Xəbərlər

Aİ Ermənistandakı missiyasının mandatını iki il uzadıb

Avropa İttifaqı (Aİ) Şurası 44 milyon avro büdcəli Aİ-nin Ermənistandakı missiyasının mandatını iki il müddətinə uzadıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.

“Bu gün Şura Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) mandatının daha iki il müddətinə, 2025-ci il fevralın 19-dan 44 milyon avrodan çox büdcə ayırmaqla, 19 fevral 2027-ci ilə qədər uzadılması barədə qərar qəbul edib”, – sənəddə deyilir.

Bəyanatda vurğulanır ki, Aİ-nin Ermənistandakı missiyası guya “Aİ-nin regionda sülh və sabitliyi qorumaq səylərinin mühüm tərkib hissəsidir”.

“Missiya yerlərdə vəziyyəti müşahidə etməyə və hesabat verməyə, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyini təmin etməyə və mümkün olan yerlərdə Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsinə dəstək verməyə çağırılır. Bu, silahsız mülki missiyadır və belə qalacaq”, – mətbuat xidməti izah edib.

Sənəddə bildirilir ki, missiya beynəlxalq və yerli kadrlar da daxil olmaqla 200-dən çox nəfərdən ibarətdir.

Qeyd edək ki, missiya Aİ Şurasının 20 fevral 2023-cü il tarixli qərarı ilə fəaliyyətə başlayıb.