Xəbərlər

ABŞ İsraildən Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmağı tələb edib

“Birləşmiş Ştatlar İsrail hakimiyyət orqanlarından Vaşinqtonun müəyyən etdiyi 30 günlük müddətin bitməsini gözləmədən dərhal Qəzza zolağında humanitar vəziyyəti yaxşılaşdıracaq addımlar atmağı tələb edir”.

“Füyuzat”ın məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O vurğulayıb ki, ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin israilli həmkarlarına göndərdikləri məktub Amerika administrasiyasının dərhal dəyişikliklər görmək istədiyini göstərir: “Dövlət katibi bu məktubu bazar günü göndərdi. Biz həqiqətən əmin olmaq istəyirik ki, dəyişikliklər 30 gün çəkməyəcək, dərhal baş verəcək”.

Daha əvvəl Miller brifinqdə bildirib ki, Blinken və Ostin məktubunda israillilərdən Fələstin anklavında humanitar vəziyyəti yaxşılaşdırmaq üçün 30 gün ərzində konkret addım atmağı tələb ediblər.