Xəbərlər

Ankarada “Bir dam altında min rəng” festivalında Azərbaycan milli stendlə təmsil olunub

Ankarada fəaliyyət göstərən Gökkuşağı Məktəbində “Beynəlxalq çətir günü: Bir dam altında min rəng” adlı beynəlxalq mədəniyyət festivalı keçirilib.

“Füyuzat“ AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın məqsədi şagirdlərdə mədəni müxtəlifliyə hörmət hissini formalaşdırmaq, onların dünya görüşünü genişləndirmək və fərqli ölkələrin tarixi, mədəni irsi və milli dəyərləri ilə tanış etməkdən ibarət olub.

Tədbir çərçivəsində məktəbin konfrans zalında diplomatik nümayəndəliklərin əməkdaşları iştirak edərək öz ölkələri haqqında qısa məlumatlar təqdim ediblər. Təqdimatlar şagirdlər tərəfindən maraqla qarşılanıb və onların beynəlxalq mədəniyyətlər barədə biliklərinin artırılmasına töhfə verib.

Festival zamanı Azərbaycan, Türkiyə, Pakistan, Banqladeş, Şri-Lanka, Sudan, Qvatemala, İraq və Butan öz milli stendləri ilə təmsil olunublar.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi festivalda iştirak edərək Azərbaycan milli stendini qurub. Stenddə ölkənin milli mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi irsi və milli musiqi alətləri əks etdirən materiallar nümayiş etdirilib. Şagirdlər və valideynlər Azərbaycan milli mədəniyyəti ilə yaxından tanış olub, ölkənin tarixi və mədəni irsi haqqında geniş məlumat əldə ediblər.

Festival çərçivəsində digər ölkələrin stendlərində də milli geyimlər, ənənəvi əşyalar və mədəni materiallar nümayiş olunub. Tədbir iştirakçılarına hər ölkənin mədəni dəyərlərini, tarixini və turizm imkanlarını əks etdirən təqdimatlar təqdim edilib. Bu fəaliyyətlər şagirdlərin multikultural biliklərinin artırılmasına və müxtəlif ölkələr haqqında praktiki məlumat əldə etmələrinə imkan yaradıb.

“Bir dam altında min rəng” festivalının şagirdlər arasında multikultural dəyərlərin təşviqinə, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın güclənməsinə mühüm töhfə verdiyi bildirilib.

Gökkuşağı Məktəbinin rəhbərliyi, tədbirin təşkilatçıları və diplomatik nümayəndəliklərin əməkdaşları bu cür mədəni layihələrin şagirdlərin yalnız akademik deyil, həm də mədəni və qlobal düşüncə tərzinin formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıblar. Tədbirin hər il davam etdiriləcəyi bildirilib.