Xəbərlər

ABŞ-ın büdcə kəsiri 1,9 trilyon dollara çatır

ABŞ-ın büdcə kəsiri 2024-cü maliyyə ilinin sonuna bir ay qalmış 1,897 trilyon dollara çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu müddət ərzində ilk dəfə olaraq dövlət borcunun illik faiz xərcləri 1 trilyon dolları ötüb.

Nazirliyin hesabatında qeyd olunur ki, 2024-cü maliyyə ilinin 11 ayı üzrə kəsir əvvəlki maliyyə ilinin müqayisəli dövründəki 1,525 trilyon ABŞ dolları ilə müqayisədə 24% artıb. Buna səbəb qismən daha yüksək baza faiz dərəcəsi, hökumətin sosial təminat xərclərinin artmasıdır.

“2024-cü maliyyə ilinin ilk 11 ayı üçün gəlirlər 11% artaraq 4,391 trilyon dollara qalxıb (2023-cü maliyyə ilin eyni dövründəki 3,972 trilyon dollardan). Xərclər isə 6,288 trilyon dollar təşkil edib ki, bu da əvvəlki ilin müqayisəli dövründəki 5,496 trilyon dollardan 14% çoxdur. Cari maliyyə ili üçün xəzinənin faiz xərcləri 2023-cü maliyyə ilinin eyni dövrü ilə müqayisədə təxminən 30% artaraq 1,049 trilyon ABŞ dolları təşkil edib. Buna səbəb isə ay üçün orta çəkili faiz dərəcəsinin əvvəlki illə müqayisədə 43 baza bəndi artaraq 3,35%-ə çatmasıdır”, – məlumatda bildirilib.

Əlavə edilib ki, ABŞ-ın büdcə kəsiri avqustda 380 milyard dollara çatıb, keçən ilin eyni ayında 89 milyard dollarlıq profisit yaranıb. Həmin dövrdə gəlirlər 23 milyard dollar (8%) artaraq 307 milyard dollar, xərclər isə 493 milyard dollar (254%) artaraq 687 milyard dollara çatıb.