Orxan Vəliyev Təhlil Xəbərlər

Ana dili

“Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr – onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir”.

Ana dili xalqın milli kimliyini, tarixini və mədəni yaddaşını yaşadan ən əsas dəyərdir. Hər bir vətəndaşın ana dilini qoruması və törətməsi gələcək nəsillər qarşısında məsuliyyətdir. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, ana dilinə hörmət dövlətçiliyin və milli birliyin əsas şərtidir. Bu dəyərlərə sadiqlik xalqın mənəvi gücünü daha da gücləndirir. “Füyuzat” bu mövzu ilə bağlı siyasi elmlər doktoru Orxan Vəliyevin “Ana dil” yazısını təqdim edir.

Əvvəla, ANA DİLİ anlayışını idrak etmək lazımdır. Bu anlayış təkcə etnos üzvlərinin ünsiyyət dilini deyil, eləcə də torpaq üzərində yaşayan xalqın, kültürün, keçmişin dilinin Azərbaycanda ana (əsas, aparıcı) dil olmasını nəzərdə tutur.

Budəfəki essedə bəhs etdiyim reallıq üzərində qurduğum hipotezimi detallandırmağa çalışacağam. Eyni zamanda hipotezimin bir digər hissəsi bundan ibarətdir ki, milli dil ilə bağlı strategiya prezidentin zəfər qazanan zabitlər qarşısında çıxışını nəzərə alaraq yenilənməlidir. Əks halda, “Qarabağ Azərbaycandır!” siyasətinə sahib çıxacaq nəsillər yetişdirmək müşkül olacaqdır.

Azərbaycanda ana dili məsələsinin əsas hədəfi rus dili qarşısındakı ikincilik statusundan xilas olmaqdır. Bu isə birbaşa hakim (suveren) mövqeyində hökm verməklə bağlıdır. Məsələnin əhəmiyyətinin anlaşılması üçün Osmanlı tarixindən bir misal vermək istəyirəm. Belə ki, Osmanlı imperiyası İstanbulun fəthi ilə Ayasofiya kilsəsini məscidə çevirsə də, qübbələrin möhtəşəmliyi, əzəməti qarşısında narahatlığını gizlədə bilməmişdir. Bu məqsədlə şəhərin təpələrindən birində – Süleymaniyyə məscid kompleksində Ayasofiyanın möhtəşəmliyi ilə yarışacaq yeni bir məscid inşa edilmiş, beləliklə, İstanbulda Osmanlı (türk) hakimiyyəti bərqərar edilmişdir. Buradan yola çıxaraq Azərbaycanda dil məsələsəsinə də eyni çərçivədən baxmaq lazımdır. Belə ki, Azərbaycan Şuşa və Xankəndinin azadlığı ilə ərazi suverenliyini bərpa etmişdir. Ancaq Azərbaycan dilində təhsil və bu dildə təhsil alanların elitarlığı təmin edilə bilməsə, suverenlik yarımçıq qalacaq. Türkiyə Respublikasının qurulduğu ilk illərdə Osmanlının müxtəlif coğrafiyalarından Anadoluya sadəcə digər millətlərin nümayəndələri deyil, bu dili bilməyən türklər də köçmüşlər. Dövlətin qurulduğu ilk illərdə bu məsələni ortadan qaldırıb dil bütövlüyünü, birliyini təmin etmək üçün ölkə nəzdində “Vətəndaş, türkcə danış” kampaniyası həyata keçirilmişdir. İndi Azərbaycan eynilə “Vətəndaş, Azərbaycan dilində danış” deyə bilmək iradəsini göstərməli, rus dilinin və bu dildə təhsil alanların hegemoniyasını “sındırmalıdır”. Bu, illah da rus dilində təhsilin dərhal ləğv edilməsi şəklində özünü göstərməməlidir. Əksinə, doğru siyasətlə rus dilində təhsil Azərbaycanın milli maraqlarına xidmət edəcəkdir. Qısası, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin yaratdığı “kiçikliyi” ortadan qaldıran zəfərin, suverenliyin şüarına çevrilən “Qarabağ Azərbaycandır!” ancaq ana dil vasitəsilə qorunub gələcək nəsillərə ötürülə bilər.

