ABŞ və Hindistan “2+2” formatında Ukraynadakı vəziyyəti, müdafiə sahəsindəki əməkdaşlığı və ikitərəfli tərəfdaşlığa dair digər məsələləri müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Görüşdə ABŞ və Hindistan arasında müdafiə, enerji, kosmos və mülki aviasiya sahələrindəki əməkdaşlığın ümumi prioritetləri müzakirə edilib.
“Danışıqlar zamanı Birləşmiş Ştatlar Hindistanla tərəfdaşlığı daha da gücləndirməyə və iki ölkə xalqları arasında əlaqələri genişləndirməyə sadiqliyini bir daha təsdiqlədi”, – Dövlət Departamenti bildirib.
Qeyd edək ki, “2+2” dialoqu sentyabrın 16-da Yeni Dehlidə baş tutub. Amerika tərəfdən tədbirdə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu və müdafiə nazirinin Hind-Sakit Okean regionu üzrə təhlükəsizlik məsələləri üzrə köməkçisinin baş müavini Cedidiya Royal iştirak edib.