Ədəbiyyat

Tələsirdim axı

“Sizcə, dövrümüzün ən böyük problemi nədir?” – tələbələrimə bu sual ətrafında kiçik bir  publisistik məqalə yazmağı tapşırmışdım. Hamı tapşırığımı dediyim formada həyata keçirmişdi – qrupun ən ləng, sakit, hadisələrə soyuq münasibəti ilə seçilən bir tələbəsindən başqa. İlk baxışdan yazısının hekayə olduğunu gördüm və oxumamış dedim:

– Axı mən hekayə yox, publisistik məqalə tapşırmışdım.

– Müəllim, bəzən elə qaydaların çərçivəsində qapanıb qalmaq da dövrün ən böyük problemi olur.

Tələbənin cavabı məni düşündürdü və hekayəni diqqətlə oxumağa başladım…

“Payız idi. Amma hava elə idi ki, qışın zəhrimar yağan havası da bunun yanında toya getməli idi. Yağış nə gecə kəsirdi, nə gündüz. Üstəlik soyuqlar da vaxtından tez düşmüşdü. Belə günlərdən biri idi. Yavaş-yavaş şər qarışdığı dəqiqələrdə tələsə-tələsə evə gedirdim. Bu yağışda piyada yol getmək məni lap dilxor eləmişdi. Elə hey yarı ürəyimdə, yarı pıçıldaya-pıçıldaya deyinirdim: “Bu başı batmış usta da nə dəymədüşər çıxdı. Mən maşını təmirə verən kimi xəstələndi. Məni gözləyirdi də elə. Hələ bir utanmaz-utanmaz da deyir ki, pulunu indidən ver, xəstəyəm. Xeyriyyə fondu zad açmışam?! Xeyriyyəçilik həvəsində olanların da axrı odur, hamısı birdi. İşdən də vaxt edə bilmirəm ki, gedib maşını götürüm başqasına verim. Mən bikar deyiləm ha, iş-güc adamıyam”.

Elə bu sözləri deyirdim ki, qarşıdan gələn və məni diqqətlə süzən bir cüt göz nəzərimdən yayınmadı. Qeyri-ixtiyari ayaq saxladım. Həmin andaca bu bir cüt göz baş daşına həkk olundu. Gözlərimə inanmadım. Qarşımda məzar vardı. Düz yolun ortasında… Amma dəhşətlisi bu deyildi. Dəhşət o idi ki, baş daşındakı mənim şəklim idi. Sanki qəfil daşa dönmüş şəklimin yalnız gözləri diri qalmış, elə hey narazı-narazı məni süzürdü. Möhkəm yağış yağdığını unutdum… Evə tələsdiyimi də unutdum. Deyəsən, adımı da unutdum. Amma həmin dəqiqə xatırladığım çox şey oldu. 

Uzaq keçmiş deyildi. Elə bir neçə dəqiqə əvvəl Tennis Akademiyasının yanından keçəndə beş-altı yaşlı bir uşaq itdən qorxub ağlayırdı. Amma əhəmiyyət vermədim, yaxınlaşıb bir kəlmə toxtaqlıqverici söz də demədim. Tələsirdim axı…

Elə tələsə-tələsə yoluma davam edəndə əlində aptek torbası olan bir qız uşağı da işıqforun qırmızı işığının yanmasını gözləyirdi. Küçəni keçəndən sonra qız yavaşladı. Gözləri parıldaya-parıldaya paltar mağazasına baxmağa başladı. Deyirəm axı, bərk yağış yağırdı. Səkilər sürüşkən olmuşdu. Qız baxa-baxa sürüşüb yıxıldı. Əlimi cibimdən çıxarmağa və uşağa kömək etməyə ərindim. Həm də düşündüm: “Kor deyil ki. Ayağının altına baxsın da. Elə bil paltara baxanda onun olacaq”. Həm də ən əsası tələsirdim. Ləngiyə bilməzdim.

Tələsmək demişkən, dünən də beləcə tələsirdim. Bu dəfə yolum Tibb Universitetinin yanından düşmüşdü. Balaca bir oğlan uşağı mənə yaxınlaşdı. Ağlamışdı (gözlərindən bildim). Uşaq başladı körpəlik saflığı ilə uzun-uzadı dərdini danışmağa; özü də tələsdiyim bu dar vaxtda. Deyirdi ki, anası sabah Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında əməliyyata girəcək. Anasının simiti çox sevdiyini bilən uşaq bu gün (bəlkə də, son dəfə) ona simit almaq istəyirdi. Amma pulu yox idi. Məndən pul istəyirdi, çox yox – 60 qəpik. Vermədim, nəyimə lazımdır… Tələsirdim axı. Şəhərin ən mənzərəli yerlərindən birində yerləşən evlərimdən birində bahalı və ləzzətli kokteyl içə-içə istirahət etməyə tələsirdim…

Bu dəhşətli məqamda – məzarımdakı şəklimlə üz-üzə dayananda bax bunları xatırladım. Yağış məni tamam islatsa da, daha tələsmirdim. Dizdən aşağı qıçlarımı hiss etmirdim.

Bu dəhşətli məqamda artıq tələsməyim yox, tələsərkən etdiklərim və ya etmədiklərim məni incidirdi. Ən çox da anası xəstə olan o oğlan uşağı. Bəlkə, daha heç simit üçün pul axtarmırdı… Ürəyimin yerini birinci dəfə bu an hiss etdim. Möhkəm sancırdı. Amma bu başqa ağrılardan deyildi. Elə bil bu ağrını özüm idarə edirdim və mənə daha çox əzab verməsini istəyirdim. Birdən yoxa çıxdı. Ağrı yox, o – mənim məzarım, məni keçmişimə baxmağa məcbur edən heçliyim. Mən heç idim. Nə olsun, ev, maşın, var-dövlət… – hər şey var idi. Bunların heç biri bu qəlb ağrısını kəsə bilməzdi axı.

Son dəfə bütün gücümü topladım və bu əzaba son qoymaq üçün varımdan, varlığımdan qurtulub quşa çevrildim və Onkoloji klinikaya doğru qanadlandım… Bu dəfə də tələsirdim. Amma yerin üstündə yeyin addımlarla yeriyərək yox, göyün üzündə qanad çalıb uçaraq…