Xəbərlər

ANAİB I Bakı Kitab Festivalı başlayıb

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ANAİB I Bakı Kitab Festivalı başlayıb.

“Füyuzat”ın məlumatına görə, dörd gün davam edəcək festival hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq.

Festivalın ilk günündə ANAİB-in sədri Şəmil Sadiq, millət vəkili Fazil Mustafa, AzTV-nin sədr müavini Rafiq Həşimov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri Sabir Rüstəmxanlı, Atatürk Mərkəzinin sədri Nizami Cəfərov iştirak edib.Şəmil Sadıq festivala gələnləri salamlayıb, oxuculara xoş mütaliələr və nəşriyyatlara gələcək fəaliyyətlərinə görə uğurlar arzu edib.

Fazil Mustafa festivalla bağlı fikirlərini bölüşüb, kitaba marağın artırılması istiqamətində atılan addımları dəstəklədiyini və təşkilatçılara təşəkkürlərini bildirib. Rafiq Həşimov ilk olaraq tədbirlə bağlı təəssüratlarını oxucularla bölüşüb, hazırkı dövrdə kitaba maraq mövzusuna toxunub.

Qeyd edək ki, son illərdə keçirilən sərgilərin formatına əlavə kimi festivalda yerli qəzet və jurnallar stendlə təmsil olunur.

Sərgiyə giriş ödənişsizdir.