ABŞ Konqresinin bir qrup nümayəndəsi Türkiyənin Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyində müdafiə və enerji təhlükəsizliyi məsələlərini müzakirə edib. Nümayəndə heyətinə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers rəhbərlik edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə danışıqlar zamanı, xüsusilə, Ankaraya F-16 döyüş təyyarələri və onlar üçün modernizasiya dəstlərinin satışı, eləcə də Türkiyəyə qarşı qoyulan məhdudiyyətlərin götürülməsi və texnoloji avadanlıqların alınmasına dair müzakirələr aparılıb. Türkiyə tərəfi ABŞ rəsmilərinə Ankaranın azad ediləcəyini gözlədiyi Konqres tərəfindən bloklanan müdafiə mallarının siyahısını təqdim edib.
Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Konqresin nümayəndə heyəti departamentə səfəri zamanı enerji, enerji təhlükəsizliyi və Türkiyə ilə ABŞ arasında strateji əlaqələr çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Ankaradakı təmaslar zamanı həmçinin Rusiya-Ukrayna münaqişəsi, İŞİD terror qruplaşması ilə mübarizə ilə bağlı məsələlər, xüsusən də Moskva vilayətində baş vermiş son terror aktı fonunda müzakirələr aparılıb.
“CNN Türk” əlavə edib ki, Konqres üzvləri regional tur edir. Türkiyəyə gəlməzdən əvvəl Səudiyyə Ərəbistanı və Özbəkistanda olublar.