Xəbərlər

ABŞ gələn il yeni casus peyk şəbəkəsini işə salacaq

ABŞ Kosmik Qüvvələri gələn il quruda və suda cisimlərin hərəkətini izləyə biləcək yeni kəşfiyyat peykləri qrupunu istifadəyə verməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Defence One” portalı Kosmik Əməliyyatlar İdarəsinin rəis müavini general-leytenant Deanna Bertə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, söhbət Kosmik Qüvvələrin və ABŞ Milli Kəşfiyyat İdarəsinin birgə layihəsi olan “Ground Moving Target Indicator” (GMTI) proqramından gedir. Bu təşəbbüs Pentaqonda kəşfiyyat məlumatlarının axınındakı boşluğu doldurmaq üçün irəli sürülüb. Təşəbbüs ABŞ Hərbi Hava Qüvvələrinin 2023-cü ildə E-8 Birgə Müşahidə Hədəf Hücum Radar Sisteminin (JSTARS) döyüş nəzarəti və təyyarələri hədəfə alma sisteminin fəaliyyətini dayandırmasından sonra irəli sürülüb.

Bert qeyd edib ki, Kosmik Qüvvələr bu proqram çərçivəsində artıq bir neçə köməkçi peyk, o cümlədən rabitə və radar peykləri orbitə buraxıb. O əlavə edib ki, yeni peyk qrupu ilk növbədə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının bölmələrini kəşfiyyat məlumatları ilə təmin edəcək. Bert istifadəyə veriləcək cihazların sayını açıqlamaqdan imtina edib.