Xəbərlər

Almaniya qaçqın qəbulunu dayandırıb

Almaniya BMT proqramı çərçivəsində qaçqınların könüllü qəbulunu müvəqqəti olaraq dayandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya Daxili İşlər Nazirliyi və BMT-nin rəhbərliyinə istinadən “Deutsche Presse-Agentur” (DPA) məlumat yayıb.

Bu qərar hazırda Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar bloku və Almaniya Sosial Demokrat Partiyası tərəfindən aparılan hakim koalisiya üzrə danışıqlarla bağlıdır. İlkin məsləhətləşmələrdən sonra onlar qaçqınların könüllü qəbulu proqramlarını mümkün qədər tez dayandırmaq və yeni proqramlarda iştirak etməmək barədə razılığa gəliblər.

Almaniya hökuməti daha əvvəl BMT vasitəsilə 2024-2025-ci illərdə Almaniya ərazisində ümumilikdə 13 100 qaçqının yerləşdirilməsi ilə bağlı razılığa gəlib. Onlardan 5061-i artıq Almaniyaya daxil olub, o cümlədən Türkiyədən olan suriyalı qaçqınlar da ölkəyə gəlmək imkanı əldə ediblər.

Xatırladaq ki, Almaniyanın ehtimal olunan gələcək kansleri Fridrix Merz hakimiyyətə gələcəyi təqdirdə miqrasiya siyasətini xeyli sərtləşdirmək niyyətindən dəfələrlə danışıb.