Hər dövrün özünəməxsus tələbləri vardır. Misal üçün, işğal dövrü ilə zəfər dövrünün xarici siyasəti və naziri də fərqli olur, olmalıdır. Bu xüsusiyyət ana dil məsələsində də belə olmalıdır. 90-cı illərin əvvəlindəki işğal prosesi TV-lərin mövzusuna təsir etdiyi kimi, əldə etdiyimiz zəfər də sosial-ictimai həyatımıza təsirsiz ötüşmədi. Bir nümunəni qeyd edək: “İctimai” TV-nin “Sabaha saxlamayaq” verilişində (2021) rusdilli təhsillə bağlı aparılan müzakirələrin birində özü də bu dili yüksək səviyyədə bilən, hətta rus dilində fəaliyyət göstərən “Ayna” (“Zerkalo”) qəzetinin redaktoru Elçin Şıxlı belə bir fikir səsləndirmişdi ki, Seyid Əzim, Hüseyn Cavid çar Rusiyası və SSRİ (müstəmləkə – O.V.) dövründə yazıblar. İndi isə bizim müstəqil dövlətimiz var və milli dillə bağlı siyasət buna müvafiq olmalıdır.

Yəni əldə edilən tarixi zəfər imkan verir ki, 200 illik müstəmləkə izləri ilə hesablaşılsın və dekonstruksiya edilsin.

Hər ölkənin müəyyən reallıqları var ki, istər siyasi qərar verərkən, istərsə də qərar qəbul edənlər (policy makers) üçün məqalə, kitab, hesabatlar yazılarkən, xüsusilə siyasi analizlər edilərkən bu reallıq diqqətə alınmalıdır. Çünki siyasi qərar vermə hökmündə olanlar, adətən, bu analiz və hesabatlara söykənərək bir qənaətə gəlirlər. Qısaca desək, Azərbaycanın reallığı qısa müddət ərzində rus dilində dövlət təhsilinin aradan qaldırılmasına imkan verməyə bilər. Təxminən iki əsrə yaxın təcrübənin yaratdığı vəziyyət və bunu müdafiə edən həm Gürcüstanın (2008), həm də Ukraynanın (2022) “başına gələn” Rusiya reallığı var. Buna əlavə olaraq Ukrayna müharibəsindən sonra Rusiyadan keçmiş postsovet ölkələrinə miqrasiya edən ruslar və bu dildə danışmağa adət etmiş həmin ölkənin Rusiyadan gələn insanları da bu reallığı şərtləndirir. Bununla belə, əldə edilən tarixi hərbi-siyasi zəfərin bir qazancı, nəticəsi olmalıdırsa, bu da özünü mütləq milli kimliyin ana elementlərində göstərməlidir. Belə ki, əgər Azərbaycan tam təşəkküllü suveren dövlətə çevrilibsə ki, çevrilib ana dil məsələsində müstəqil bir mövqe formalaşmalı və Azərbaycan dili cəmiyyətdə sosial, iqtisadi, mədəni, akademik və s. nöqteyi-nəzərdən elitar status qazanmalıdır. Əks halda, Azərbaycan dilinin elitarlaşması mümkün olmayacaqdır. Qısacası, hazırda Azərbaycanda ana dil kontekstində baş verən dəyişikliklər konstitusiyanın ilk maddəsinin reallaşdırılması kimi başa düşülə bilər. Daha doğrusu, birinci maddəsi sovetləşməyə keçid kimi nəzərdə tutulan, ilk konstitusiya olan 1921-ci ilin Sovet anayasasının rəddi, müstəqilliyin ilk konstitusiyası olan (1995) anayasanın ilk maddəsində öz əksini tapan hakimiyyətin mənbəyi Azərbaycan xalqının dilinin elitarlaşması prosesi baş verir. Zəfər qazanmış, vətəni bütövləşdirmək üçün canını fəda edən xalq dilinin vətən torpağında ANA (əsas, aparıcı) dil olmasını tələb etməkdədir. Çünki millət Azərbaycan dövlətinin zəfərinin, suverenliyinin mərkəzi prinsipini təşkil edir. Millət olmaq isə sadəcə müəyyən bir coğrafiyada yaşamaqla olmur. Müəyyən coğrafiyada yaşayan xalq eyni ruh, duyğu və düşüncəni də paylaşmalıdır və bu, ana/milli dil vasitəsilə mümkün olur. Rus dilində təhsil alan Azərbaycan vətəndaşı sadəcə fiziki olaraq eyni məkanı bölüşür, ancaq onun eyni ruh, duyğu və düşüncədə olmasını gözləmək inandırıcı deyil. Bu baxımdan ana dil məsələsi hər şeydən əvvəl siyasətlə bağlı  suverenlik məsələsidir.

