Çevrəndəki adamlar qəfil təşvişə düşsə,
bu işin günahkarı səni bilsələr əgər,
sən toxtaq ola bilsən, başını itirməsən,
şübhələrin hədəfi təkcə sən olsan belə,
həm özünə güvənib, həm onları anlasan;
gözləməyi bacarsan, gözləməkdən bezməsən,
səndən yalan desələr, sən yalana getməsən,
sənə nifrət etsələr, sən nifrət eləməsən,
özünü nə övliya, nə də müdrik saymasan;
Xəyala qul olmadan xəyallar qura bilsən,
düşünə bilsən əgər məqsəddən yayınmadan,
udanda qudurmasan, uduzub deyinməsən,
zəfərə-uduzmağa eyni cür baxa bilsən;
alçaqlar avamları yoldan çıxartmaq üçün,
sözlərini yozanda, sən dözə bilsən,
ömür qoyduğun bir iş başına uçsa əgər,
küsməsən, uçulmuşu təzədən tikə bilsən;
Nə yığmısan hamısını bir püşkə qoya bilsən,
uduzsan da oyuna bir də başlaya bilsən,
itirsən də deyinib, qəmə batmasan əgər,
ürəyin, əsəblərin, əzələn qocalsa da,
onları işləməyə zorlaya bilsən əgər,
içində “döz” deməkdən başqa güc olmayanda,
ən dözülməz anda da, bir dözüm tapsan əgər;
Meydanda danışsan da, şərəfi itirməsən,
krallarla gəzsən də, milləti unutmasan,
nə dostlar, nə düşmənlər səni incitməsələr,
sən ifrata varmadan hamını sevə bilsən,
əgər sən dəqiqəni altmış saniyə bilib,
onun hər bir anını layiqincə yaşasan;
yerdəki və göydəki hər şey sənin olacaq.
üstəlik İNSAN olacaqsan, oğlum…
Redyard Kiplinq
Tərcümə: Qismət Rüstəmov



