Ədəbiyyat Xəbərlər

Anamın əlləri

Əlləri cavan idi anamın…
Şümşad kimiydi barmaqları,
şüşəyə bənzər ovuclarının
içində dəstələyib
hörərdi saçlarımı…
Elə sıx hörərdi ki,
saçlarım kürəyimi döyəndə
kürəyim ağrıyardı şirin-şirin…
Gözləri gənciydi anamın…
İynəni saplayardı… eynəksiz,
düyməni tikərdi… eynəksiz…
Hələ romanlar oxuyardı,
oxuyub ağlayardı.
Sonra gənc gözlərini silib
yemək bişirərdi,
süfrə hazırlardı…

Xasiyyəti uşağıydı anamın…
Dəymə-düşəriydi,
ən çox atamdan küsərdi,
sonra da barışardı…
Hər barışanda atam ona ətir alardı.
Anam ətirlənərdi,
anam güzgülənərdi,
anam xoşbəxt olardı…

Əlləri qocaldı anamın,
barmaqları da heydən düşdü…
Daha saçlarımı hörə bilmir,
hörüyümü sıxa bilmir.
Gözləri də qocaldı,
iynəni saplamır,
düyməni tikmir…
İş-güc görməyə də qoymuram,
doğrusu, qıymıram…

Bircə… bircə xasiyyəti
uşaq qaldı anamın,
yenə də dəymə-düşərdi.
İndi də tez-tez
özüylə küsüb-barışır,
ən çox atamın şəkliylə danışır:
“Sənnən sonra ətir vurmamışam”…

Esmira Məhiqızı