II

Modern cəmiyyətin probleminə çevrilən ana dil məsələsi intibah və reformasiya müəlliflərinin təşəbbüsləri ilə başlamışdır. Martin Lüter xristian, dindar olmağı öz dilində istəmişdi… Bu prosesin sonunda kapitalist iqtisadi münasibətlər, ardınca “çap kapitalizmi” milli dillərin doğuşunu zəruriləşdirdi. Hər şeydən əvvəl millətlər modern siyasi təşkilatlanmanın mərkəzi prinsipinə çevrildi. Belə olan halda millətlər üçün mövcudluğun ilk şərti suveren bir dövlət olduğu halda ana, milli dilə sahib olmaq ikinci şərt kimi göstərilə bilər.

Standart dillər modern dövrün nəticəsi olaraq ortaya çıxmışdır. Paralel olaraq millətlərin ortaya çıxması modern standart dilə milli statusunu qazandırmışdır. Yəni dil anlayışı qədim bir tarixə sahib olmaqla bərabər, milli dil anlayışı insanlıq tarixinin son bir neçə əsrlik hissəsini təşkil edir. Milli dil paralel olaraq müstəqilliyin, suverenliyin də simvolu kimi qəbul edilə bilər. Müqayisə üçün deyə bilərik ki, 1923-cü ildə yenicə qurulan Türkiyə Respublikası özündə güc tapan kimi dil və tarixlə bağlı inqilabi addımlar atılmış, Türk Tarix İnstitutu (1931) və Türk Dil İnstitutu (1932) təsis edilmişdir. Modern dövlətlər dünyəvi prinsip çərivəsində inşa edildiyi üçün yeni milli dillər də bu ehtiyacı qarşılamalı idi. Şübhəsiz, modern iqtisadi münasibətləri tənzim edən kapitalizmin rolunu, təsirini də qeyd etmək lazımdır.

Azərbaycanda modern dil anlayışı XIX əsrin birinci yarısında ilk modern aydınların mətnlərində ortaya çıxmışdır. Daha doğrusu, XIX əsrin sonlarına doğru neft bumu sayəsində yerli kapitalist zümrənin ortaya çıxması tədricən ana dildə oxumaq (mətbuat) və yazmağı (təhsil) şərtləndirmişdir.

Yeri gəlmişkən, Axundzadənin ana dildə (əslində, yerli dillər, çünki milli dildən bəhs etmək üçün arxada bir dövlət varlığı zəruridir) yazdığı komediyalar çar canişini Vorontsovun sifarişi ilə yazılıb. Əlbət ki, bu xüsus Axundzadənin, komediyaların milli ədəbiyyatımıza və dilimizə bəxş etdiyi töhfəni istisna etmir. Lakin reallığı düzgün dəyərləndirmək üçün məlumatları olduğu kimi qeyd etmək zəruridir.

