Xəbərlər

Aİ liderləri sabah xüsusi sammitdə toplanacaq

Avropa İttifaqının (Aİ) liderləri fevralın 1-də keçiriləcək növbədənkənar sammitdə bir araya gələcək və burada Ukraynaya maliyyə dəstəyi göstərmək məqsədi ilə ittifaqın büdcəsinə dəyişiklikləri müzakirə edəcəklər.

“Füyuzat”ın məlumatına görə, Aİ liderləri sabah 14-15 dekabr 2023-cü il tarixlərində keçirilən rutin sammitdə Macarıstanın narazılığı səbəbiylə qəbul edilə bilinməyən Aİ Komissiyasının büdcə dəyişikliyi təklifini sabah müzakirə edəcək.

Komissiya Ukraynaya qarşıdakı 4 il ərzində fasiləsiz dəstək vermək üçün 2024-2027-ci illər büdcəsinə 50 milyard avroluq fondun daxil edilməsini istəyir.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen 13 dekabr 2023-cü il tarixində Avropa Parlamentindəki çıxışında qeyd edib: “Ukraynanın bizim davamlı maliyyə dəstəyimizə, eləcə də siyasi dəstəyimizə ehtiyacı var”. Onun sözlərinə görə, 2020-ci ildə hazırkı büdcə təsdiqlənəndə heç kim Avropa torpaqlarında hərtərəfli müharibə olacağını qabaqcadan görə bilməzdi.

Xatırladaq ki, Macarıstan Aİ büdcəsinin üzv ölkələri dəstəkləməli olduğunu, Ukraynada ciddi korrupsiyanın mövcud olduğunu və müharibədə Qərbin təklif etdiyi dəstəyin nəticə vermədiyini əsas gətirərək Ukraynaya maliyyə yardımı edilməsinə qarşıdır.

Aİ-nin yüksək rütbəli rəsmisindən alınan məlumata görə, dekabrın 15-dən etibarən Macarıstan nümayəndə heyəti ilə gündəlik olaraq danışıqlar aparılır.

Son günlər intensivləşən təmaslar isə hələ də nəticə verməyib.

Macarıstanın münasibəti yumşalsa da, hələ tam konsensus əldə olunmayıb. Baş nazir Viktor Orban yanvarın 18-də verdiyi açıqlamada büdcəyə hər il yenidən baxılması şərti ilə vetonu ləğv edə biləcəyini bildirib.

İddia olunurdu ki, Aİ Şurası hətta Macarıstanın səsvermə hüququnu əlindən ala biləcək düsturlar üzərində işləyir.

Qeyd edilib ki, liderlər Ukraynaya hərbi dəstəyin artırılmasını da müzakirə edəcəklər.

Aİ 2024-cü ilin martına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi verməyi və təlim keçdiyi Ukrayna əsgərlərinin sayını 40 minə çatdırmağı hədəfləmişdi.

Aİ-nin yüksək rütbəli rəsmisinin sözlərinə görə, liderlər xüsusi sammitdə Yaxın Şərqdəki son vəziyyəti də müzakirə edəcəklər, lakin bu, məhdud müzakirə olacaq.

İsrail-Fələstin məsələsi ilə bağlı danışıqlar təhlükəsizlik, humanitar ehtiyaclar və iki dövlətli həll yolu əsasında aparılacaq.

Daha əvvəl isə Aİ-nin təklif etdiyi beynəlxalq sülh konfransı ilə bağlı üzv dövlətlərin münasibəti dinləniləcək.

Digər tərəfdən, Aİ-nin ticarət gəmilərinin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizə donanma göndərmək məqsədləri də müzakirə olunacaq.