Həyatımız boyu müəyyən seçimlər etmək üçün qərarlar qəbul edirik. Bəzən doğru, bəzənsə yanlış olur bu seçimlər. Bəlkə də, ən böyük yanlışı yolun ən başında edirik. Doğru sözləri seçmədiyimiz üçün. “Anamızın kitabı”na yadlaşdığımız üçün. Bizə hissləri sözlərə düzməyi öyrədənin dilinə – anamızın dilinə uzaqlaşmaq bizi özümüzdən uzaq tutur, bəlkə də. Ancaq bu sehri duyanda bir başqa olur dünya. Əslində, dünyaya göz açanda hiss edirik bu sehri. Bircə “ana qurban” ifadəsi ilə ana dilindəki doğma hərarəti duyuruq. Vaxt keçir, anamız əlimizdən tutub öz dilində ilk sözü yazdırır bizə. Beləcə başlayır ana dilimizə olan səyahətimiz. Elə bu doğma bağlardan yarandığı üçün “Ana dili” adlanır ilk dərsliyimiz. Böyüdükcə onun nağıllarında eşitdiyimiz sözlər həyatımızda iz qoymağa başlayır. Onun öyrətdiklərindən yola çıxıb sözümüzü – özümüzü itirməməyə çalışırıq. Keçmişin ətrini yaşatmaq istəyənlərin qəlbindən də, dilindən də düşmür o sözlər. Bir gün sözlərdən çələng hörən bir şairin ilhamına çevrilib misralarda səslənir o:
“Anamın gözləri şəfadı, nurdu,
Qəlbimdə, yolumda işıq yandırır.
Anamın sözləri vüqar, qürurdur,
Zehnimi, ruhumu işıqlandırır”.
Fikrət Qoca
Bir gün bir bəstəkarın xalı kimi notlarla toxuduğu nəğmələrdə səslənir:
“Anamın sevimli nəğməsi
Sarı bülbül, sarı bülbül.
Bu nəğmə oxunanda
Anamın gözlərində
Gülümsərdir çiçək-gül.
Sarı bülbül, sarı bülbül”.
“Anamın sevimli nəğməsi”, bəstəkar Elza İbrahimova
Və bir gün qızının dilində onun ruhunu yaşadan “anamın mətbəx qeydləri” ilə xatirələrdən boylanır. “Özün kimi sözündən də müğayət ol”, – deyir. Çünki anamızın dilində danışanda başqalaşır dünya, gözəlləşir təbiət…
“Bir anlıq yolundan dayanar külək
Sən danışanda.
Baxar gözlərinə əlvan gül-çiçək
Sən danışanda”.
Nəbi Xəzri