XX əsrin sonlarında modern təhsillə yetişən yeni nəsil aydınlar milli dil anlayışını və onun millətin gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu dərk etməyə başladılar. Belə ki, Məhəmməd Əmin Rəsulzadə ötən əsrin əvvəlində “Milli dirilik” başlıqlı məqalələr silsiləsində milli dil məsələsinə xüsusi yer ayırmışdır. Ancaq ikicə il yaşayan Cümhuriyyət milli dilə dair de-yure bir anlayışı təsis etmədən tarixə qovuşdu. Yəni anayasa (konstitusiya) qəbul edə bilmədiyi üçün ana dilin siyasi-hüquqi kimliyi qeyri-müəyyən qalmış oldu. Daha doğrusu, de-yure dövlət ola bilməyən Cümhuriyyət bir çox məsələdə olduğu kimi milli dillə bağlı planını da reallaşdıra bilmədi. Milli dil anlayışı Sovet Azərbaycanında siyasi və hüquqi (konstitusiya) status qazandı. İlk konstitusiya olan 1921-ci il mətninin başlanğıcı sovetləşməyə keçidi hədəfləmişdi. Belə olan halda sovetləşmənin dil məsələsindən yan keçəcəyini gözləmək doğru olmazdı. Sovet Azərbaycanının “millilik” anlayışı, məlum olduğu kimi, “homo-sovietucus”a xidmət üçün nəzərdə tutulmuşdu. Beləliklə, sovet hakimiyyəti dövründə əsası qoyulan və bu gün də müşahidə edilən “rus dilli” və “Azərbaycan dilli” ayrımı meydana gəldi. Daha doğrusu, Azərbaycanda modern dil məsələsi XIX əsrdən başlasa da, institutlaşma sovet dövründə baş vermişdir. Çünki Sovet Azərbaycanı modern Azərbaycanın ən uzunmüddətli dövləti olub. 70 il ərzində Azərbaycan xalqının dilində şeirlər, romanlar və s. məhz sovetləşməyə töhfə üçün yazılmışdır. Bu isə aşılması, öhdəsindən gəlinməsi çox da asan olmayan milyonlarla səhifə mətn deməkdir. Lakin bu tarixi yük ancaq önəmli bir zəfərlə tərsinə çevrilə bilərdi. Azərbaycan xalqı o zəfəri Şuşa və Xankəndidə qazandı.

Müstəmləkənin dil məsələsinə təsirini anlamaq üçün şəhər anlayışına da baxmaq lazımdır. Məlum olduğu kimi modern şəhərlərdə kommunikasiya standart dillər vasitəsilə təmin edilmişdir. Bakı bu mənada neft bumu ilə bərabər, Azərbaycanın ilk modern şəhəri olaraq meydana çıxmışdır. Çarlıq dövründən etibarən Bakıda rus dili hakim dil olmuş, sovet dövründə isə  bu dilin mədəni, iqtisadi hakimiyyəti institutlaşdırılmışdır. Belə ki, mədəni fəaliyyətlərə zaman ayırmaq imkanı olan və cəmiyyətin şəhərli təbəqəsi kimi qəbul edilən orta sinif gündəlik həyatında, adətən, rus dilindən istifadə etməyə üstünlük vermişdir. 1980-ci illərdə dekolonizasiyanın qlobal motoruna çevrilərək artan millətçilik Azərbaycana da öz təsirini göstərmiş, milli azadlıq hərəkatı müstəqilliklə nəticələnmişdir. Ancaq müstəqilliyi bərpa etmiş millətçi zümrə Kürəkçay və Türkmənçayda başlanan və sovet dövründə institutlaşan izlərin qısa müddətdə aradan qaldırılmasının müşküllüyünü həm təcrübəsizlikdən, həm də dövrün gərgin şərtlərindən dolayı doğru dəyərləndirə bilməmişdir. Qaldı ki həmin dövrdə millətçilərin əsas töhfəsi müstəqilliyin qazanılması üçün apardıqları mübarizə olmuşdur.

