İnsan qəribə varlıqdır. O, daim axtarışdadır. Amma çox zaman nəyin ardınca qaçdığını özü də bilmir. Sanki ruhunun içində görünməz bir boşluq var. Biz bu boşluğu gah işlə, gah istirahətlə, gah da səyahətlə doldurmağa çalışırıq. Amma nə qədər qaçırıqsa, o qədər də boşluq dərinləşir. Çünki doluluğu xaricdə axtarırıq, halbuki onun açarı içimizdə gizlidir.
Hər şeyimiz var, amma yenə də “nəsə çatmır” deyirik. Halbuki çatmayan çox zaman nəsnə deyil, baxışlarımızın minnətdarlığıdır. İşləyəndə bezirik, evdə olanda darıxırıq. Dincələndə vicdan əzabı çəkirik, hərəkətə keçəndə “bir az sakitlik istərdim” deyirik. Biz anın içinə sığmırıq, çünki ya dünənin yükü ilə, ya da sabahın qorxusu ilə yaşayırıq. Elə bil ki bu gün bizə yad bir ölkədir, orada qalmaqdan çəkinirik. Ancaq həyat elə bu “indi”nin içindədir. Xoşbəxtlik uzaqlarda deyil, o səssizcə gözləyir: stəkanındakı suyun şəffaflığında, səhər küləyinin sərinliyində, bir uşağın gülüşündə, bir nəfəsin içində.
Biz hər şeyi görürük, amma heç nəyi hiss etmirik. Bir çiçəyin açılmasını, günəşin doğmasını, bir quşun səsini adi sayırıq. Halbuki həyat elə həmin “adi” anların içində möcüzə kimi gizlənib. Biz isə möcüzə axtarırıq göylərdə, uzaqlarda, başqalarında… Amma bilmirik ki, möcüzə yaşadığımız bu anın özüdür.
Bəzən bir xəstə nəfəs almağı arzulayır, biz isə tənəffüsün dəyərini unuduruq. Bəzən bir yoxsul bir parça çörək üçün dua edir, biz isə süfrədəki bolluğa biganə qalırıq. Bəzən bir tənha sevginin istiliyini arzulayır, biz isə sahib olduqlarımızı dəyərsiz görürük.
Həyat, bəlkə də, bizə hər gün eyni dərsi təkrarlayır: “Sahib olduğun anda onu dəyərləndir”. Çünki bu an bir daha gəlməyəcək. Heç bir sabah bu günün yerini tutmayacaq, heç bir “bəlkə” bu “indi”nin qüdrətini daşıya bilməyəcək. Keçmiş artıq daşlaşmış bir hekayədir, gələcək isə hələ doğulmamış xəyaldır. Bəs niyə biz daim ya keçmişə baxırıq, ya da gələcəyin pəncərəsindən boylanırıq? Bəlkə, ona görə ki “indi”ni yaşamaq cəsarət tələb edir.
Unutma, həyat bizə səssizcə pıçıldayır: “Məni indi yaşa, çünki sabahın da, dünənin də adı mənəm…”



