“Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən konfrans milli mətbuatımızın 150 illik yubileyinə həsr edilib.
Tədbir komitənin sədri Bahar Muradovanın “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransı ilə başlayıb.
B.Muradova mətbuat konfransı açıqlamasında qeyd edib: “Ölkəmizdə sosial rifahın ilkin istiqaməti ailədir. Azərbaycan ailəsi milli kimliyin davamı kimi qorunmalıdır. Eyni zamanda yeni çağırışlar da diqqətdən kənarda qalmamalıdır”.
Mətbuat konfransından sonra isə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” konfransını açıq elan edib: “Mətbuat cəmiyyətin aynasıdır. Xalq özü-özünü dərk edəndə böyük xalq olur. Uşaq və qadın hüquqlarının mətbuat vasitəsilə işıqlandırılması və çıxış yollarının ortaya qoyulması əhəmiyyətlidir. Biz yolumuzu elmlə, alimlərlə, mətbuatla birlikdə görürürük. Arzu edirik ki, güclü ölkənin güclü vətəndaşı, hüquqları qorunan uşağı, qadını, rifah içində yaşayan ailəsi olsun!”
Qeyd edək ki, konfrans çərçivəsində jurnalistlər arasında keçirilən müsabiqənin mükafatlandırma mərasimi, həmçinin Azərbaycanın ilk qadın mətbu orqanı olan “İşıq” qəzetinin transliterasiya edilmiş toplusunun da təqdimatı keçirilib.
Təqdimat zamanı “İşıq” jurnalının baş redaktor müavini, “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu qeyd edib: “Hansı cəmiyyətdə ki qadın ucaldılıb, o cəmiyyət özü də ucalıb. Bu mənada Azərbaycan qadını ən uca zirvələrə layiqdir. Azərbaycanda mətbuat ilkin olaraq maarifçilik vəzifəsini yerinə yetirmək üçün yaradılmışdı. Azərbaycanın ilk mətbu orqanı olan “İşıq” qəzetinin məqsədi bu idi və bugünkü “İşıq” jurnalının da yolu budur”.
Daha sonra isə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək MİMTA Fondunun tərcümə mərkəzinin Azərbaycan mətbuatına verdiyi töhfələrdən bəhs edib, fondun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə ortaq layihəsindən söz açıb: “Bu layihə bizim Azərbaycan mətbuatına ilk töhfəmiz deyil. MİMTA Fondu “Füyuzat” və “İşıq” jurnallarının nəşrini bərpa etmiş, “İşıq” qəzetinin və “Dirilik” jurnalının transliterasiya edilmiş toplularını tərtib etmişdir”.
Müxtəlif mövzulu panel müzakirələri şəklində təşkil edilən konfransda rəsmi qonaqlar və media mənsubları iştirak ediblər.