1805-ci il Kürəkçay və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrinin, həmçinin sovet dövrünün 70 illik təsirinin izlərini qısa müddətdə aradan qaldırmaq o qədər də asan olmayacaqdı. Müstəqillik dövrünün bu mənada ən dəyərli hadisələrindən biri 1921-ci il konstitusiyası ilə başlayan hüquqi mətnin inkarı olan 12 noyabr 1995-ci ildə ilk müstəqil konstitusiyanın qəbul edilməsi olmuşdur. Məlumdur ki, modern insanın vətəndaşı olduğu dövlətlə bağını və davranışlarını, kimliyini müəyyən edən əsas hüquqi sənəd konstitusiyadır. 1 avqust 2001-ci ildə dövlət və özəl sektorda ana dildə yazmağı zəruri edən “Azərbaycan əlifbası və Azərbaycan Dili Günü”nün təsis edilməsi bu prosesin məntiqi nəticəsi idi. Ancaq aydın məsələdir ki, praktik nəticə və kəskin sosial-siyasi qərarın alınması üçün müəyyən vaxt tələb olunurdu. Hər şeydən əvvəl Azərbaycan xalqının ən ümdə vəzifəsi və məsələsi ərazi bütövlüyünün təmin edilməsi idi. Ancaq bundan sonra digər daxili məsələlərə yönəlmək olardı. Yəni əvvəlcə vətənin bütövlüyü (sağlamlıq) təmin edildikdən sonra milli kimlik məsələləri (funksionallıq və estetika) gündəlikdə özünə yer tapa bilərdi.

III

Rus dilində təhsil lazımdırmı?

Rus dilində təhsil Azərbaycana daha çox qazandırdı, yoxsa ciddi itkilərə yol açdı?

Türk dili Azərbaycan dilini sıxışdırıb sıradan çıxardırmı?

Türk dilinin artan təsiri ilə müstəmləkə dönəmindən gələn və özünə yer edən rus dilinin təsiri eyni səciyyə daşıyırmı?

Essenin bu bölümündə müzakirə olunan suallara cavab verməyə çalışacağam.

Müstəqilliyin ötən 30 ili ərzində cəmiyyətdə baş verən “rus dilli”, “Azərbaycan dilli” mübahisəsinə status çərçivəsində baxmaq lazımdır. Birincilər rus dili vasitəsilə qazandıqları statusu itirməmək, şəhərkənarı bölgələrdən mərkəzə gələn ikincilər isə statusa ortaq olmaq üçün mübarizə apardılar. Bu, cəmiyyət, hökumət üçün də qərar verilməsi çətin, həlli isə vacib bir məsələdir. Ancaq hər iki zümrə də azərbaycanlı olduğu və eyni ölkədə yaşadığı üçün inteqrativ bir yol tapmaq mütləqdir. Bununla bərabər, zəfər qazanmış Azərbaycanda milli dilin ana dil olması zərurəti də nəzərdən qaçırılmamalıdır.

Azərbaycan dilinin cəmiyyətdə mədəni üstünlüyü “rus dilli” və “Azərbaycan dilli” qruplar arasında davam edən status mübarizəsindən fərqli olaraq uzunmüddətli perspektivdə dilin nəsr və düşüncə dili kimi inkişafına yol aça bilər. Yəni Qarabağda əldə edilmiş hərbi-siyasi zəfər Azərbaycan dövlətinə, millətinə və dilinə öz dilinin düşüncə dili olması üçün imkan yaratmışdır. Azərbaycan dilində intellektual düşüncənin institutlaşması ölkənin üzləşdiyi və ya üzləşəcəyi problemlərə qarşı intellektual immunitetin yaranmasını da təmin edəcəkdir. Xülasə, 2020-ci ildə əldə edilən zəfər Azərbaycanda bir çox məsələdə olduğu kimi milli dil məsələsində də yeni bir reallıq yaratdı.

