ABŞ prezidenti Co Bayden İsrailə 8 milyard dollar dəyərində silah paketi satmaq niyyətindədir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ Dövlət Departamenti İsrailin ABŞ-dan silah və sursat alacağı müqavilə bağlamaq niyyəti barədə Konqresə qeyri-rəsmi məlumat verib. ABŞ İsrailə qırıcılar və hücum helikopterləri üçün hava-hava raketləri, artilleriya mərmiləri, kiçik diametrli bombalar, əlavə JDAM sursat dəstləri, 500 funtluq bombalar (təxminən 227 kq) və digər döyüş sursatları verəcək.
Nəşrin mənbələri sövdələşmənin “İsrailin təhlükəsizliyinə uzunmüddətli dəstək” üçün nəzərdə tutulduğunu vurğulayıb. Bəzi silahların birbaşa Pentaqonun anbarlarından İsrailə ötürüləcəyi gözlənilir, lakin əksər silahların çatdırılması “bir il və ya daha çox” vaxt aparacaq.
“Axios” vurğulayır ki, İsrailə mümkün silah satışı ABŞ Nümayəndələr Palatasının və Senatın Xarici Əlaqələr Komitələri tərəfindən təsdiqlənməlidir.