Avropa İttifaqı (Aİ) səfirləri iki aylıq müzakirələrdən sonra Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Mövcud razılıq ittifaqın Sloveniyaya enerji təminatı ilə bağlı təminat verməsi ilə əldə olunub.
“Füyuzat”ın məlumatına görə, TASS yeni məhdudiyyətlər paketinin məzmunu ilə bağlı əsas məqamları açıqlayıb.
Beləliklə, 50-dən çox fərd, şirkət və təşkilata təsir edəcək 18-ci sanksiyalar paketinə aşağıdakılar daxildir:
- Rusiya neftinin qiymət həddinin hər barel üçün təxminən 47,6 dollara endirilməsi və hər altı aydan bir yuxarı həddin təkrar nəzərdən keçirilməsi;
Şimal axınına qarşı sanksiyalar;
Rusiya neftinə əsaslanan neft məhsullarının Avropa İttifaqı ölkələrinə idxalına qadağa;
Rusiya neftini daşıdığı iddia edilən daha 105 tankerə qarşı sanksiyalar;
“Rosneft”in Hindistandakı neft emalı zavoduna qarşı məhdudiyyətlər;
Rusiyaya dəstək verən bir neçə Çin bankına qarşı sanksiyalar;
Daha 22 Rusiya bankına məhdudiyyətlər. Bu qərar həmin bankların SWIFT sistemindən çıxarılmasını və əməliyyatların tam qadağan edilməsini nəzərdə tutur;
İkili təyinatlı avadanlıqlara, o cümlədən hərbi sənayedə istifadə oluna bilən dəzgahlara məhdudiyyətlər.
18-ci sanksiyalar paketinin tətbiqi ilə bərabər Estoniyanın xarici işlər naziri Marqus Tsakna bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 19-cu paketi üçün işə başlayıb.