Xəbərlər

ABŞ İranla gərginlik fonunda bəzi diplomatların və hərbçilərin ailələrini Yaxın Şərqdən çıxarır

ABŞ Dövlət və Müdafiə departamentləri regional gərginliyin artması fonunda Yaxın Şərqin bəzi bölgələrindən qeyri-vacib personalı və hərbçi ailələrini təxliyə etmək üçün addımlar atıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ rəsmiləri və məsələ ilə tanış olan mənbələrə istinadən yerli media məlumat yayıb.

Qeyd edilib ki, çərşənbə günü başlayan yeni gərginliyin səbəbi hələlik məlum deyil. Bununla belə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmiləri Yaxın Şərqdə “artan gərginliyi” diqqətlə izlədiklərini deyiblər.

Son həftələrdə İran və İsrail arasında gərginliyin artması, eləcə də Tramp administrasiyasının İranla yeni nüvə sazişi əldə etmək cəhdlərinin dalana dirənməsi təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Müdafiə Nazirliyi (Pentaqon) və CENTCOM hazırlıq vəziyyətindədir
ABŞ-ın müdafiə naziri Pit Heqset Yaxın Şərqdəki bir neçə bazadan hərbçilərin ailələrinin könüllü təxliyə edildiyi barədə məlumatları təsdiqləyib.

“Hərbçilərimizin və onların ailələrinin təhlükəsizliyi bizim əsas prioritetimizdir. CENTCOM bölgədəki gərginliyi yaxından izləyir”, – rəsmilərdən biri əlavə edib.

CENTCOM-un komandiri general Maykl Kurilla regional gərginliyin artması fonunda Senatda cümə axşamı keçirilməsi planlaşdırılan dinləməni təxirə salıb.