Düşüncəsi, amalı ilə türkçülük-turançılıq ideologiyasının görkəmli nümayəndəsi olan Əli bəy Hüseynzadə kimi Əhməd bəy Ağaoğlunu da düşündürən, eyni zamanda daima narahat edən türk qadınının azadlığı məsələsi idi. Ona görə də hər iki ədib öz yaradıcılığında adıçəkilən mövzuya xüsusi önəm vermişdir. Budəfəki məqaləmizdə Əli bəyin ən yaxın amal və əməl dostu Əhməd bəyin ədəbi-bədii yaradıcılığında bu mövzuya olan münasibətindən az da olsa bəhs etmək istərdim.
Ə.Ağaoğlunun türk qadınlarının təhsili, azadlığı, seçmək və seçilmək hüququ məsələlərinə həsr edilmiş çoxsaylı məqalələri müxtəlif qəzet və jurnallarda nəşr olunub. Əslində, ədibin bu mövzuda bir sıra narahatlıqları da olmuşdur. Belə ki, o, Şərq qadınını Qərb qadını ilə müqayisə edərək bildirir ki, Avropa qadını bu haqqı mücadilə edərək aldığı halda, Şərq qadınına bu hüquq heç bir mübarizə aparmadan bəxş edilib. Odur ki ədib bütün varlığı ilə onları sahib olduqlarının qiymətini bilməyə çağırırdı. Əks halda isə əllərindəkini də itirmək qorxusunun olduğunu onların nəzərinə çatdırırdı.
Əhməd bəyin publisistikasında olduğu kimi, bədii yaradıcılığında da geniş yer verilən bu mövzuya həsr etdiyi “İslamiyyətdə qadın” əsəri diqqəti cəlb edir. “Qadınların islamdan əvvəl və sonrakı vəziyyətindən bəhs edilən əsərdə Ə.Ağaoğlu islam mənbələrinə əsaslanaraq onların tarixi proseslərdəki iştirakına toxunmuş və XX əsrin əvvəllərində müxtəlif cəmiyyətlərdə qadın hüquqları məsələsini tədqiq etmişdir”.
Burada bir faktı qeyd etmək istərdim ki, müəllif hələ bu əsərini yazmazdan əvvəl də Türk dünyasına, islam dininə qarşı böhtan və təxribat xarakterli çıxışlara ardıcıl olaraq cavab verir, mənfur yazarları polemikaya dəvət edirdi…