Siyasət bütün ehtiyac və reallıqlar nəzərə alınaraq formalaşdıqda hədəfin həyata keçirilməsi də mümkün olur. Axı siyasət mümkün olana dair qərar vermə sənətidir. 90-cı illərdə Azərbaycan dilindəki müstəmləkə izini tamamilə silmək mümkün deyildi. Ən azından Azərbaycan dili müstəqil və suveren dövlətin standart, rəsmi, milli dili kimi müəyyən yol qət etməli idi. Artıq postmünaqişə dövründə Azərbaycan dilindən müstəmləkə dönəminin izlərini aradan qaldırmaq həm mümkün olmuş, həm də bunun zərurəti ortaya çıxmışdır. Dövlət diaspora vasitəsilə xaricdə yaşayan gənc azərbaycanlılarla münasibətini bərpa etməyə başlayıb. Çünki müzəffər Azərbaycanın gələcəyini təmin etmək naminə ölkə xaricində yaşayan həmvətənlərimizlə ünsiyyətin bərpası önəmlidir. Burada isə milli dil aparıcı rol oynayacaqdır. Xülasə, Azərbaycan dili sadəcə daxildə rus-Azərbaycan dili məsələsinə görə deyil, həmçinin dövlətin diaspora fəaliyyəti üçün də cəmiyyətin aparıcı ünsiyyət vasitəsi olmalıdır. Nəticə etibarilə “Qarabağ Azərbaycandır!” siyasətinə ancaq Azərbaycan dili vasitəsilə sahiblənə və gələcək nəsillərə ötürə bilərik.

Millət, milli kimlik modern dünyada siyasi təşkilatlanmanın başlıca prinsipi olduğu üçün azərbaycanlılar qərar verməlidirlər ki, işğaldan azad edilmiş torpaqları yurd etmək, orada xalqımızın silinən varlığını, yaddaşını bərpa etmək üçün məhz Azərbaycan dilinə ehtiyac var. Əgər əldə edilən zəfərin bir nəticəsi olacaqsa, “Qarabağ Azərbaycandır!” şüarı çərçivəsində zəfər növbəti nəsillərə ötürüləcəksə, Azərbaycan dilinə, bu dildə qələmə alınan tarixə, ədəbiyyata ehtiyac vardır. Bu səbəbdəndir ki, zəfərdən sonra Vaqifin məqbərəsi önündə keçirilən poeziya gecəsində şair və yazarlar rəsmi nümayəndələr qarşısında məhz ana dilimizdə çıxış etmişdilər, başqa dildə yox! Zəfər tarixini hansı bölmədə təhsil almasından asılı olmayaraq orta məktəb şagirdinə ancaq Azərbaycan dilində tədris etmək lazımdır. Əks halda, bu, əzbərçilikdən başqa bir işə xidmət etməyəcəkdir.

Digər məsələ isə budur ki, müasir dövrdə insan hakim dil seçimini özü etmir, bu ona vətəndaşı olduğu dövlət tərəfindən diktə edilir. Hər hansı bir milli dil də onu istifadə edənlərin tamamilə könüllü şəkildə arzu etdiyi bir dil olmaya bilər. Belə ki, kimisi etnik, kimisi başqa bir səbəbdən həmin dildə danışmağa etiraz edə bilər. Lakin əgər bu ünsiyyət vasitəsi həmin ərazidə yaşayan əhalinin əksəriyyətinin dilidirsə və konsensus (ümumi razılıq) yaranıbsa, onun mənimsənilməsi daha asan olur. Halbuki rus dili bu torpaqda yaşayan xalqlar tərəfindən danışılmayan bir dildir və çar Rusiyasının müstəmləkə idarəçiliyi üçün bürokratik vasitə kimi tətbiq edilmişdir. Ona görə də bu dillərə müstəmləkə dilləri deyilir. Bununla belə, ana dili rus dili olanların hüquqları da nəzərə alınmalıdır.

