Xəbərlər

ABŞ konqresmenləri İsrailə fasiləsiz silah tədarükünü dəstəkləyiblər

ABŞ Konqresinin Nümayəndələr Palatasının Prosedurlar Komitəsi Amerika administrasiyasının İsrailə fasiləsiz silah tədarükünü nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, sənədi doqquz qanunverici dəstəkləyib, dördü əleyhinə çıxıb.

Respublikaçıların təşəbbüsü ilə təqdim edilən qanun layihəsinin mətnində vurğulanır ki, konqresmenlər ABŞ prezidenti Co Bayden administrasiyasının bəzi silahların İsrailə təhvil verilməsini dayandırmaq qərarını pisləyirlər. Qeyd olunur ki, Ağ Evin sahibi bunu Konqreslə məsləhətləşmədən edib. Sənədə əsasən, Vaşinqton administrasiyası İsrailə əvvəllər təsdiq edilmiş silah təhvilini dərhal təmin etməlidir.

Nümayəndələr Palatası tezliklə qanun layihəsini qəbul edə bilər. KİV-in məlumatına görə, sənədin ABŞ Konqresinin Senatından dəstək alacağı ehtimalı azdır. Ağ Ev bildirib ki, Konqres tərəfindən təsdiqlənərsə, Bayden qanun layihəsinə veto qoyacaq.