiq tərbiyə vermək üslubundan, incəliyindən hər kəs hali deyil. Bəzi proqramların, internet səhifələrinin şüuraltına sevgisizliyi, şəfqətsizliyi, şiddəti təlqin etməsi zaman keçdikcə insanda mənəvi böhran yaradır. Ən mütərəqqi imkanlara malik olsalar da, sevgidən uzaq böyüyən uşaqların insanlığa mənən fayda verməyəcəkləri gün kimi aşkardır. Ruhi böhran, mənəvi sıxıntı, psixoloji sarsıntılar girdabına düçar olaraq əldə edilən elmin bəhrəsi də insanlığı mənəvi bəlalarla üz-üzə qoymaqdan başqa bir şey olmaz.
Gözəl örnək olmaq – xeyirli övlad yetişdirməyin təməl əsaslarındandır. Özü yalanlara bulaşan, amma övladından sədaqət tələb edən valideyn heç cür müvəffəq ola bilməz. Çünki bir dəyərin həyatda davamiyyəti boş sözlə deyil, yaşamaqla, yaşatmaqla gerçəkləşir.
Xeyirli, faydalı övlad, islah olunmuş və islah edən nəsil sadəcə arzularda qalmamalıdır. Bunun üçün ən çox görünən davranışlarımızı yaxşıya doğru dəyişməliyik ki, bunlar övladlarımızda xoşlanmayan əməllərə, naqis xasiyyətlərə rəvac verməsin. Bir sözlə, heç bir vəchlə onların baxışlarını yanlış istiqamətə yönəltməməliyik. “Xeyir xeyirə, şər də şərə vəsilə olar” demişlər. “Öncə insan olmaq” idealı milli mədəniyyətimizin fərqli bir dərinliyidir. Valideyn öz balasının ədəbli yetişməsinin, yaxşı oxumasının, böyük-kiçik yerini bilməsinin, yardımlaşma şüurunda olmasının sevincini, məmnunluğunu övladından daha artıq yaşayır. Bu böyük məmnunluğu, mənəvi zövqü görən, müşahidə edən uşaq da istər-istəməz ruhən və qəlbən böyüyür.
Xeyirli övlad təkcə öz xətasından deyil, başqalarının səhvlərindən də ibrət alandır. İbrət alan üçün mərifət – dərya, iltifat – düzgün istiqamətlənmiş gəmi, dərinliklər – inci xəzinəsi, çətinliklər isə yüksəliş məqamlarıdır. Bu yolda ən azı verdiyin qədər istəyə bilərsən, çünki öncədən verdiklərimizi zaman keçdikcə önümüzdə bir süfrə kimi açarlar.
Bəli, xeyirli nəsil insanlığın ülvi hədəfidir. Bu nəslin xeyirlisi yetişməzsə, xeyirsizi ortaya çıxar. Bəşəriyyətin həyat kitabı bu nəslin kirlənmiş əlləri ilə çirklənər, hər sətri yanlış yazılar və vahimələri, üzüntüləri, iflas və çöküntünü anladar. Odur ki xeyirli övlad üçün hüzurlu bir ailə yuvası nə qədər vacibdirsə, xeyirli nəsil üçün də təmiz bir mühit şərtdir. Ailələrdən milli ruhu alaraq cəmiyyətə çıxan, məmləkətin bərəkətli torpaqları üzərində addımlayan insanımız hər nəfəsində gözəlliklərə şahid olar və bu hava onu canlandırar, diri saxlar. Yox, əgər ailə ilə çevrə arasında ziddiyyətlər yaşanarsa, bu zaman övladın ruhi həyatında ikiliklər baş qaldırmağa başlar. Küsmə, incimə, çəkişmə səbəbi, əslində, insanın ruhi anlamda özünü tapmamasından, kiçilməsindən alovlanır. Hansı ki mənəvi dəyərlər xeyirli nəsil üçün ana südünün uşağa təsiri qədər əhəmiyyətli və zəruridir. Bu tərbiyə əsnasında unutmaq, səhlənkarlıq etməksə ar, namus damarlarını qurutmaq, çatlatmaq deməkdir. İnsan mənən sevgi iksirini daşıdıqca ailə ağacının faydalı bəhərləri yetişər, cəmiyyət də, millət də, dövlət də bundan yararlanar. Unutmayaq ki, millətinin mənəvi boyası ilə boyanan, dəyərləri üçün şanlı tarixinə boylanan nəsil – şəxsiyyəti mənəviyyat və sevgi ilə toxunan əsl xeyirli nəsildir.