Digər məsələ isə rus dilinin qazandırıb-qazandırmadığıdır. Hər şeydən əvvəl, əgər müəyyən bir ərazidə yaşayan xalq özünə aid olmayan bir dili kənar müdaxilə (müstəmləkə) nəticəsində istifadə edirsə və bu səpkidə bir zümrə formalaşırsa, belə olan halda hər hansı müsbət amildən danışmaq mümkün deyildir. Deyilir ki, rus dili vasitəsilə bir çox yeniliklər əldə edilib. Doğrudur! Ancaq Azərbaycan xalqı da uzun onilliklər məhz rus dili çərçivəsində qurulan müstəmləkəyə xidmət edərək sistemin davamlılığı üçün elm adamları, sənətkarlar və s. yetişdirmişdir. Yəni müstəmləkə dövründə faydalılıq qarşılıqlı olmuşdur. Hər şeydən əvvəl II Dünya müharibəsində qazanılan qələbədə Azərbaycanın həm insan resursları və təbii sərvətləri, həm də neft mühəndislərinin fəaliyyəti həlledici roy oynamışdır. Bunun üçün Yusif Məmmədəliyevi xatırlamaq kifayət edəcəkdir. Müstəmləkə dilinin “faydası” Donald Trampın hindistanlı həmkarı ilə Ağ Evdəki mətbuat konfransında hindistanlı bir jurnalistin aksentli ingiliscəsini başa düşməyib kobud şəkildə tərcümə tələb etməsində özünü göstərdi. Əlbəttə, müstəmləkə izindən xilas olmaq müşküldür. Ancaq müstəmləkə dilinin də nə olduğunu bilmək lazımdır.

Son onilliklərdə Türkiyənin artan nüfuzu və dünyanın gedişatı Balkanlardan Orta Asiyaya qədər geniş bir coğrafiyada türk dilinin təsirini artırmışdır. Belə olan halda Azərbaycanda gənc nəslin nümayəndələri arasında türk dilindən istifadənin geniş yayıldığı müşahidə edilir.

Burada belə bir sual müzakirə edilir ki, türk dili Azərbaycan dilinə zərər verirmi və müstəmləkə dili olan rus dili ilə türk dilinin təsirinin müqayisəsi nə dərəcədə doğrudur. Aydın məsələdir ki, Azərbaycan kimi gənc və “kiçik” bir ölkənin ana dil məsələsində ehtiyacları qarşılaması müşkül məsələdir. Çünki Azərbaycan dilinin uzun müddət dövlətsiz qalması bu dildə ədəbi, akademik mətnlərin, xüsusilə elmi əsərlərin kəmiyyətinə və keyfiyyətinə mənfi təsir etmişdir; misal üçün, ali məktəblərdə bəzi ixtisaslarda Azərbaycan dilində dərslik problemi məhz türk dilində nəşr və tərcümə edilmiş kitablarla həll edilir.

Türk dilinin Azərbaycanda ekspansiyasından danışmaq mümkündür. Ancaq türk dilinin Azərbaycan dilinə qarşı təhdid olduğunu söyləmək rus dilinin başqa bir slav dilinə qarşı təhdid olduğunu deməklə eyni olacaqdır. Çünki hər iki dil də ortaq kökə sahibdir. Bununla belə, Azərbaycan dilinin özünəməxsusluğu diqqətə alınaraq türk dilindən hər kəlmə, söz də idxal edilməməlidir; misal üçün, “bağışlayın” əvəzinə “pardon” demək Azərbaycan dilinin özünəməxsusluğuna zərər verə bilər. Türk dilinin Azərbaycan dilinə qarşı “təhdidi” linqvistik ola biləcəyi halda rus dili birbaşa müstəmləkə dili olaraq Azərbaycana ayaq açmışdır. Bu mənada iki dilin dövlətimizə və dilimizə təsirini eyniləşdirmək doğru nəticə verməyəcəkdir.

S.e.ü.f.d. dos. Orxan Vəliyev
Xəzər Universiteti, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri