Bitmək bilməyən qarşıdurmalar, çəkişmələr və savaşlar. Böyük oyunların qurbanına çevrilən günahsız uşaqlar, məhv olan talelər, ölən ümidlər… Tarixin hər mərhələsində ən qəddar savaşlara səhnə olmuş, etnik, milli və dini çəkişmələrin mərkəzi olan bir bölgə. Bu bölgə bu gün də müxtəlif savaşların şahididir. Söhbət uzaq diyarlardan deyil, Yaxın Şərqdən gedir.
Suriya böhranı bitməmiş, HƏMAS və İsrailin qanlı qarşıdurması davam edərkən indi də regionu daha böyük fəlakətə sürükləyəcək İsrail–İran müharibəsi riski yaranıb. Əvvəlcə İsrailin Suriyadakı İran konsulluğunu vurması, daha sonra isə İranın cavab olaraq İsraili raket və PUA-larla atəşə tutması mövcud riski daha da artırıb.
Bəziləri regional qarşıdurma sərhədlərinin genişlənəcəyi, İsrail və İran arasında qanlı müharibənin başlayacağı ehtimalından danışsa da, diqqət çəkən fərqli məqamlar da var. Əvvəla qeyd edək ki, müasir dövlətlərin, xüsusilə də avtoritar ölkələrdəki iqtidarların öz varlığını qoruması üçün həmişə istifadə etdikləri effektiv vasitə var: xarici təhdid faktoru. Bəzi ölkələrdə avtoritar şəxslər olduğu halda, bir qisimdə də sistemlər avtoritardır. İranda şəxslərin, İsraildə isə sistemlərin avtoritarlığı hökm sürür.
Bu iki ölkə isə həm daxili sabitliyi qorumaq, həm də beynəlxalq arenada təzyiqlərdən qaçmaq və tərəfdaş toplamaq üçün bir-birini real təhlükə göstərərək məqsədlərinə nail olur. Gəlin aydınlaşdıraq ki, illərdir İrandakı teokratik və despot rejimə qarşı mübarizə aparan ölkələr İsrailin bu ölkəyə qarşı mübarizəsinə az-çox ümid bəsləmirmi? Ya da İsraili dövlət kimi tanımayan, yaxud da onun addımları ilə razılaşmayanlar İranı İsrailə qarşı mübarizədə ümid yeri bilmirdimi?
Uzun illərdir bir-birinə düşmən görünən bu iki ölkənin, əslində, birinin digərinə heç vaxt ciddi zərbə vurmadığını görürük. Əsas zərbə İsrail raketlərinə tuş gələn İran generallarıdır. Başqa ciddi itki görə bilmirik. Amma əvəzində İsrail–İran düşmənçiliyindən hər iki dövlətin kifayət qədər fayda qazandığının şahidiyik.
Məsələn, İsrail İran təhdidini bəhanə gətirərək ABŞ, Qərb dairələri və digər anti-İran mərkəzlər üzərində önəm qazanır, onların dəstəklərini alır. Bu dəstək azalanda yenidən İsrail–İran gərginliyi alovlanır. Eyniylə İran İsrailə zərbə vurmaq sifətiylə illərdir ABŞ, Qərb və digər İsrail tərəfdarı ölkələr üzərində təsir gücü qazanır. Bu təsir azalanda isə, təkrar İsrail-İran qarşıdurması gündəmə gəlir və çarx beləcə fırlanmağa davam edir.
Bununla da bitmir. Son İsrail–İran krizində tərəflər hərbi cəhətdən də üstünlük qazandılar. Raket və dron hücumlarına qarşı effektiv müdafiə olunan İsrail tərəfi öz silahlarını yenidən reklam etdi. Müdafiə üçün bir milyard dollardan çox pul sərf edilsə də, İsrail yeni silah satışlarından milyardlar qazanacaq. İran isə illərdir hazırladığı raket və dronları test etdi, üstün və zəif tərəflərini görə bildi.
Ən əsası isə, hər iki ölkə daxili narazılıqların pik həddə olduğu bir məqamda vətəndaşlarına ənənəvi “xarici düşmən” amilini göstərərək, daxili sabitliyi müəyyən mənada təmin etdilər. Xatırlayırsınızsa, Fələstindəki əməliyyatlar fonunda artıq İsraildə rejimə qarşı etirazlar keçirilirdi. İranda isə xalq onillərdir despotizm və özbaşınalıqdan narazıdır. Sıravi iranlıları sadəcə bir amil – kafir xarici düşmənlər sakitləşdirə bilir.
Bununla da bitmir. İsrailin Qəzza zolağındakı radikal addımları onu artıq bütün dünyada təcrid edilən bir ölkə halına salmışdı. Hətta ən yaxın müttəfiqi ABŞ belə bəzi qeyri-insani addımlar fonunda rəsmi Təl-əvivi müdafiə edə bilmirdi. Ancaq İranın İsrailə atdığı raketlər ona beynəlxalq qoruma çətiri formalaşdırdı. Dolayısıyla İsrail bir gecədə Qəzzada qətliam törədən ölkədən təcavüzə məruz qalan məzluma çevrildi. İran isə özünü Qəzzadakı hadisələrə cavab verən ilk ölkə kimi göstərdi. Eyni zamanda Suriyadakı konsulluğunun atəşə tutulması fonunda addımlarına hüquqi zəmin də hazırladı.
O ki qaldı bu iki ölkə arasındakı müharibəyə, belə müharibə olmur. Müharibəyə hazırlaşan ölkələr ilk öncə canlı qüvvələrini səfərbər edir. Ordu döyüşə hazırlanır. Daha sonra hərbi texnika əməliyyatların başlayacağı trayektoriyaya uyğun yerləşdirilir və döyüş hazırlığı səviyyəsinə gətirilir. Ehtiyat tədbirləri görülür. Müharibə sadəcə 5-10 hədəfsiz raket atmaqla olmur, canlı qüvvə əraziyə daxil olur və döyüş tapşırıqları icra edilir.
Ola bilər, İsrail və İranın dövlət sərhədinin olmaması əsas gətirilsin, amma etiraf edilməlidir ki, hər iki dövlət xarabaya dönmüş Suriya ərazisində de-fakto sərhədlərə malikdirlər. Ən azından bir tərəf digərinə hücum etmək üçün Qolan təpələrinin bu və ya digər hissələrini hədəf seçə bilərdi.
İki ölkənin bir-birinə qarşı müharibə anlayışının bu tərzdə olmasının isə sadəcə iki səbəbi ola bilər. Birincisi, tərəflər biri digərindən çəkinir. Bir tərəf digərinin gücünün sərhədləri haqqında tam məlumata malik deyil, ikincisi, tərəflər sırf anlaşmalı şəkildə biri digərindən “xarici təhlükə” kimi istifadə edir və maraqlarını qorumağa çalışır. Bu isə, “danışıqlı döyüşdən” başqa bir şey deyil.