Xəbərlər

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası təqdim olunub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb.

“Füyuzat ” xəbər verir ki, markanın təqdimat mərasimi bu gün Azərbaycan Milli Tarix Muzeyində keçirilib.

Təqdimat çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib. Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.

Poçt markasının dövriyyəyə buraxılışı AZAL və “Azərpoçt” MMC-nin birgə təşəbbüsüdür və Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr edilib. Layihə faciə qurbanlarının əziz xatirəsinə ehtiram ifadə etməklə yanaşı, ekstremal şəraitdə peşəkar, koordinasiyalı və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.