Xəbərlər

AMB qanunsuz fəaliyyət göstərən ödəniş bazarı iştirakçılarına xəbərdarlıq edib

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən, ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları Azərbaycan Mərkəzi Bankından (AMB) müvafiq lisenziya əldə etməlidirlər.

“Füyuzat”ın məlumatına görə, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, həmin Qanunun 65.1-ci maddəsinə görə lisenziya almış ödəniş təşkilatları və elektron pul təşkilatının ictimaiyyət üçün açıq olan reyestri tərtib edilir. Beləliklə, hər hansı şəxsin müvafiq fəaliyyət növü üzrə lisenziyasının mövcudluğu AMB-nin internet səhifəsində dərc olunan ödəniş və elektron pul təşkilatlarının siyahısından (https://www.cbar.az/page-853/electronic-money-institutions) yoxlanıla bilər.

“Mərkəzi Bank haqqında” qanunun 51.3-cü maddəsinə əsasən AMB maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya (icazə) olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və yaxud hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir, bu barədə məlumatı internet səhifəsində və mediada açıqlayır, qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir.

Bu baxımdan, lisenziyası olmadan ödəniş və ya elektron pul təşkilatı kimi qanunsuz fəaliyyət göstərən şəxsləri aşkar etdikdə, bu barədə AMB-yə (https://contact.e-cbar.az/) məlumat verməyiniz xahiş olunur. Məlumat verən şəxs barədə məlumatların konfidensiallığına təminat verilir.