Ədəbiyyat üzrə 1901-ci ilin Nobel mükafatçısı Sülli Prüdomun “Oxucuma” şeirini sizlərə təqdim edirik.
Elə ki şeirlərim narahat etdi səni –
Bil ki, mən də soyuğam ona qarşı ürəkdən.
Ən yaxşı şeirlərim ürəyimdədir hələ,
Sən onları heç zaman duya bilməyəcəksən.
Qaranlıq xiyabanda ağ kəpənəklər kimi
Veyil-veyil süzürlər zərif çiçəklər üstə.
Xəyalımda dolaşan sevimli nəğmələr tək.
Başıma yığışırlar şeirlərim ahəstə.
Bir kobud toxunuşla toxundunsa onlara,
Ürək pərvanə kimi pərən-pərən düşəcək.
Qanadlarında olan toz da sovrulub gedər
Ətirli çiçəklərin quru ləçəkləri tək.
Ruhumu nəğmələrdən ayıra bilmirəm mən,
Zərif gözəllikləri elə durma, bax, – deyir.
Onları yaşatmaqçün mən susuram eləcə,
Onlarsa ürəyimdə sirli nəğmə söyləyir.
Ürəyim dopdoludur sirli şeirlər ilə,
Onlar arzularımın ən gərçək ahəngidir.
Sənsə pərvanələri görəmməzsən, oxucum,
Görə bildiyin ancaq izlərinin rəngidir.
Tərcümə edən: Əyyub Qiyas
Şeirlər Mahmud Xalıqovun fransız dilindən sətri tərcüməsi üzərində işlənib.



