Sankt-Peterburq–Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Azərbaycanın paytaxtına yola salınıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Pulkovo” hava limanında uçuş zolağından kənara çıxan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə saat 9:43-də (Bakı vaxtılə 10.43-də) Bakıya yola düşüblər”, – mətbuat xidməti bildirib.
Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.
Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən, Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo Hava Limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.
Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.
“AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo Hava Limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir”, – aviaşirkətdən bildirilib.



